» » Görmə əngəlli yazıçı: Qızımın cizgilərini əzbərləyirdim ki, kimə oxşadığını təxmin edim

Görmə əngəlli yazıçı: Qızımın cizgilərini əzbərləyirdim ki, kimə oxşadığını təxmin edim

Müəllif: Səma Zərdablı
//
Tarix: 30 aprel 2019
//
Bölmə: Ədəbiyyat
 Görmə əngəlli yazıçı: Qızımın cizgilərini əzbərləyirdim ki, kimə oxşadığını təxmin edim


Hər gün yüzlərlə insan ətrafımızdan keçib gedir. Qeyri-ixtiyari yanından ötüb getdiyiniz insanların həyat hekayəsi isə ağlınıza belə gəlməz. Bəzən elə insanlara rast gəlirik ki, onlar görmədikləri mənzərəni gözlə görünəndən qat-qat daha yaxşı təsvir edə bilirlər.
Bəzən elə musiqilər dinləyirik ki, onu bəstələyən şəxsin eşitmə əngəlli olduğunu biləndə, təəccübümüzü gizlədə bilmirik. Bəlkə də bu, həyatın bir paradoksudur. Bu gün sizinlə tanış edəcəyimiz şəxs isə 6 yaşından görmə qabiliyyətini itirən, lakin həyata baxışını qətiyyən dəyişməyən yazıçı, birinci qrup əlil Eldar Şəmsiyevdir.
O deyir ki, insanlar onsuz da görmək istədiklərini görürsə, gözlər də öz əhəmiyyəti itirməyə başlayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, birinci qrup əlil Eldar Şəmsiyev 1967-ci ildə, fevralın 26-da Qazax rayonunda anadan olub. Uşaq yaşlarından rəsmə marağı olub. Deyir ki, uşaqlar çıxıb həyətdə oynayanda, o, evdə rəsm çəkirmiş. Sonra bədbəxt hadisə nəticəsində gözlərinin nurunu itirib. Buna baxmayaraq
Hətta musiqi məktəbinə belə gedib. Müalicələri ilə əlaqədar ibtidai təhsilinə də gec, 10 yaşında başlayıb. Görmə məhdudiyyətli və zəif görənlər üçün xüsusi tam orta internat məktəbində təhsil alıb. 12 illik təhsil müddətindən sonra 22 yaşında orta məktəbi bitirib və Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub.
Oxu.Az Eldar Şəmsiyevlə müsahibəni təqdim edir:
- Necə oldu ki, görmə qabiliyyətinizi itirdiniz?
- Dörd-beş yaşım olardı, qardaşımla evdə tək qalmışdıq. Anam su gətirməyə getmişdi. Atam güləşçi idi. Bizə də hərdən güləşmək öyrədirdi. Qardaşımla güləşməyə başladıq. Məni yıxdı. O vaxt kənd yerində ayağı dəmirli çarpayılar vardı. Yıxılanda başım çarpayının ayğına dəydi. Dəmir bucaqlar isə sol gözümü əzdi.
Həkimlərə getdik, müalicə etdik amma xeyri olmadı. O vaxt indiki kimi texnoloji avadanlıqlar yox idi. Həkimlər yüngül müalicə yazdı. Gözümə qan yığılmışdı, o çəkildi. Daha sonra heç nə olmadığını dedilər. Amma əslində gözün kökü zədələnibmiş və 6 ay ərzində görmə qabiliyyətim yavaş-yavaş itdi.
Bir gözüm tamam tutulandan sonra o biri gözüm nisbətən kölgələri, işığı seçə bilirdi. Amma həyatın işinə bax ki, eyni gözümdən daha bir zədə aldım. Məktəbdə sinif yoldaşımla mübahisə edərkən sol gözümə yumuruq atdı və əlimizdə olan son ümid də yox oldu. O zərbədən sonra gözlərimin nurunu təmiz və sonsuzadək itirdim. Bakıdan Moskvaya göndəriş almaq üçün çox çalışmışdıq. Amma nəsib olmadı. Gözlərimə katarakta diaqnozu qoydular və beləcə həyatımla barışmalı oldum.
- Hadisədən sonra qardaşınızla münasibətləriniz necə oldu?
- Əlbəttə ki, yaxşı. Qardaşım məndən iki yaş böyükdür. Bu bədbəxt hadisə idi. O da istəməzdi belə bir şey olsun. Mən heç vaxt bu məsələ ilə bağlı kimisə günahlandırmamışam. Anam çox narahat oldu. Həmişə deyərdi ki, az rəsm çək, bir az çıx havaya, uşaqlarla oyna. Amma 13 yaşımdan sonra artıq rəsm çəkə bilmədim. Bu isə anama çox pis təsir edirdi.
O mənim çəkdiyim bütün rəsmləri bizdən gizli bu günə qədər qoruyub saxlamışdı. Nədənsə bir müddət əvvəl rəsmləri atdığını dedi. Qardaşıma deyib ki, Eldarın çəkdiyi rəsmlərə baxanda ürəyimin ağrısına dözə bilmirəm.
- Əksər hallarda bədbəxt hadisə ilə üzləşən insanlar həvəsdən düşür. Siz isə universiteti bitirdikdən sonra, hətta müəllim kimi çalışmısınız. İki kitab müəllifisiniz. Təhsil sahəsində çətinlikləriniz olurdumu?
- Təhsil almaq üçün həvəsli idim. Çalışırdım ki, oxuyum. Ümumiyyətlə, beş yaşımdan anam mənə kitablar oxuyardı. Mən beş yaşımda Koroğlu dastanını əzbərləmişdim. Anam o qədər şeirlər oxuyurdu ki, ruhum dincəlirdi.
İnternat məktəbində əsas dərs saatlarından sonra tərbiyə saatları olurdu. Amma əngəllilər üçün xüsusi dərs vəsaitləri yox idi. Biz oxuya bilmirdik. Müəllimlər hər dərsi bir dəfə başdan sona oxuyurdu. Nə yadımızda qaldısa, onunla kifayətlənməli idik.

