Azərbaycanda bu evdən gəlin köçməliydi - 3 nəfər qana boğuldu
13:44
Şamaxı rayonunun Mərzəndiyə kəndində Mais Şahməmmədov qardaşı Firuzu odlu silahdan açılan atəşlə qətlə yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 29-da Şamaxı rayonunun Mərzəndiyə kəndindəki evində Firuz Şahməmmədovla qonaqları, Rusiya Federasiyasının vətəndaşları, qardaşı Mais və onun oğlu Heybət arasında əmlak bölgüsü ilə əlaqədar münaqişə baş verib.
F.Şahməmmədov tapançadan atəş açaraq Heybətə ayaq nahiyəsindən xəsarət yetirib, silahı Firuzdan almış qardaşı Mais isə atəş açaraq onu qətlə yetirib.
Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şahməmmədov tutulub, ondan "Naqan" tipli tapança götürülüb.
---------
09:50
Şamaxı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə rayonun Sabir qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini - 1965-ci il təvəllüdlü Şahməmmədov Feyruz Heybət oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qardaşı oğlu - 1993-cü il təvəllüdlü Şahməmmədov Heybət Mais oğluna “Makarov” tapançası ilə atəş açaraq ayağından yaralayıb. Oğlunun əmisi tərəfindən güllələndiyini eşidən 1970-ci il təvəllüdlü Şahməmmədov Mais Heybət oğlu qardaşı Feyruz Şahməmmədovun əlindən tapançanı alaraq onun ürək və baş nahiyəsinə iki dəfə atəş açıb. Feyruz Şahməmmədov hadisə yerində dünyasını dəyişib.
Ayağından xəsarət alan Heybət Şahməmmədov isə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qardaşını qətlə yetirən Mais Şahməmmədov tutulub.
Məlumata görə, mərhum Feyruz Şahməmmədov iki gün öncə qızına toy edib. O, qızını başqa qardaşının oğluna ərə verib.
Hadisənin namus və ya mülk üstündə baş verən dava səbəbindən baş verdiyi ehtimal olunur.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
---------
09:20
Şamaxıda silahlı insident baş verib.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, insident zamanı qardaş qardaşını öldürüb. Bir nəfər isə ağır yaralanıb.
Hadisə ötən gün saat 21 radələrində rayonun Sabir qəsəbəsində qeydə alınıb. İlkin məlumatlara görə, toy mərasimi üçün Moskva şəhərindən gələn Mayıs Şahməmmədovla qardaşı Feruz Şahməmmədov arasında mübahisə yaranıb. Hər iki qardaşın evi bir həyətdə olduğundan Mayıs vaxtı ilə evinin açarlarını qardaşı Feruza təhvil verib. Evinə gəldiyini deyən Mayıs qardaşından öz evinin açarını tələb edib. Qardaşı isə açarları verməyəcəyini və qardaşının bu evdən çıxıb getməsini tələb edib. Mayısın Şamaxıya gəlməkdə məqsədi isə öz qardaşı Feruzun qızının toyunda iştirak etmək olub.
Feruz isə onları toyda görmək istəmədiyini bildirib. Bu zaman iki qardaş arasında mübahisə düşür və dava böyüyür. Feruz üzərində gəzdirdiyi tapança ilə qardaşına bir neçə dəfə atəş açır. Səs-küyə gələn Mayısın 21 yaşlı oğlu Heybət Şahməmmədov da gülləyə tuş gəlib. Açılan atəş zamanı güllələrdən biri onun sol ayağının topuq hissəsinə dəyib. Yerə yıxılan oğlunu görən Mayıs Şahməmmədov oğlunun öldüyünü zənn edərək qardaşından silahı alıb və Feruz Şahməmmədova bir neçə dəfə atəş açıb. Nəticədə Feruz hadisə yerində dünyasını dəyişib. Heybət Şahməmmədov isə güllə yarası ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Qardaşını öldürən Mayıs Şahməmmədov polis tərəfindən saxlanılaraq Şamaxı Rayon Polis Şöbəsinə gətirilib. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Faktla bağlı Şamaxı Rayon Prokrorluğunda cinayət işi açılıb, araşdırma davam etdirilir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR