» » Bakıda yeni binalarda mənzillərin qiyməti kəllə-çarxa qalxır

Bakıda yeni binalarda mənzillərin qiyməti kəllə-çarxa qalxır

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 aprel 2014
//
Bölmə: İqtisadiyyat
Bakıda yeni binalarda mənzillərin qiyməti kəllə-çarxa qalxır



Bakıdakı yeni binalarda mənzillərin qiyməti durmadan artır
Bakı şəhərinin daşınmaz əmlak bazarında ötən ildən davam edən qiymət artımı bu ilin ötən 3 ayı ərzində də davam edib.

Bakının daşınmaz əmlak və torpaq bazarını araşdıran “MBA Konsaltinq” şirkətindən APA-ya verilən məlumata görə, ilin ilk rübündə bazarda ümumi qiymət artımı 10,45% olduğu halda, mənzil bazarında 11,28%, ilkin yaşayış mənzil bazarında isə 5,85% müşahidə edilib. Qeyd edək ki, son 3 ildə davamlı qiymət artımı son aylarda bazarda aktivliyin azalması ilə nəticələnib.

Ümumilikdə Bakı şəhəri ilkin mənzil bazarında aktivlik mart ayında əvvəlki fevral ayı ilə müqayisədə 0,45% artsa da, ötən ilin müvafiq ayı ilə müqayisədə 9,33% azalıb. Bununla yanaşı, son aylar ilkin mənzil bazarının təklif portfelində azalmalar tələbin artımı və tikinti həcminin azalması ilə əlaqələndirilir. Hər ay olduğu kimi, ötən ay da bazarda struktur dəyişikliyi davam edib, nəticədə bazar indikatorlarında uyğun dəyişikliklər qeydə alınıb.

Hazırda ilkin mənzil bazarındakı aktivlik, qiymət indeksində özünü əks etdirib. İlkin yaşayış mənzil bazarında mart ayında aktivliyin artması, bazarda əqdlərin sayının artımının nəticəsi kimi baxmaq olar. Son illər üzrə qiymət indeksinin artımı müşahidə edilir ki, buna da səbəb bir tərəfdən paytaxtda söküntü prosesinin artması və digər tərəfdən isə tikintinin həcminin azalması nəticəsində ucuz mənzillərin təklif portfelində tədricən tükənməsi və nəticədə əvvəllər satılmayan (yüksək qiymətə bazara təklif edilən) mənzillərin təklif portfelində paylarının artmasıdır.

Bu ilin mart ayının sonuna Bakı şəhəri üzrə ilkin yaşayış mənzil bazarında araşdırılmaya məruz qalan iri çoxmənzilli yaşayış binaların sayı 111 ədəd, satışa təklif olunan mənzillərin sayı isə 619 ədəd olub. Bu ilin əvvəlindən ilkin yaşayış mənzil bazarının təklif portfeli strukturunda, o cümlədən, binaların keyfiyyət göstəricilərinə görə bölgüsündə və inzibati rayonların təklif portfelində pay bölgüsündə dəyişiklik davam edib. Bazarda təklifin həcmində ay üzrə artım, il üzrə isə azalma ilə yadda qalıb.

2013-cü il ərzində təklifin həcmində azalma tendensiyası, 2014-cü ilin əvvəlindən təklifin həcmində artımlar müşahidə olunur. Bu artıma səbəb kimi, bir sıra tikinti şirkətlərinin və investorların öz maliyyə problemlərinin həlli olaraq bazara əlavə (əsasən qiyməti 1500-4000 $/kv. m olan) mənzil çıxartmaları ilə bağlamaq olar. Artım, əsasən, bahalı mənzil bazarında müşahidə edilir.

Ay ərzində ucuz mənzillərin təklif portfelində azalmalar davam edib. Çoxmənzilli yaşayış binalarında təklif portfelinin azalması müvəqqəti xarakter daşıyır. Ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi şəhərin III zonasında mütləq çoxluq təşkil edirsə, villa və fərdi evlərin satış portfelində IV zona üstünlük təşkil edib. Yaranmış vəziyyət isə son nəticədə həm əhalinin sıxlığının bu zonada artmasına və həmçinin qiymətlərin yüksəlməsinə zəmin yaradır.

Məhz bu amil təklif portfelində də struktur yerdəyişmələrinə səbəb olur və təklif portfeli, həmçinin aktivlik tədricən şəhərin mərkəzindən uzaqlaşır. Hesabat ayı üzrə I və II zonalarda azalma, III və IV zonalarda isə artım qeydə alınıb. Şəhər üzrə iri yaşayış massivləri əsasən III zonada yerləşdiyindən, tikintinin həcmində bu zonanın payı da mütləq üstünlüyə malikdir.

Şəhər üzrə ümumi mənzil bazarında orta qiymət mart ayı ərzində 0,91%, 2013-cü ilin müvafiq ayına nəzərən isə 29,66%, ilkin mənzil bazarında isə uyğun olaraq 2,54% və 32,7% artaraq 1213 $/kv. m olub. Bazarda satış qiymətləri son 1 il ərzində artıma meyllidir. Qiymətlərin artım tempi ətraf region paytaxt şəhərlərində daşınmaz əmlakın qiymət artımına, bazarda pul kütləsinin və əhalinin gəlirlərinin artım tempinə uyğundur.

İlkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətləri son 1 ildə artımla yadda qalıb. Mart ayında ilkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətinin nisbətən artması bazadakı aktivliyin artımı ilə bağlı olub. Köhnə tikililərin sökülmə riskləri son nəticədə yeni tikililərdə qeyri-yaşayış sahələrinə tələbin artımı ilə nəticələnir.

Əvvəlki ildən fərqli olaraq 2014-cü ilin əvvəlindən “elit” mənzillərin qiymətlərində artım müşahidə edilib. “Elit” mənzillərə qiymət artımı şəhərin II zonası olan Yasamal, Səbail və Nəsimi rayonlarında daha çox hiss edilir.

Yaranmış vəziyyət və aparılan müşahidələr onu deməyə əsas verir ki, bu ilin mart ayında bazarda qiymət artımına ötən ilin davamı kimi baxmaq olar. Ucuz mənzillər üzrə təklif portfelinin imkanları tədricən tükənir.





QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125