Azərbaycan ÜDM həcminə görə Ermənistanı 7 dəfə qabaqlayır
Bərəkətli torpaqları işğal etsələr də, ermənilər ondan faydalanmaq iqtidarında deyillər
Dünya Bankı dünyanın 191 ölkəsinin ümumi daxili məhsulun (ÜDM) həcminə görə reytinqini açıqlayıb.
Virtualaz.org saytı xəbər verir ki, hesabata əsasən, Azərbaycan öz iqtisadiyyatının həcminə görə keçmiş SSRİ-nin 6 ölkəsinin cəmini qabaqlayır və keçmiş sovet məkanında iri iqtisadiyyata malik ölkələr arasındadır. Hesabatda deyilir ki, keçmiş SSRİ respublikaları arasında iqtisadiyyatının həcminə görə Rusiya liderdir. Rusiyanın ÜDM-nin həcmi 2,1 trilyon dollardır.
Rusiyadan sonra ən iri iqtisadiyyata malik keçmiş sovet respublikası Qazaxıstandır - 224,4 milyard dollar. Bu göstərici ilə Qazaxıstan adambaşına düşən ÜDM-in həcminə görə orta səviyyəli ölkələri qabaqlayıb. Qazaxıstan hesabata daxil edilən dünya ölkələri arasında 45-ci yerdədir. Qazaxıstandan sonra ÜDM-in həcminə görə Ukrayna gəlir - 177,4 milyard dollar. Ukrayna hesabatda 56-cı yerdə qərarlaşıb.
Ukraynadan sonra keçmiş sovet respublikaları arasında ən iri iqtisadiyyata malik ölkə Azərbaycandır. Azərbaycan 73,6 milyard dollarlıq ÜDM-lə dünya ölkələri arasında 67-ci sırada yer alır.
MDB respublikalarından Belarus 73.6 milyard dollarlıq ÜDM-lə Azərbaycandan sonra gəlir. Özbəkistan 56,8 milyard dollarlıq ÜDM-lə Belarusdan bir pillə aşağıdadır. MDB-yə daxil olmayan keçmiş sovet respublikalarından Litvanın 42,3 milyard, Latviyanın 28,4 milyard dollar, Estoniyanın isə 24,5 milyard dollarlıq ÜDM-i var.
Ermənistan 10,4 milyard dollarlıq iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən aşağı yerlərdən (135) birindədir. Gürcüstan iqtisadiyyatının həcmi 16,1 milyard dollar, Tacikistan iqtsadiyyatının həcmi cəmi 8,5 milyard dollardır. Qırğızıstanda isə ÜDM daha azdır - 7,2 milyard dollar. Moldova iqtisadiyyatı da Qırğızıstanla müqayisə oluna bilər - 7,9 milyard dollar. Təbii qaz ehtiyatları ilə zəngin Türkmənistanın ÜDM həcmi 41,9 milyard dollardır.
İqtisadiyyatının həcminə görə 10 ən iri ölkələr sırasında ABŞ liderlik edir - 16,8 trilyon dollar. Çin öz iqtisadiyyatının həcminə görə ABŞ-dan sonra ikincidir - 9,2 trilyon dollar. Növbəti yerlərdə Yaponiya (4,9 trilyon dollar), Almaniya (3,6 trilyon dollar), Fransa (2,7 trilyon dollar), Böyük Britaniya (2,5 trilyon dollar), Braziliya (2,2 trilyon dollar), Rusiya (2,1 trilyon dollar), İtaliya (2,1 trilyon dollar) və Hindistandır (1,9 trilyon dollar).
Hesabatdan göründüyü kimi, Azərbaycan iqtisadiyyatı təxminən keçmiş SSRİ respublikalarından Moldova, Gürcüstan, Ermənistan, Tacikistan, Qırğızıstan və Estoniyanın iqtisadiyyatlarının cəminə bərabərdir.
Ayrıca Azərbaycan onun torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistandan iqtisadi baxımdan təqribən 7 dəfə qüdrətlidir. Ötən 10 il ərzində Azərbaycan öz iqtisadiyyatını 20 dəfədən çox artırıb və adambaşına düşən ÜDM-in həcminə görə orta gəlirli ölkələrin sırasına daxil olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir irəliləyiş olmasa da, Azərbaycanın böyük miqyasda iqtisadi gücə, regionda söz sahibliyinə malik olması aydın məsələdir. Ermənistanla Azərbaycan arasındakı fərq ildən-ilə böyüyür. Azərbaycan inkişaf edən güclü dövlətdir, Ermənistan isə ildən-ilə zəifləyən və yoxsullaşan bir ölkədir. Müşahidələr göstərir ki, Ermənistan öz hesabına yaşaya bilmir, asılı vəziyyətdədir. Artıq Ermənistanın yüksək vəzifəli şəxsləri də etiraf edirlər ki, Ermənistan öz təhlükəsizliyini özü təmin edə bilmir. Bu, əslində iflasın etirafıdır. Bu, əslində məğlubiyyətin etirafıdır.
