» » “Azərbaycanda söz və ifadə azadlığı təmin olunub”

“Azərbaycanda söz və ifadə azadlığı təmin olunub”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 28 aprel 2014
//
Bölmə: Siyasət
“Azərbaycanda söz və ifadə azadlığı təmin olunub”


Bu gün Abşeron Marriot otelinde Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 77-ci konqresinin rəsmi açılış mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, prezident İlham Əliyev tədbir iştirakçılarına məktub ünvanlayıb.

Məktubu Prezident Adminstrasiyının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Həmin məktubu təqdim edirik:

Hörmətli media nümayəndələri!

Sizi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində salamlayır, növbəti ali toplantınızın işi başlaması münasibətilə təbrik edirəm.

Əlamətdar haldır ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 77-ci konqresi təşkilatın yaradılmasının 90-cı il dönümü ilə eyni vaxta təsadüf edir. Yubiley ilinə qədəm qoyan Assosiasiya təsis olunduğu dövrdən indiyədək dünyanın əksər ölkəsində idman jurnalistikası sahəsində ixtisaslaşmış qurumları öz ətrafında birləşdirməyə nail olmuş, onların fəaliyyətini uğurla koordinasiya edən mərkəzə çevirə bilmişdir.

Nüfuzlu təşkilatın mötəbər toplantısının və yubiley mərasiminin Azərbaycanda keçirilməsi respublikamızın ictimai həyatında diqqətə layiq hadisədir. Ümumiyyətlə, son illər Azərbaycan müxtəlif zirvə görüşlərinə, dövlətlərarası qurumların toplantılarına, sivilizasiyalararası dialoq forumlarına, qitə və dünya miqyaslı yarışlara ev sahibliyi edən bir məkan kimi tanınmağa başlamışdır. Beynəlxalq idman təşkilatları 2015-ci ildə ilk Avropa oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi barədə qərar qəbul ediblər. Biz bu qərarları cəmiyyətə xas olan yüksək tolerantlıq mühitinə, mükəmməl idman infrastrukturunun yaradılması sahəsində görülən işlərə və iri beynəlxalq tədbirlərin təşkili sahəsində əldə edilmiş zəngin təcrübəyə möhkəm inamın təzahürü kimi dəyərləndiririk.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanda söz və ifadə azadlığı təmin olunub, çoxsaylı vətəndaş cəmiyyəti institutları və müxtəlif dilllərdə nəş edilən plüralist media məkanı formalaşıb. Bu gün ölkəmizdə minlərlə kütləvi informasiya vasitəsi - televiziya, qəzet, radio, jurnal, sayt və xəbər portalı fəaliyyət göstərir. Onlardan 60-a qədəri bilavasitə idmanla bağlıdır.

Hesab edirəm ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 77-ci konqresi üzv ölkələrdə idman jurnalistikasının inkişafına, media nümayəndələri arasında əməkdaşlığın dərinləşməsinə, sağlam həyat tərzinin təbliğinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə sanballı töhvə verəcək. Konqresin işinə uğurlar arzulayır, bütün iştirakçıların Assosiasiyasının 90 illik yubileyi münasibəti ilə təbrik edirəm.



QafqazPRESS.az
banner125x125 banner125x125