Ermənistan: qul iqtidar, satqın müxalifət və əllərə düşən dövlət
BMT-nin Təhlükəsizlik Şurası Ukraynanın Krım Muxtar Respublikasında keçirilən referendumun nəticələrini tanımadı. Yəni BMT Rusiyanın Krımı işğal etməsini "qanunsuz" saydı.
Ermənistanda Krımla bağlı iqtidar və müxalifətin mövqeləri üst-üstə düşüb. Qarşı düşərgələrdəki düşünənlər, danışanlar və susanların dedikləri fərqli deyil.
Ermənistan prezidenti Serj Sarkisyanın iqtidarı Krımda keçirilən referendumu tanıyır, "millətlərin öz müqəddəratını təyinetmə hüququ"nun izharı kimi qəbul edir.
Müxalifət də bu sözləri dedi. Amma ilk baxışdan əcaib təsir bağışlayan paradoks yaşandı.
Ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi Krımla bağlı yetərincə emosional açıqlamalar verərək Rusiyanı aşkar şəkildə dəstəklədisə, Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında mövqeyini bəlirləməklə kifayətləndi.
Rusiyanın buyruq qulu və köləsi olan Yerevan iqtidarı Krımla bağlı məsələdə ehtiyatlı davranaraq Qərblə münasibətləri korlamaq istəmədisə, Rusiyaya qarşı çıxdığını az qala hər tində təkrarlayan müxalifətçilər Qərbin dəstəyi ilə yaşasalar da, Krımın işğalını yekdilliklə bəyəndilər.
Fəqət, bütün bunlar yalnız zahiri paradokslardır və Ermənistanda qaranın ağ, ağın da qara rəngdə görünərək adi vətəndaşlarda anlaşılmazlıq yaratması Yerevandakı proseslərə yaxşı bələd olanları aldada bilməzdi.
Krım Ukraynanın bir hissəsidir və orada keçirilmiş referendum, təbii ki, Rusiyanın aylarla hazırladığı ssenarinin tərkib hissəsi idi. Rusiya Krımı işğal etdi - bu qədər bəsit.
Ermənistanın hakimiyyət dairələrinin davranışı da məhz bu fakta əsaslanırdı və Sarkisyan iqtidarı da Dağlıq Qarabağ münaqişəsini nəzərə alaraq tam asılı olduğu Rusiyanı kor-koranə dəstəkləyən qullar yığını təsiri bağışlamamaq üçün "guya ki müstəqillik" nümayiş etdirərək "təmkinli" davrandı.
Hiyləgər gedişdir: Yerevandakı iqtidar bu minvalla Qərbə ismarıc yolladı ki, Krımın işğalını tanımaq istəmir, amma Rusiyanın aqressiv xarici siyasətini və xüsusilə də Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını nəzərə alaraq belə addım atmaq məcburiyyətindədir.
Qərbin dəstəklədiyi və Sarkisyan iqtidarına alternativ saydığı müxalifətin Rusiyaya tam dəstək verməsinə gəldikdə isə - yenə də hər şey Serj Sarkisyanın oyunu idi. Erməni müxalifəti Rusiyaya ismarıc yollayaraq hakimiyyətə gələcəyi təqdirdə Moskva ilə münasibətləri korlamaq niyyətində olmadığını bəyan etdi.
Qərbə gəldikdə isə... Avropa Birliyi və ABŞ narahat olmamalıdır: axı nə də olsa, Krım Dağlıq Qarabağ deyil və erməni müxalifəti də bunu unutmadığından mövqelərini səbatlı edərək analogiyalar aparmaq niyyətində deyil.
Erməni müxalifət liderlərinin açıqlamalarının gerçək məzmunu bu idi.
Amma ermənilərin indiyədək dəfələrlə aldatdıqları Qərb bu dəfə yalanları reallıq kimi qəbul etmədi.
ABŞ-ın Ermənistandakı səfiri Con Höffern açıqlamasında "rəsmi Yerevanın Krımla bağlı tutduğu mövqeyinə təəssüfləndiyini" bildirdi.
Bütün bunlara S.Sarkisyan iqtidarının fürsəti fövtə verməyərək Dağlıq Qarabağla bağlı bəyanat verməsi və Cəfər Cabbarlının əsərində əlinə imkan düşən anda axsaq qatırından bəhs edən Ocaqqulu kimi davranması, üstəlik, Xankəndidə "Krımla bağlı" konsertin təşkil olunması siyasi şitənməkdi.
Faktiki olaraq Ermənistan Rusiyanın ilhaqçı siyasətini, Moskvanın Qərb tərəfdən qətiyyətlə pislənən və əsla qəbul edilməyən davranışını bütünlüklə dəstəkləyir. İş heç də Ermənistanın indi Rusiya ilə yox, Qərblə birlikdə olmasının gərəkdiyində deyil.
Yerevanın Moskvadan asılılıq səviyyəsini və dərəcəsini nəzərə alsaq, ermənilərin belə davranmaları mümkün də deyil. Əksinə, problem Ermənistanın hakimiyyət dairələrinin Rusiyanın maraqlarını Moskvanın özündən də artıq müdafiə etməyə çalışaraq "Roma papasından artıq katolik" olmaq istəyidir.
