Dövlət başçısı: “Azərbaycanda iş görmək istəyən şirkətlərin sayı artır”
“Yanvar ayını nəzərə alsaq, bizim valyuta ehtiyatlarımız artıq 52 milyard dollara çatıbdır, təkcə keçən ay ərzində 1 milyard dollar artıb. Bu, bizim strateji ehtiyatımızdır. Bu, bizim iqtisadi müstəqilliyimizi və böyük dərəcədə siyasi müstəqilliyimizi təmin edir”.
“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı söyləyib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu gün dünyada sayı o qədər də çox olmayan o ölkələrdəndir ki, tam müstəqil siyasət aparır:
“Müstəqil siyasət aparmaq üçün bir çox amillər olmalıdır – ölkələrin ərazisi, onların potensialı, ümumi daxili məhsulu, hərbi qüdrəti və s. Biz bilirik ki, dünyada güc mərkəzləri hansı ölkələrdir. Əlbəttə, Azərbaycan öz həcminə və coğrafi ərazisinə görə böyük ölkələrlə rəqabət apara bilməz, belə fikri də yoxdur. Ancaq buna baxmayaraq, müstəqil siyasət aparmaq üçün bizdə kifayət qədər imkanlar var. Bunların başlıcası xalqın dəstəyidir, bizim siyasətimizə göstərilən dəstək və etimaddır. Əlbəttə ki, iqtisadi göstəricilərimiz, siyasi arenadakı fəaliyyətimiz bizim gücümüzü artırır və Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir. Bizim ixracımız da, xüsusilə qeyri-neft sektorunda artıbdır, xarici ticarət dövriyyəsi də artıbdır. Bir sözlə, iqtisadi sahəyə aid olan bütün məsələlər öz həllini tapıb.
Dövlət başçısı bildirib ki, keçən il sosial sahədə çox böyük təşəbbüslər irəli sürülüb: “Daha doğrusu, 2018-ci ilin ikinci yarısından artıq bu proqramlar hazırlanırdı və 2019-cu ilin əvvəlindən bu proqramların icrası başlanıb. Şəhid ailələrinə böyük məbləğdə vəsait təmin edilib. Ümumiyyətlə, 4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırılıb. Çünki çox böyük sosial paket 4,2 milyon insanı əhatə edib. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artmışdır. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb, tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, bundan əlavə, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb.
Yəni, bütün bunlar böyük vəsait tələb edən məsələlərdir və bir neçə milyard manata başa gəlir. Ancaq biz bunu edirik. İlk növbədə, ona görə ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkincisi, ona görə ki, buna imkanımız var. Əgər istəyimiz olsaydı, imkanımız olmasaydı, bunu necə etmək olardı? Bax, iqtisadi gücümüzü toplayaraq bugünkü reallığı təmin etdik ki, biz bunu edə bilirik. Deyə bilərəm ki, yaxın ətrafda bu cür sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur. Əgər varsa, qoy mənə desinlər, yoxdur. Biz bunu ona görə edirik və hesab edirik ki, bu, düzgündür. Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik. Ona görə sosial sahədə görülmüş bu işlər bir daha bizim siyasətimizi əks etdirir, bizim gücümüzü göstərir və bundan sonra da bu sahə daim diqqət mərkəzində olacaqdır”.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir, həm siyasi müstəvidə, həm iqtisadi sahədə, biznesin inkişafı baxımından:
” Mənim bu yaxınlarda 14-cü dəfə Davos Ümumdünya İqtisadi Forumunda iştirakım və Forum çərçivəsində apardığım danışıqlar və iştirak etdiyim tədbirlər bir daha göstərir ki, Azərbaycana həm böyük maraq, həm də böyük rəğbət var. İyirmidən çox görüş keçirildi. Onu deyə bilərəm ki, bütün görüşlər qarşı tərəfin təşəbbüsü ilə həyata keçirildi. Yəni, bunu ona görə deyirəm ki, ölkəmizin inkişafına maraq doğrudan da böyükdür. Azərbaycanda iş görmək istəyən şirkətlərin sayı artır. Bilirsiniz ki, Davos Forumunda iştirak edən şirkətlər dünya miqyasında ən böyük şirkətlərdir. Yəni, oraya – Foruma daxil olmaq üçün bir çox meyarlar olmalıdır. Onlardan biri də əlbəttə ki, şirkətlərin kapitallaşdırılmasıdır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR