» » Saxtakar hakimiyyətin yalançı oyuncaqları

Saxtakar hakimiyyətin yalançı oyuncaqları

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 iyul 2014
//
Bölmə: Siyasət / Təhsil
Saxtakar hakimiyyətin yalançı oyuncaqları


Marionetkalar teatrındakı tamaşalar fərqli olur. Amma əksər hallarda kuklaların yalnız zahiri görünüşləri dəyişdirilir - ipləri dartan adamlarsa dəyişməz qalırlar.

Yerevanda da belədir. İllərdir ki, dəyişməyən idarəetmə prinsipinin sürəkli fərqli hallara saldığı fiqurlar müxtəlifdir. Onlar sağçı, solçu, mərkəzçi, kosmopolit, Rusiyaya meylli, qərbpərəst, millətçi, şovinist, daşnak, sabiq nomenklatura mənsubu və s. formatında səhnəyə gəlirlər.

Dəyişməyən fiqurları idarə edən sistemdir.

Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyətə gələn ilk gündən bəri seçkilərlə yanaşı, ictimai və siyasi həyatın praktiki olaraq bütün sahələrində saxtalaşdırmalar baş alıb gedir.
Müxalifət düşərgəsi və informasiya məkanı da saxtakarlıqlarla doludur.

İş o yerə çatıb ki, müxalifətlə müqayisədə hakimiyyət mənsubları cəmiyyətdəki korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı və qanunsuzluqdan daha çox yaşayırlar. İqtidarın üst eşelonlarının təmsilçilərinin xalqın malı ilə dövlət resurslarını qarət etmələri prosesi nə qədər güclənirsə, məmurlar "Oğru elə bağırdı ki" prinsipi ilə hamıdan bərk danışırlar.

Ermənistanda artıq "son bolşevik" adlandırılan Serj Sarkisyan əmlak və nağd pulların maksimal dərəcədə mərkəzləşdirilməsinə çalışır. Bu isə narazılıqlar, etirazlar və müqavimət olmadan mümkün deyil. Əmlak, pul və varlanma imkanlarının paylaşdırılması nəticəsində cəmiyyət daha da yoxsullaşır. Bacaranlar ölkədən qaçaraq mühacirət edir, müqavimət və qaçış imkanları olmayanlar isə əmlakları ilə pullarını, bizneslərini məmurlarla bölüşdürmək məcburiyyətində qalırlar.

Bütün bunları edə bilməyənlər isə ümumiyyətlə, kölgəyə çəkilir, canlarını dişlərinə sıxaraq işləyir, qazandıqları pullarının əllərindən alınaraq rüşvətxorluğun tüğyan etdiyi sistemdə təsir imkanlarına malik adamların varlanmasını seyr etmək məcburiyyətində qalırlar.

Ermənistandakı pullular arasında hələlik yalnız "Çiçəklənən Ermənistan" Partiyasının lideri, oliqarx Qaqik Sarukyan dövlət başçısı Serj Sarkisyanın neobolşevik sisteminə müqavimət göstərə bilir. Sarukyanın davranışının digərləri üçün çox pis "nümunə" olmaması üçün Yerevandakı iqtidar müqavimətin tam darmadağın olunması və iqtisadiyyatın bütünlüklə inhisarlaşdırılması üçün Sarkisyanın nəzarətində olan media hədəf seçdiyi məmurlara hücumlar təşkil edir.

Məqsəd neobolşevizmə əsaslanan, Şimali Koreyanın lideri Kim Çen Inın idarəetməsinin təkrarının reallaşdırılmasına yönəlmiş ideologiyanın əsas prinsiplərindən biri də aşkar rəqiblərin zərərsizləşdirilməsi ilə yanaşı, potensial rəqiblərin əvvəlcədən üzə çıxarılması və onların oyundan kənarlaşdırılmasıdır.

Ona görə də son vaxtlar hakimiyyətin nəzarətindəki medianın hədəfləri arasında "Çiçəklənən Ermənistan" Partiyasının liderinin ən üst yerlərdən birini tutması təəccüblü deyil.

Sabiq prezident Robert Köçəryanın yaratdığı və indi kölgədən rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyasının marionetka səviyyəsindən çıxarılaraq iflic duruma salınması, habelə bu partiyanın lideri Qagik Sarukyanın varidatından məhrum edilməsinə yönəlmiş cəhdlər toplusunun həyata keçirilməsi üçün konkret addımlar atılır.

Bundan başqa, "müstəqil kütləvi informasiya vasitələri"nin fəaliyyətinin zahirən olsa belə, effektiv təsir bağışlaması, müstəqillik və müxaliflik görüntüsünün yaradılması üçün əl mediasına Serj Sarkisyanı da "tənqid" etmək tapşırığı verilib.

Prosesin ideoloqları arasında Ermənistan Respublika Partiyasının parlament fraksiyasının üzvü, Rusiya vətəndaşı, bir zamanlar "radikal müxalifətçi" olmuş Artaşes Gegamyan da var.

Xatırladaq ki, A.Gegamyan müxalifətçi olduğu vaxtlarda o, Sarkisyan iqtidarı ilə hər hansı formada əlaqələrinin olmadığını söyləyir, belə iddiaları "çirkin və əxlaqsız böhtanlar" adlandırırdı.

O, sinirlənir, qışqırır, söyür, "məni iqtidara satılmaqda suçlayanların özləri siyasi fahişələrdir" söyləyirdi.

Gegamyanın indiki fəaliyyətini, nitqlərini və açıqlamalarını nəzərə alsaq, onu əxlaqlı insanlar kateqoriyasına şamil etmək inanın ki, asan deyil.

Yerevandakı Gebbels təbliğatının işçi mexanizmləri A.Gegamyanın dediklərinə tam uyğundur. Prezident iqamətgahında əla anlayırlar ki, A.Gegamyan haqlıdır. Yəni adı Serj Sarkisyan hakimiyyətinə aşkar və üstüörtülü şəkildə işləyənlər arasında çəkilən siyasətçi mütləq şəkildə nüfuzdan düşəsidir.

Məhz bu səbəbdən də S.Sarkisyan komandasının kuklaları olan, zahirən "müstəqil siyasətçi", "radikal müxalifətçi" kimi görünməyə cəhd göstərən fiqurlar "müstəqil" mediada hakimiyyəti tənqid edir. Onlara tənqidə icazə verilib. Daha doğrusu, belələri iqtidarı "adekvat" şəkildə tənqid etməyə vadar olunur.

Taktikanın məhvəri sözügedən başabəla "müxalifətçi"lərin zahirən hakimiyyəti tənqid edərək batinən elə həmin iqtidara çalışmalarının təminatıdır.

Göründüyü kimi, Yerevandakı hakimiyyətin təbliğat maşınının fəaliyyəti olduqca primitivdir. Hərgah hansısa kütləvi informasiya vasitəsi və ya siyasəti Serj Sarkisyanı, onun iqtidarını kəskin, şərt tənqid edirsə, amma sonra dübarə "özlərini müxalifət liderləri adlandıranlara da inanmayın" deyirsə, sonda ümidi abstrakt vətəndaş cəmiyyətinə və "cəsarətli vətəndaş"lara bağlayırsa - deməli, danışan şəxs ya marazm həddinə çatmış sadəlövhlüyə qapılmış insan, ya da Artaşes Gegamyanın mənəvi davamçısıdır.



QafqazPRESS.az
banner125x125 banner125x125