Universitetə qəbul olmaq üçün çox əziyyət çəkmişəm. Gözlərim bu vəziyyətdə olmasaydı, rəssamlıq və ya heykəltəraşlıq sahəsi üzrə təhsil alacaqdım.
- Necə oldu kitab yazmağa başladınız?
- Mənim “Sən ən gözəl şeirsən” adlı ilk kitabım 1999-cı ildə çap olunub. Həmin kitabım çap olunan zaman ölməz şairimiz Nüsrət Kəsəmənli ilə danışdım. Mənə dedi ki, kitabını oxuyacağam. Əgər bəyənsəm, öz söz yazacağam, bəyənməsəm yox. Şeirlərimi oxuyub və kitabıma “Duyğuların gözü ilə” adlı ön söz yazmışdı.
İkinci kitabım isə “Məni xəfif əsən yellərdən soruş” adlanır.
- Eldar bəy, belə bir deyim var ki, görməyən insanlarda digər duyğu orqanları daha aktiv inkişaf edir.
- Bəli, elədir. 13 yaşımdan görmə qabiliyyətimi təmiz itirmişəm. Ondan sonra eşitmə orqanları aktivləşir. İnsan görməsə də, eşidir. Əl hissiyyatı elədir ki, internat məktəbinə gedəndən sonra formalaşır. Təbii ki, insandan-insana fərq var. Elə adamlar var ki, hissiyyatı zəifdir və ona çox çətindir. Mən səssizlikdə belə qarşımda boşluğun və ya divarın olduğunu hiss edə bilirəm.
Özüm tək gəzə bilirəm. Hərdən insanların xoş olmayan sözlərini eşidirəm, amma fikir vermirəm. Əcnəbi vətəndaşlar məni görəndə dərhal yaxınlaşıb köməklik etmək istəyir. Öz vətəndaşlarımızdan da belə münasibət görürəm, amma təəssüf ki, çox az.
- Həm də ailəlisiniz.
- Əslində mən tələbə olanda bir xanımı sevirdim. Lakin vəziyyətimlə əlaqədar bu barədə ona heç nə demirdim. Uzun müddət düşündüm və qərara gəldim ki, o mənə müsbət cavab verməz. Sonra indiki xanımımla tanış olanda düşündüm ki, həqiqətən də düzgün seçim etmişəm.

Sözün düzünə qalsa, sağlam adamla əlil insanın münasibəti bir yerdən sonra yora bilər. Dildə deməsə də, ürəkdə mütləq insan bezib, deyinir. 30 yaşımda ailə qurmuşam. Yoldaşım özü də əllilliyi olan xanımdır. Bir-birimizi başa düşürük, xoşbəxtik. Bir gözəl qızımız var. İqtisadiyyat üzrə təhsil alır, dördüncü kurs tələbəsidir.
- Heç düşünürsünüzmü ki, qızınız kimə bənzəyir?
- Bu sual məni hər zaman düşündürür. Qızım balaca olanda əllərimi onun üzündə, gözündə gəzdirirdim. Üz cizgilərini əzbərləmək, təxmin etmək üçün. Lakin insanın görməsi ilə duyması birəbir eyni ola bilməz. Təxmin edirəm, amma dəqiq deyə bilmirəm. Amma sualınızla çox kövrək məqamlara toxundunuz.
- Sizi yaradıcılığa nə ilhamlandırır?
- Bakının ortasında yaşasaq da, baharın gəlişini duya bilmirsən. Amma rayon yerində daha yaxşıdır. İnsan yaradıcılığa ruhlanır. Rayonda baharın gəlişini, yeni cücərən otların qoxusunu duyaraq, ilhamlanırsan.
Həm rəsm çəkmək, həm də o duyduğun hissləri sözlərə tökərək şeir yazmaq olar. Bəzən hətta elə bir qoxu duyursan, elə bir musiqi eşidirsən ki, qeyri-ixtiyari kövrəlirsən.
- Bəzən əlilliyi olan gənclər özünə qapanır, həyatdan küsür. Onlara nə tövsiyə edərdiniz?
- Həyat davam edir, qoçaq... Bir dostum hər zaman mənə belə deyirdi. Məni bu söz bu günlərə qədər gətirib. Nə olursa olsun, həyat davam edir. Görməzsiniz, amma duyarsınız, eşitməssiniz, amma dodaqlardan oxuyarsınız. Bu həyatda ölümdən başqa hər şeyə çarə var.
Həyat qarşıdadır. İnsan gərək özü üçün əlindən gələn hər şeyi etsin. Sağlam olsan da, olmasan da. Bu həyatda hər şey nisbidir. Baş verən bütün
 Görmə əngəlli yazıçı: Qızımın cizgilərini əzbərləyirdim ki, kimə oxşadığını təxmin edim
dəyişikliklər yaxşılığa doğrudur.
banner125x125 banner125x125