Nəsnələr, çıxışlar, mövqelər, prinsip və fikirlərin belə dəyişdirilməsi, saxtalaşdırılması və yalanların gerçək kimi qələmə verilməsi Ermənistan gerçəkliyidir. Siyasi mübahisələrdə də opponentin əks tərəfə meyllənməsini göstərmək üçün onun bu tərəfə mənsub olmadığını demək yetərlidir. Vəssalam, qarşıdakı insanın Rusiyanın neoimperiya siyasətini dəstəkləyən adam və ya tam tərsinə, Qərbin göstərişlərini yerinə yetirən şəxs olduğunu "faş etmək" asan məsələdir.
Gün kimi aydındır ki, Krımda "millətin öz müqəddəratını təyin etməsi hüququ"ndan danışmağa dəyməzdi. Təbii, hər insanın öz gələcəyini, taleyini və perspektivlərini müəyyənləşdirmək hüququ var. Lakin belə təyinetmə parlamentin ələ keçirilməsi, Rusiyanın xüsusi təyinatlı hərbçilərinin maska taxaraq yarımadaya yeridilməsi və Kiyevdəki mərkəzi hakimiyyəti rədd etmək, Maydana meydan oxumaqla başlanmır.
Belə şəraitdə Ermənistan neytral mövqe tutmalı idi, çünki Yerevandakı başların Dağlıq Qarabağ boyda daşı var və o daş istənilən an başlara düşərək Sarkisyan iqtidarını məhv edə bilər.
Dağlıq Qarabağ Krım, Azərbaycan Ukrayna deyil. Kiyevdəki hakimiyyətdən fərqli olaraq, rəsmi Bakı erməni işğalında olan torpaqların nəzarətindən kənarda qalması ilə razılaşmayıb, razılaşmır və mövqeyi də dəyişən deyil. Əksinə, ermənilərin aqressiv ritorikaya, Rusiyadan alınan dəstəyə hesablanmış hədələri davam edərsə, Azərbaycan işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsi üçün hərbi əməliyyatlara başlayacaq.
Referendumsuz, səsverməsiz, sorğusuz, çünki Krımla bağlı hadisələrdə ikiüzlü, zəif və ləyaqətsiz davranan Avropa Birliyindən rüsxət, dünya birliyindən də icazə almağa gərək yoxdur.
Beynəlxalq hüquq tapdansa və prinsipləri heçə sayılsa da, Azərbaycan o qaydalar çərçivəsində hərəkət edərək Bakıdakı mərkəzi hakimiyyəti tanımayan, terrorçuluq və separatizmlə məşğul olan bir yığın vətəndaşını ram etməyə qadirdir.
Sakitləşdirmə prosesi, təbii ki, Ermənistan ordusunun işğalçı birliklərinin ölkədən vurulub çıxarılması ilə müşayiət olunacaq.
Belədə Yerevandakı iqtidar nə edəcək - yetərincə maraqlıdır.
Gürcüstandakı Cənubi Osetiya və Abxaziya məsələlərində zahiri neytrallığını qoruyan Yerevan indi vəcdə gələrək Krım məsələsində Rusiyanı tam dəstəkləyirsə, quru sərhədlərinin olmadığı Ukraynadan fərqli - iqtisadi asılılıq marşrutlarının keçdiyi Gürcüstanı unutmamalıdır.
Bu isə artıq sərhəd və ya qonşuluq münasibətləri çərçivəsindəki təhlillər yox, geosiyasi problemlərdir.
Krımdakı referendumla bağlı belə abdal mövqe tutan Ermənistan rəhbərliyi faktiki olaraq hətta ən yaxşı üzgüçülərin şansı olmadığı burulğana atılıb.
Ermənistanın geosiyasət sularında üzə bilmədiyini anlamaq üçün Rusiyanın ssenarisi olan Gömrük Birliyi məsələsində Yerevanın davranışını xatırlamaq yetər.
Problem Serj Sarkisyan iqtidarının adətinə xilaf çıxmayaraq dövlətin və xalqın mənafelərinə zidd mövqe tutmasında yox - guya demokratik olan erməni müxalifətinin idiotik bəyanatlar verərək təhlükəli istiqaməti seçməsidir.
Normal ölkələrdə müxalifətlə iqtidar istənilən ciddi məsələdə balans formalaşdırırlar. Söhbət mövqelərdəki süni, formal fərqlərdən getmir. Prinsiplərdəki fərq təbii olmalı, ölkədəki siyasi müxalifət iqtidardan geosiyasətin məntiqi, xarici siyasətdəki hadisələrin məğzinin anlamı, dünyagörüş, önəmli məsələlərdəki hərəkətlər və prinsiplərə görə fərqlənməlidir.
Krım məsələsi Ermənistandakı vəziyyətin tam aşkarlanması üçün sanki zərrəbinə çevrildi, siyasi sistemin "vəhdət"ini ortaya qoydu.
Qərb də anladı ki, Yerevanda iqtidar təki, müxalifət də Rusiyadan tam asılı vəziyyətdədir.
Dövlətin onsuz da əriyən nüfuzu ilə təhlükəsizliyi, habelə müstəqilliyi zərbə altına qoyulursa - bu, artıq cinayətdir.
Ermənistan prezidenti Serj Sarkisyanın yürütdüyü siyasət və erməni müxalifətinin davranışı təki...
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR