Qarsın bələdiyyə sədri ilə xalauşaqlarıyıq - AZƏRBAYCANLI JURNALİST YAZDI
Ermənilərin zaman-zaman türklərə qarşı həyata keçirdikləri soyqırımı siyasəti təkcə ata-baba torpaqlarımızın deyil, həm də qanı-qanımızdan, canı-canımızdan olan doğmalarımızın itirilməsi ilə nəticələnib.
Martın 30-da qardaş Türkiyədə keçirilən bələdiyyə seçkilərində Qars vilayətindən Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədi olan Murtaza Karaçantanın bələdiyyə sədri seçilməsi bu soyad üzərində düşünməyə əsas verirdi.
Bir qədər əvvəldən başlayaq
Öncə onu deyək ki, Murtaza Karaçanta Qərbi Azərbaycan əsillidir. Ağbaba-Şörəyel mahalının (Amasiya rayonu) Qaraçanta kəndindəndir. Yəni Cənub-Qərbi Qafqazda Ələyəz (Alagöz) dağının ətəklərindən tutmuş Arpaçay boyunca uzanan və Arpa gölünün ətrafını əhatə edən ərazinin dağlıq hissəsi Ağbaba, aran hissəsi isə Şörəyel adlanır.
İndiki Ermənistanın ərazisində qalan, sonralar Amasiya rayonu adlandırılan Ağbaba Qərbdən Çıldır, Şimaldan Axılkələk və Şərqdən Qızılqoç (Qukasyan) rayonu ilə əhatə olunmuş dağlıq ərazidir.
AMEA-nın elmi işçisi Nazim Mustafanın uzun illər apardığı tədqiqatlardan bəlli olur ki, Arpaçay Şörəyelin özünü iki hissəyə ayırır. Qars vilayəti ərazisində qalan hissə Qərbi Şörəyel, bir hissəsi indiki Ermənistan ərazisində qalan ərazi isə Şərqi Şörəyel adlanır.
1918-ci ilədək 39 kəndi özündə birləşdirən və Qars vilayətinin tərkibində olan Ağbaba nahiyəsinin ərazisinin böyük bir qismi əvvəlcə Gümrü (1920), sonra isə Moskva və Qars (1921) müqavilələrinə əsasən, Ermənistanın tərkibinə qatılıb.
1930-cu il sentyabrın 30-da Ağbaba nahiyəsinin əsasında Amasiya rayonu təşkil edilib. 1924-1989-cu illərdə Ağbaba nahiyəsində və Amasiya rayonunda Partiya Komitəsinin 14 birinci katibindən 10 nəfərinin türk, yalnız 4 nəfərinin erməni, İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyənlərin 8 nəfərinin türk olması və nəticə etibarilə 70-ci illərdə əhalinin 84 faizinin türklər, 15 faizinin ermənilər, yalnız 1 faizinin digər millətlərin nümayəndələrinin təşkil etməsi ermənilərin ciddi narahatlığına səbəb olub.
Zori Balayan: «Fikirləşib, ciddi tədbir görmək lazımdır»
Tədqiqatçı Nazim Mustafanın yazdığına görə, Ermənistanın Rusiyaya birləşdirilməsinin 150 illiyi ərəfəsində-1978-ci ildə «Ocaq» kitabını yazmaq üçün materiallar toplamaq məqsədilə Amasiyaya gələn Zori Balayan rayonun ərazisni gəzdikdən sonra ermənilərin sayının azlığından narahat olaraq deyir: «Fikirləşib, ciddi tədbir görmək lazımdır». Tədbir də görülür. Azərbaycanlı kadrlar sıxışdırılıb çıxarılır, cinayət məsuliyyətlərinə cəlb edilir, müxtəlif yerlərdə ali təhsil almış gənclər sərhəd zonasında pasport rejimi qaydalarını bəhanə edərək qeydiyyata götürülmür və bu kimi səbəblərə görə 80-ci illərdə yüzlərlə gənc türk ailəsi məcburiyyət qarşısında qalıb Şimali Qafqaza və Qazaxstana köç edirlər.
1987-ci ilin əvvəllərində rayonun 21 min nəfərlik əhalisindən təqribən 18 min nəfərini türklər təşkil edib. Belə ki, 27 kənddən 21-də sırf türklər, 5 kənddə ermənilər, rayon mərkəzində isə türklərlə ermənilər qarışıq yaşayıblar. Təmiz türklərin yaşadığı kəndlərdən biri də 1929-1932-ci illər arası Türkiyədə sığınacaq tapan və artıq Qarsın bələdiyyə başqanı olan Murtaza Qaraçanta nəslinin doğma Qaraçanta kəndi olub. Oğuz yurdu Qaraçanta Öncə Qaraçalma, Qaraçəntey, sonralar isə Qaraçanta adlandırılan bu kəndin adının haradan götürüldyü haqda dəqiq məlumat yoxdur. Qaraçanta adı ətrafında bəzi versiyalar səslənsə də, bunlar heç bir qaynağa əsaslanmır.
Lakin şübhəsizdir ki, kəndin adında olan «qara» sözü rəng mənası bildirmir. Bu söz, eramızdan əvvəl 7-ci yüzillikdə yaradılmış qədim türk dastanlarından olan «Yaradılış» dastanının baş qəhrəmanı Qara xan, yaşı 1500 ildən çox olan «Kitabi-Dədə Qorqud» dastanının qəhrəmanlarından Qaraca Çoban, nağıl qəhrəmanı Qara Pəhləvan və bir sıra digər adlarla həmahəng olub, igid, cəsur, mərd, məğlubedilməz mənasını verir. Qaraçanta kədi sonacan adını qoruyub saxlaya bilməyib və Murtaza Karaçanta ailəsinin köçündən bir qədər sonra, 1939-cu il may ayının 4-də inqilabçı bolşevik Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adlandırılıb. Qaraçantda 600 ev, 314 ailə, 1750 nəfərdən ibarət olan kəndin məktəbinin tipi orta, şagirdlərin sayı 500 olub. Dini-ruhani dərslərin keçirildiyi kənddə dünyəvi dərslərin əsası 1927-ci ildə qoyulub.
1938-ci ildə 7 illik məktəb açılıb, 1962-ci ildən isə orta məktəbə çevrilib. Qarsla sərhəddə yerləşən Qaraçantanın qışı olduqca soyuq, yayı mülayimdir. «Duz dağ», «Qapılı zağa», «Ömər dərəsi», «Arpa çayı», «Hülley dağ», «Orta təpə», «Üçgözlər», «Məmmədağa», «Daş dərə», «Göy bulaq», «Alməmmədlilərin bulağı» qaraçantalıların heç vaxt unutmayacaqları dağ, dərə, bulaq adlarıdır.
Murtaza Qaraçanta kimdir?
Murtaza Qaraçantanın ata babası Abbasqulu kişi xeyirxah əməlləri ilə bütün mahalda ad çıxardığına görə, hörmət əlaməti olaraq əhali tərəfindən «Abbas əmi» deyə çağırılıb. 30-cu illərdə kənddə kolxoz qurulan vaxt onun 6 yerdə mərəyi, 2 yerdə otlağı, min başa qədər ana qoyunu, bir o qədər toğlusu, quzusu, 30 boyun öküzü, camışı, yüzdən artıq iribuynuzlu qaramalı, inəyi olub.
Kolxozun qoyunçluq yerləşən tövlələri, pəyələri də ona məxsus olub. Abbasqulunun Haqverdi, Əliyar, Heydər, Bəxtiyar və Murtaza Qaraçantanın babası Allahyar adlı 5 oğlu olub.
Ötən əsrin 30-cu illərində Abbasqulu kişinin bütün var-dövləti əlindən alınıb, özü isə «kulak» adlandırılıb. Bundan sonra ailə Türkiyəyə, Qarsa üz tutub. Murtaza bəyin babası Allahyar kişi kəndin Süleymanlılar tayfasının qızı Kamala xanımla ailə həyatı qurub. Murtaza Karaçantanın nənəsi Kəmalə xanımla mənim anamın nənəsi Lala isə doğmaca bacıdır. Murtaza Karaçanta Allahyar bəy və Kəmalə xanımın övladları Duraz bəyin oğludur. Bir az da yaxınlaşdırsaq, xala uşaqları!!!
Karaçantalıların Türkiyə fəaliyyəti
Doğrusu, bu haqda məlumatımız azdır. Amma bildiyimiz odur ki, Haqverdiyev soyadlı bu nəsil Türkiyəyə köçdükdən sonra doğma kəndimizin adını soyad kimi ədəbiləşdiriblər. Amasiya və Qarsı yalnız iri məftillər ayırırdı. Qalan şey- milli-mənəvi dəyərələr, etnoqrafik ənənələr olduğu kimi qorunurdu.
Təbrik zəngimdə özümün də hiss etdiyim kimi... Söhbət əsnasında təmiz Qaraçanta ləhcəsini duymamaq olmurdu. Bundan başqa Murtaza bəyin öz soy-kökünü, adət-ənənələrimizi ailəsi ilə birgə necə qoruyub saxladığını açıq-aydın hiss etdim. Var olun, Murtaza bəy!!! Tezliklə görüşmək ümidi ilə…
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR