» » Cahangir Əsgərov üçün çətin məsələ

Cahangir Əsgərov üçün çətin məsələ

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 iyun 2014
//
Bölmə: İqtisadiyyat
Cahangir Əsgərov üçün çətin məsələ


Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) iki yerli hava yolları şirkətinə Krımın Simferepol şəhərindən Türkiyə, Ermənistan və Azərbaycana reyslər həyata keçirməyə icazə verməyə hazırlaşır.


“Qafqazinfo” Virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə sənəd aviadaşıyıcılara beynəlxalq hava daşımalarının yerinə yetirilməsi üçün lisenziyanın verilməsinə dair nazirliklərarası komissiyanın iclasına təqdim olunub. Xəbərdə bildirilir ki, sənədə əsasən “Uralskie Avialinii” şirkəti həftədə beş dəfə Bakıya və İrəvana reyslər həyata keçirməlidir. Bundan əlavə, Çeçenistanın “Qroznıy Avia” şirkəti həftədə iki dəfə Simferepoldan Antalya və İrəvana, habelə hər gün İstanbula reys həyata keçirmək üçün “Rosaviasiya”ya müraciət edib.

Martın ortalarından, yəni Krımın Rusiya tərəfindən ilhaqından sonra ora bütün aviareyslər yalnız Rusiya şəhərlərindən həyata keçirilir. İyunun əvvəllərində baş nazir Dmitri Medvedyev Simferepol aeroportunun beynəlxalq reyslər üçün açılması barədə sərəncam verib.

Əgər “Rosaviasiya” “Uralskie Avialinii” şirkətinə Simferepoldan Bakıya reyslər həyata keçirməyə icazə versə, o zaman Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL) üçün ciddi siyasi problem yaranacaq. Çünki Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və deməli, Krımı hələ də Ukrayna ərazisi hesab edir. O zaman Ukrayna ərazisinin bir hissəsi hesab edilən Krıma reyslər də ancaq Kiyevin icazəsi ilə həyata keçirilə bilər. Əks halda bu, beynəlxalq mülki aviasiya normalarına zidd olardı.

Ona görə də AZAL rəsmi Bakının mövqeyini əsas götürərək “Uralskiye Avialinii” şirkətinə Simferepoldan Bakıya birbaşa reys həyata keçirməyə icazə verməmək məcburiyyətində qala bilər.

Xatırladaq ki, Azərbaycan ermənilərin işğal altındakı ərazilərdə hava limanı açıb reyslər həyata keçirmək niyyətləri ilə bağlı analoji situasiya ilə üzləşib. Rəsmi Bakı Xankəndi aeroportundan uçuşlara imkan verməyəcəyini dəfələrlə bildirib və birmənalı şəkildə xəbərdarlıq edib ki, belə uçuşlar həyata keçirən təyyarələri vurmağa hazırdır.

Beynəlxalq Mülki Aviasiya Komitəsi də bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyib. Nəticədə ermənilərin Xankəndi-İrəvan-Xankəndi reysi ilə uçmaq arzuları hələ də reallaşmayıb.




QafqazPRESS.az
banner125x125 banner125x125