» » Nazir ali məktəblərdə maliyyə işçilərinin peşəkarlığından narazılıq etdi

Nazir ali məktəblərdə maliyyə işçilərinin peşəkarlığından narazılıq etdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 27 iyun 2014
//
Bölmə: İqtisadiyyat
Nazir ali məktəblərdə maliyyə işçilərinin peşəkarlığından narazılıq etdi


"Bir çox ali təhsil müəssisələrində mühasibatlıqla məşğul olan şəxslərin kifayət qədər hazırlığı yoxdur"
Trend xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Bakıda "Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin ilkin nəticələri və təhsil sistemində FARABİ layihəsinin tətbiqinin vəziyyəti və perspektivləri" mövzusunda keçirilən təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, büdcədən maliyyələşmə ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyub və səlahiyyətlər artdıqca onların məsuliyyəti daha da artıb: "Ali təhsil müəssisələrinin rəhbərliyinin sərəncamında böyük vəsaitlər mövcuddur. Bu vəsaitlər üzərində əvvəllər olduğu kimi dövlət xəzinədarlığı tərəfindən nəzarət yoxdur. Beləliklə, bu nəzarət məhz bu ali təhsil müəssisələri tərəfindən həyata keçirilməlidir. Burada metodoloji, mənəvi, kadr məsələləri baxımından həm Təhsil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən dəstəyə ehtiyac duyulur. Hesab edirik ki, bir çox ali təhsil müəssisələrində mühasibatlıqla məşğul olan şəxslərin kifayət qədər hazırlığı yoxdur. Yeni sistemdə onlar özlərini o qədər də yaxşı hiss etmirlər. Maliyyə Nazirliyi tərəfindən bu mütəxəssislər üçün yenidənhazırlama kursları təşkil edilməlidir. Maliyyə Nazirliyində mühasibatlıq üzrə xüsusi mərkəz fəaliyyət göstərir. Bu sahədə çalışanlar yenidənhazırlanmadan sonra xüsusi imtahan verib, attestat alıb sonra bu fəaliyyətlə məşğul olmalıdırlar. Çünki söhbət böyük vəsaitlərin idarə olunmasından gedir".

Nazir qeyd edib ki, büdcəsi böyük olan ali təhsil müəssisələrində təkcə baş mühasib vəsifəsi deyil, eyni zamanda maliyyə məsələləri üzrə yüksək vəzifəli inzibati işçi olmalıdır: "Prorektor səviyyəsində buna ehtiyac duyulur. Çünki söhbət xərclərdən getmir, eyni zamanda daha çox gəlirlərin əldə edilməsindən gedir".



QafqazPRESS.az
banner125x125 banner125x125