HEÇ KİMƏ 100 FAİZ MANDAT SÖZÜ VERİLMƏYİB... – 9 fevralda böyük sürprizlər olacaq!
9 fevral növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin beşinci günüdür. Deputatlığa namizədlərin bir hissəsi hələ də prosesi müşahidə etməklə məşğul olsa da, aktiv təbliğat kampaniyası aparanlar da az deyil.
Düzdür, onların da hamısının bunu keyfiyyətli həyata keçirdiyini, seçiciləri məhz ona səs verməyə inandırmaq üçün bütün resurslardan həvəslə istifadə etdiyini söyləmək olmaz. Bunun ən müxtəlif səbəbləri ilə yanaşı seçkiyə qatılanlar arasında prosesin ədalətli olacağına inanmayanların, buna görə aktivlik göstərməyin mənasız olduğunu düşünənlərin çoxluğunu xüsusi qeyd etmək olar.
Maraqlıdir ki, aktiv seçki kampaniyası həyata keçirənlər arasında hakimiyyətin dəstəklədiyi rəsmi və qeyri-rəsmi namzədlər üstünlük təşkil edir. Əvvəlki seçkilərdə əhali ilə görüşlərə ehtiyac duymayan, “siz səs versəniz də, verməsniz də mən seçiləcəyəm” deyənlər, indi qapı-qapı gəzib insanların dəstəyini qazanmağa çalışırlar. Hətta əlverişsiz hava şəraitinə, vaxtın az olmasına baxmayaraq, hər küçədə, hər kənddə olmağa, hər bir seçici ilə görüşməyə, mətbuat vasitəsilə öz düşüncələrini cəmiyyətə çatdırmağa çalışırlar. Bu da təsadüfi deyil.
Məsələ ondadır ki, bu seçkidə hakimiyyətin əksər dairələrdə tamamilə fərqli siyasət həyata keçirdiyi müşahidə edilir. Ümumiyyətlə, bu seçkini əvvəlkilərdən ciddi şəkildə fərqləndirən cəhətləri var.
Məsələn, bəlkə də ilk dəfə idi ki, namizədlərin qeydə alınması mərhələsi problemsiz həyata keçdi. İddialıların mütləq əksəriyyəti, hətta bir çox hallarda imzatoplama prosesini qüsurlu həyata keçirənlər belə qeydə alındılar. Bir-iki istisna ilə (Məsələn, 45 saylı Abşeron dairəsində jurnalist Zahir Əzəmətin qeydiyyatından imtina-müəll.) cəmiyyətdə az-çox tanınmış iddialıların hamısının namizədliyi qeydə alındı. Bu, Azərbaycanda parlament seçkiləri üçün tamamilə yenilik idi.
Əvvəlki seçkilərdə “arzuolunmaz” namizədlərin bir çoxu məhz imzatoplama mərhələsində sıradan çıxarılırdı ki, sonradan seçkilərlə bağlı beynəlxalq müşahidəçilərin, xüsusən də ATƏT-in müşahidə missiyasının yekun bəyanatlarında bu məsələ xüsusilə qabardılır və seçkinin ədalətliliyinə kölgə salan ciddi qanunsuzluq kimi qeyd olunurdu. Bu dəfə iqtidar fərqli davrandı.
Bu seçkiləri əvvəlkilərdən fərqləndirən ən əhəmiyyətli yeniliklərdən biri, demək olar ki, polisin seçki prosesinə açıq qanunsuz müdaxilələr etməməsidir. İndiyədək polisin namizədlərə təzyiq etdiyinə dair ciddi faktlar qeydə alınmayıb.
Digər bir fərqlilik – bu seçkilər real iddiaçılar sarıdan bolluğu ilə diqqəti çəkir. Əvvəlki seçkilərdə bir qayda olaraq iqtidar-müxalifət çəkişməsi qeydə alınardı. Lakin bu seçkilərdə, xüsusən də Milli Şuranın boykot qərarı verməsindən sonra, seçki rəqabəti əsasən iqtidarı dəstəkləyən namizədlər arasında gedir.
Əksər dairələrdə 3-4 real namizəd var ki, onların da, demək olar hamısı hakimiyyətə isti və ya loyal münasibəti ilə seçilən insanlardır. Yəni faktiki olaraq mandat mübarizəsi hakimiyyətin öz adamları və təəssübkeşləri arasında gedir. Təsadüfi deyil ki, hakimiyyətin əsas namizədlərinə qarşı duranlar - bankirlər, iş adamları, menecerlər, böyük holdinqlərin rəhbər heyətdən olan əməkdaşları, keçmiş məmurlar, piar mütəxəssisləri, hakimiyyətyönlü jurnalistlər və digər təbəqələrdən olan insanlardır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR