» » Azərbaycanda festival havası: Avropa gəncləri Bakıya axışırlar

Azərbaycanda festival havası: Avropa gəncləri Bakıya axışırlar

Müəllif: Səma Zərdablı
//
Tarix: 19 iyul 2019
//
Bölmə: Mədəniyyət
   Azərbaycanda festival havası: Avropa gəncləri Bakıya axışırlar




Azərbaycan 21 – 27 iyulda daha bir mötəbər yarışa – Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edəcək.
Qafqazpress.az məlumatına görə, 1991-ci ildə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən təsis edilən Avropa Gənclər Olimpiya Festivalı (EYOF) Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bayrağı altında keçirilir. Festival ilk dəfə Belçikanın paytaxtı Brüsseldə təşkil olunub.
İki ildən bir reallaşan EYOF 1993-cü ildən etibarən ildə 2 dəfə - yay və qış formatında olur. Brüsseldən sonra Avropa Gənclər Yay Olimpiya Festivalına Valkensvaard (Hollandiya), Bat (Böyük Britaniya), Lissabon (Portuqaliya), Esbyerq (Danimarka), Mursiya (İspaniya), Paris (Fransa), Linyano-Sabbyadoro (İtaliya), Belqrad (Serbiya), Tampere (Finlandiya), Trabzon (Türkiyə), Utrext (Hollandiya), Tbilisi (Gürcüstan) və Qyor (Macarıstan) şəhərləri ev sahibliyi edib. 2021-ci il üçün bu hüquq Koşitseyə (Slovakiya) verilib. İki il sonra isə festivalı Koper (Sloveniya) təşkil edəcək.
Bu il Avropa Gənclər Qış Olimpiya Festivalı Bosniya və Herseqovinanın paytaxtı Sarayevo və İstoçno-Sarayevoda keçirilib. Daha öncə isə Aosta (İtaliya), Andorra-la-Velya (Andorra), Sundsvall (İsveç), Poprad (Slovakiya), Vuokatti (Finlandiya), Bled (Sloveniya), Monte (İsveçrə), Xaka (İspaniya), Yuxarı Sileziya (Polşa), Liberets (Çexiya), Braşov (Rumıniya), Forarlberq - Vaduts (Avstriya və Lixtenşteyn) və Ərzurum (Türkiyə) ev sahibi olub. Vuokatti 2021-ci idə yenidən təşkilatçı rolunda çıxış edəcək. Ondan sonra estafeti Friuli - Venesiya-Culiya (İtaliya) davam etdirəcək.
Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanda daxil olmaqla 48 ölkənin - Albaniya, Almaniya, Andorra, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İrlandiya, İslandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, İsrail, Kipr, Kosovo, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Şimali Makedoniya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Xorvatiya və Yunanıstan idmançıları mübarizə aparacaqlar.
Azərbaycan millisi festivalda 122 idmançı ilə təmsil olunacaq. 14 – 18 yaşlı atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Ümumilikdə 135 dəst medal sahibini tapacaq. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. Atletlər kəndində məskunlaşacaq qonaqların ümumi sayı 3900 nəfər olacaq.
Yarışlar Tofiq Bəhramov adına Respublika Stadionu (atletika), Milli Gimnastika Arenası (bədii gimnastika), Bakı İdman Sarayı (həndbol), Bakı Tennis Akademiyası (tennis), Su İdman Sarayı (üzgüçülük), Sərhədçı Arena (basketbol), ABU Arena (həndbol), Dərnəgül Arena (voleybol), Avropa Azərbaycan Məktəbi (basketbol), FHN İdman Arenası (voleybol), Velopark (velosiped) və Heydər Əliyev Arenasında (cüdo, güləş) keçiriləcək.
Festival zamanı polis, Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” gücləndirilmiş rejimdə çalışacaq. Həmçinin 41 Təcili Tibbi Yardım briqadası növbə çəkəcək.
Festival üçün satışa çıxarılan 146 min bilet tükənmək üzrədir. Biletləri “Park Bulvar”, “Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində yerləşən 12 bilet satışı məntəqəsindən əldə etmək olar. Açılış mərasiminə bir biletin qiyməti 10 - 15 manat, bağlanış mərasiminə isə 5 - 10 manatdır. Hər iki mərasim Bakı Kristal Zalında keçiriləcək. Bütün idman yarışlarına biletlərin pulsuz olmasına baxmayaraq, idman arenalarına giriş yalnız əvvəlcədən əldə olunmuş biletlər vasitəsilə mümkün olacaq. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etməklə 4 bilet ala bilər.
İyulun 21-də keçiriləcək açılış və 27-də isə reallaşacaq bağlanış mərasimlərinə rahat gediş-gəlişi təmin etmək məqsədi ilə bilet sahibləri və akkreditasiyaya malik şəxslər üçün xüsusi nəqliyyat vasitəsi ayrılacaq. “28 may” və “Elmlər Akademiyası” metro stansiyalarından Bakı Kristal Zalına pulsuz avtobuslar olacaq. Avtobuslar 17:00 – 01:00 aralığında xidmət göstərəcəklər.
Açılış və bağlanış mərasimləri saat 20:00-da start götürəcək. Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbirdir. Festivalın rəsmi şüarı belədir: “Zirvələrə hazırıq”.
Qeyd edək ki, Azərbaycan EYOF-da 1993-cü ildən təmsil olunmağa başlayıb. Həmin il Hollandiyanın Valkensvard şəhərindəki EYOF-da 43 ölkə mübarizə aparıb. Festivalda Azərbaycan komandası 1 qızıl, 2 gümüş medalla ümumi hesabda 17-ci yeri tutub. 1995-ci ildə Böyük Britaniyanın Bat şəhərində keçirilmiş növbəti EYOF-da cəmi 1 gümüş medal olubsa, 1997-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunmuş festivalda Azərbaycan ümumiyyətlə təmsil olunmayıb.
Dövlət başçısı İlham Əliyev həmin il MOK prezidenti seçildikdən sonra Azərbaycan idmançıları yenidən EYOF-da çıxış etməyə və medallar qazanmağa başlayıblar. 1999-cu ildə Danimarkanın Esbyerq şəhərində keçirilmiş festivalda 3 bürünc medal qazanılıb. 2001-ci ildə İspaniyanın Mursiya şəhərində 2 gümüş, 2 bürünc, 2003-cü ildə Fransanın paytaxtı Parisdə 2 gümüş, 1 bürünc, 2005-ci ildə İtaliyanın Linyano şəhərində 2 qızıl, 4 bürünc medal əldə olunub. Azərbaycan ən yüksək nailiyyətinə 2007-ci ildə Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş festivalda 7 qızıl medal qazanmaqla imza atıb. Həmin yarışda ölkəmiz ümumi komanda hesabında 6-cı yeri tutub.
2009-cu ildə Finlandiyanın Tampere şəhərində 3 qızıl, 1 gümüş, 1 bürünc, 2011-ci ildə Türkiyənin Trabzon şəhərində 1 qızıl, 2 gümüş, 2013-cü ildə Hollandiyanın Utrext şəhərində 2 qızıl, 1 bürünc, 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə 2 qızıl, 1 gümüş, 2 bürünc, 2017-ci ildə Macarıstanın Qyor şəhərində isə 1 gümüş, 1 bürünc medal qazanılıb.




banner125x125 banner125x125