» » DAŞKƏNDDƏ YAZIÇI YUNUS OĞUZUN “OVÇU” ROMANININ TƏQDİMATI OLUB

DAŞKƏNDDƏ YAZIÇI YUNUS OĞUZUN “OVÇU” ROMANININ TƏQDİMATI OLUB

Müəllif: Səma Zərdablı
//
Tarix: 18 iyun 2019
//
Bölmə: Ədəbiyyat
DAŞKƏNDDƏ YAZIÇI YUNUS OĞUZUN “OVÇU” ROMANININ TƏQDİMATI OLUB


Yunus Oğuza Özbəkistanın “Turan” Akademiyasının akademiki seçilməsi ilə bağlı vəsiqə və döş nişanı təqdim olunub
Daşkənddə yazıçı Yunus Oğuzun “Ovçu” romanının təqdimatı ilə Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nə yekun vurulub.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə baş tutan tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, soydaşlarımız, jurnalistlər iştirak edib.
AMM-nin direktoru Samir Abbasov qonaqları salamlayaraq dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, milli mədəniyyətimizin tanıdılması və təbliğinə yönəlmiş bu cür tədbirlərin əhəmiyyətindən danışıb. O, Mədəniyyət Mərkəzinin layihəsi ilə mədəniyyət və ədəbiyyat günləri çərçivəsində 2 konsert proqramının, dəb sərgisinin, 2 kitab təqdimatının keçirildiyini qeyd edib. S.Abbasov Daşkənddəki aparıcı kitabxanalara ölkəmizə dair zəngin kitab kolleksiyasının bağışlandığını, keçirilən tədbirlərdə “Azərbaycan, sənsən mənim ülviyyətim” adlı kitab, milli mədəniyyətimizi özündə əks etdirən suvenirlər, maddi-mədəniyyət nümunələrinin sərgisinin keçirildiyini qeyd edib.
O, Yunus Oğuzun yaradıcılığı haqqında danışıb, 2016-cı il Aprel hadisələrinə həsr olunan və Daşkənddə özbək dilində çap edilən “Ovçu” romanını yüksək qiymətləndirib. Samir Abbasov Aprel zəfərinin qəhrəmanları, xüsusən polkovnik Murad Mirzəyev və onun döyüş yoldaşlarının həyat yolundan bəhs edən əsərin xalqımızın qəhrəmanlıq hislərinin yüksəldilməsinə öz töhfəsini verdiyini bildirib.
Çıxış edənlər Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”ni yüksək qiymətləndirib, məhz Mədəniyyət Mərkəzinin layihəsi ilə həm milli mədəniyyətimizə, həm də ədəbiyyatımıza dair çoxsaylı tədbirlər, layihələr vasitəsi ilə geniş məlumatlandırma və təbliğat işlərinin həyata keçirildiyini vurğulayıblar.
Filoloq alim Nurbay Cabbarov Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında danışıb, müasir dövrdə də bu əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. O, Yunus Oğuzun əsərləri haqqında söhbət açıb, özbək dilində də çap edilən “Əmir Teymur” əsərinə yüksək qiymət verib.

Kitabın tərcüməçisi, filoloq alim Gülbahar Aşurova qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazılan “Ovçu” romanında yaradılan obrazların gənclərimiz üçün bir nümunə olduğunu qeyd edib, kitabın təbliğinin gənclərin vətənpərvərlik ruhunun inkişafında müsbət rol oynayacağını söyləyib.
Babaxan Şərif, Bürabiya Racabova, Xaydarbek Bababekov Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələr, tarixi dostluq münasibətləri haqqında məlumat verib, belə əsərlərin yayılmasına və təbliğinə geniş ehtiyac olduğunu qeyd ediblər.
Yunus Oğuz çıxışında “Ovçu” romanı haqqında fikirlərini bölüşüb, əsərin yaranması, onun yazılması ilə bağlı xatirələrini danışıb, romanın müasir tariximizə bağlı yazdığı ilk əsər olduğunu qeyd edib. O, gələcəkdə də torpaqlarımızın azadlığı, Qarabağ uğrunda savaşan əsgər və zabitlərimizin şərəfli döyüş yolu haqqında əsərlər yazmaq niyyətində olduğunu qeyd edib.
Sonda türk tarixinin araşdırılması sahəsindəki xidmətlərinə görə Yunus Oğuza Özbəkistanın “Turan” Akademiyasının akademiki seçilməsi ilə bağlı vəsiqə və döş nişanı təqdim olunub.
Sonra “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin bağlanışı münasibətilə bədii proqram təqdim olunub.
Konsertdə AMM-nin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri, həmçinin özbək və tacik xalqlarının nümayəndələri öz xalqlarının rəqslərini və musiqi nömrələri ifa ediblər.
banner125x125 banner125x125