Azərbaycan prezidenti İlham Əliyev də öz çıxışlarında, nitqlərində iki ölkə arasındakı bu fərqi hər zaman vurğulayır. Ölkə başçısı bildirir ki, iqtisadi sahədə Azərbaycan Ermənistandan azı 10 dəfə güclüdür: “Mən əminəm ki, regionda gedən proseslər, güclənən Azərbaycan, tamamilə dəyişən güclər nisbəti bizi məqsədimizə çatdıracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mənim şübhəm yoxdur ki, belə də olacaq. Sadəcə, biz siyasətimizi bundan sonra da davam etdirməliyik. Bizim siyasətimiz həm tarixi ədalətə söykənir, eyni zamanda beynəlxalq hüquq normaları da bizim mövqeyimizi müdafiə edir.
İqtisadi sahədə biz Ermənistandan ən azı 10 dəfə güclüyük. Hərbi sahədə də üstünlüyü əldə edə bilmişik. Sadəcə olaraq, geosiyasi vəziyyət və bölgədə gedən proseslər hələ ki, bizi sülh danışıqlarına sövq edir. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaq və Ermənistan çox ciddi təhlil apararaq, real vəziyyəti dərk edərək ona aid olmayan torpaqlardan çəkiləcək və beləliklə, qan tökülmədən Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək.
Biz daha da güclü olmalıyıq. Həm diplomatiyada, siyasətdə, iqtisadi, regional təşəbbüslərdə biz Ermənistanı bundan sonra da təcrid vəziyyətində saxlamalıyıq və saxlayacağıq. Ermənistanda depopulyasiya sürətlə baş alıb gedir. Hər il 80-90 min əhali azalır və belə getsə 5-10 ildən sonra bir milyondan az əhali olacaq və demoqrafiya özü bir çox məsələləri həll edəcəkdir”.
Göründüyü kimi, düşmən ölkədə insanlar da duruş gətirmir, artıq kütləvi şəkildə xaricə üz tuturlar. Bizdə isə demoqrafik vəziyyət müsbət dəyərləndirilir, əhali artır, gəncləşir, üstəlik fəallaşır. Bütün bunlar deməyə əsas verir ki, münaqişənin həlli qaçılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
Azərbaycanın bütün xarici tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı maraqlar üzərində qurulub. Müstəqillik dövründə bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də nümunə ola bilər. Azərbaycan öz milli maraqlarını necə lazımdır müdafiə edir. Bu gün ölkəmizin təbii resurslarının Avropa və dünya bazarlarına çıxarılması üçün yeni imkanlar mövcuddur. Trans-Adriatik boru kəməri - TAP tarixi layihədir və Azərbaycana imkan verəcək ki, onilliklər bundan sonra da öz təbii resurslarını əmniyyətli yollarla dünya və Avropa bazarlarına çıxarsın.
“Şahdəniz-2” layihəsi üzrə imzalanan müqavilələr o deməkdir ki, tərəfdaşlarımız, ixrac istiqamətlərimiz artıq müəyyən edilib. Enerji siyasətində də biz öz yolumuzdan dönməmişik, öz siyasətimizi aparmışıq. Elə bir vəziyyət yaradılıb ki, bu layihələr Azərbaycan xalqına bundan sonra ən azı 100 il xidmət edəcək. Artıq Azərbaycan 30 il, 50 il, 100 il bundan qabağa baxmaq, o dövrlərin inkişafını proqnozlaşdırır. Enerji siyasəti ilə bağlı məsələlər nəinki ölkə və region üçün, dünya üçün əhəmiyyətli məsələlərdir. Azərbaycanın mövqeyindən, Azərbaycanda, Bakıda qəbul edilmiş qərarlardan çox şey asılıdır. Ermənistan isə regionda yox kimidir. Belə bir ölkənin varlığı ilə yoxluğu heç bir iqtisadi prosesdə, layihədə yada düşmür, xatırlanmır. Bu halda ÜDM həcminə görə Ermənistanın Azərbaycandan 7 dəfə geridə qalması tamamilə normal haldır.
Ekspert hesablamalarına görə, Azərbaycanın kənd təsərrüfatının, turizminin, iqtisadiyyatın digər sahələri üzrə potensialının azı 25 faizi işğal olunmuş ərazilərdə qalıb. Görünür, o torpaqları işğal etməkdə Ermənistana yardım edən havadarları onlardan bəhrələnmək üçün yardımlarını əsirgəyiblər. Bu ölkənin səfil vəziyyəti isə zamanında dağıdıb xaraba qoyduqları ərazilərdə yenidən infrastruktur qurmağa, mövcud imkanlardan yararlanıb qazanc götürməyə imkan vermir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR