Məşhur atlet Bakıya gəlir
İyunun 23-də Dənizkənarı Bulvarda “Gənclərin Olimpiya və Sağlamlıq Festivalı” keçiriləcək.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Milli Olimpiya Komitəsi Gənclər və İdman Nazirliyi və “İnkişaf Naminə İdman” ictimai birliyi ilə birlikdə müasir Olimpiya hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 120 illiyini qeyd edəcək.
Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.
Builki tədbirin özünəməxsus cəhətlərindən biri festivalda əfsanəvi Olimpiyaçılardan hesab olunan Michael Johnsonun (Maykl Conson) iştirakıdır. Tədbirdə Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Olimpiyaçı və Paralimpiyaçılar, müxtəlif idman federasiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Festivalın fəxri qonaqları qismində 2014-cü ilin Milli Olimpiya səfirləri - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Fərid Mənsurov və əməkdar artist Tünzalə Ağayevanın da iştirakı gözlənilir.
Festival iştirakçıları kütləvi qaçışla yanaşı şən və inteqrasiyaslı idman fəaliyyətlərində, o cümlədən müxtəlif idman növlərində öz güclərini sınaya biləcəklər.
Festivalın proqramına idmanla yanaşı musiqili bədii-əyləncəli proqram da daxil edilib. İdman və əyləncəli yarış proqramlarında fəallıq göstərən iştirakçılar və qaliblər Beynəlxalq Olimpiya Komitəsinin diplomları, Milli Olimpiya Komitəsi, həmçinin Gənclər və İdman nazirliyinin hədiyyələri ilə mükafatlandırılacaqlar.
Qeyd edək ki, tədbir saat 19:00-da, Kukla Teatrının arxasında baş tutacaq.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR