Təhsil Nazirliyinin avtobusları
Təhsil Nazirliyi tərəfindən internat və idman məktəblərinə verilmiş avtobusların və ümumtəhsil məktəblərində müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş əmək kabinetlərinin təqdimat mərasimləri keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, 11 nömrəli internat və 26 nömrəli tam orta məktəblərə çoxsaylı KİV nümayəndələrinin mediaturu təşkil olunub.
Təqdimat mərasimlərində Təhsil Nazirliyinin nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
İlk öncə 11 nömrəli internat məktəbdə Təhsil Nazirliyinin tabeliyində olan müvafiq təhsil müəssisələri üçün alınmış 7 ədəd “Hyundai County” nəqliyyat vasitəsi təqdim olunub.
Nəzərə çatdırılıb ki, bu nəqliyyat vasitələrinin internat və idman məktəbləri şagirdlərinin ekskursiyaları, sərgi salonlarına və digər təhsil müəssisələrinə səfərləri zamanı istifadə olunması nəzərdə tutulub.
Sonra 26 nömrəli tam orta məktəbin əmək kabinetləri üçün alınmış avadanlıqların təqdimat mərasimi keçirilib.
İnternat və ümumtəhsil məktəbləri şagirdlərinin əmək kabinetlərində təşkil olunmuş inteqrativ dərsləri izlənilib. Həmçinin, qonaqlar şagirdlərin əmək kabinetlərində quraşdırılmış müasir avadanlıqlarla işləmək vərdişləri və yeni kabinetlərdəki dərs prosesi ilə yaxından tanış olublar.
Qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinin maddi-texniki təchizatının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülüb, paytaxtda 52 ümumtəhsil məktəbinin 104 əmək kabineti müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Ötən il 370 fizika, kimya və biologiya laboratoriyası müasir avadanlıqla təchiz edilib. Həmçinin, son 25 ildə ilk dəfə olaraq ilk peşə-ixtisas təhsili müəssisələrinə 11 təlim avtomobili verilib və 37 kənd təsərrüfatı texnikası sifariş edilib.
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bütün bu tədbirlər şagirdlərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, fiziki əməyə hörmət ruhunda tərbiyə olunması və onların tədris nailiyyətlərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR