» » Cənab Kozlariç, heç olmasa, Edvard Snoudeni yada salın

Cənab Kozlariç, heç olmasa, Edvard Snoudeni yada salın

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 aprel 2014
//
Bölmə: Siyasət
Cənab Kozlariç, heç olmasa, Edvard Snoudeni yada salın


Amerikalı diplomatın son açıqlamalarında qərəzli olduğu ilk baxışdaca hiss olunur
Azərbaycan dövlətinin ölkənin milli təhlükəsizliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi, xəyanətkar ünsürlərin ifşası, milli maraqların təmin olunması istiqamətində atdığı addımlar hər dəfə xarici antiAzərbaycan qüvvələr tərəfindən kəskin reaksiyaya səbəb olur. Həmin qüvvələrin ölkəmizin milli təhlükəsizliyinin möhkəmlənməsindən, milli mənafelərə zidd amillərin zərərsizləşdirilməsi ilə bağlı addımlardan narahatçılıq keçirməsi əslində başadüşüləndir. Çünki bu zaman onlar Azərbaycanda rahat əl-qol aça, öz maraqlarını diqtə etmək imkanına malik olmurlar. Başqa sözlə, bu qüvvələr Azərbaycan dövlətinin qüdrətlənməsini heç cür həzm edə bilmirlər.

Mütəmadi olaraq Azərbaycan dövlətini, cəmiyyətini ləkələyən, ölkənin inkişafını gözü götürməyən, ənənəvi nihilist mövqe nümayiş etdirən antiAzərbaycan ruhlu şəxslərdən biri də ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Kozlariçdir. Bu şəxs səfir postundan getdikdən sonra, xüsusilə də Azərbaycanın regionda qüdrətli dövlətə çevrildiyi, müstəqil siyasət yeritməyə başladığı son dövrlərdə ölkəmizə qarşı sırf "qara piar" kampaniyasının öndəgedənlərindən birinə çevrilib.

"Turan" agentliyinə verdiyi son açıqlaması da onun köhnə ampluasında qaldığını nümayiş etdirir. Belə ki, Kozlariç Azərbaycanda gedən hazırkı ictimai-siyasi prosesləri dəyərləndirərkən Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən jurnalist Rauf Mirqədirovun həbsinə özünəməxsus münasibət bildirib və guya bu hadisənin bütün dünyada hüquq-müdafiə qrupları arasında ciddi narahatlıq doğurduğunu iddia edib. O, Rauf Mirqədirovun həbsini “fərqli siyasi düşüncəyə, KIV azadlığına, ermənilər və azərbaycanlılar arasında müsbət əlaqələrlə məşğul olmaq cəhdlərinə qarşı yönəlmiş əməl” kimi qiymətləndirib.

Keçmiş diplomatın bu açıqlamasının qərəzli olduğu elə ilk baxışdaca hiss olunur. Çünki məlum olduğu kimi, hələ məhkəmə prosesi keçirilməyib və onun açıqlaması məhkəmə prosesinin obyektivliyinə təzyiq kimi dəyərləndirilə bilər. Digər tərəfdən, diplomatın həbsin detalları barəsində doğru-düzgün məlumatlı olmadan belə açıqlama verməsi də qərəz faktını doğurur. Çünki diplomat olaraq Kozlariç əslində bir dövlətin milli təhlükəsizliyinə yönəlmiş təhdidlərin nədən ibarət olduğunu, xüsusilə Azərbaycan kimi torpaqlarının 20%-i işğal edilmiş bir ölkədə, bu ölkənin cəmiyyətində düşmənlə əməkdaşlıq etməyin nə demək olduğunu, bunun hansı fəsadlar doğura biləcəyini, həmçinin buna ictimai rəyin necə reaksiya verə biləcəyini çox gözəl bilir. Bütün bunları bilə-bilə, özü də işğalın davam etdiyi vaxtda regionda diplomatik korpusa rəhbərlik etmiş birisinin belə açıqlama verməsi anlaşılmazdır.

Mirqədirovun həbsinə münasibət bildirərkən bir ABŞ vətəndaşı kimi Kozlariç heç olmasa, Edvard Snoudenin həbsi ilə bağlı bu ölkə məhkəməsinin çıxardığı həbs qərarı və bunun səbəblərini xatırlamalı idi. Əgər bunu etmiş olsaydı, milli təhlükəsizlik maraqlarının istənilən dövlət, o cümlədən Azərbaycan üçün əhəmiyyətini anlamış olardı.

Sirr deyil ki, Mirqədirov kimilərinin erməni xüsusi xidmət orqanları ilə "xalq diplomatiyası" adı altında qurduğu təmaslar bəzi xarici qüvvələr tərəfindən təşkil olunur. Həmin qüvvələr Azərbaycan cəmiyyətində işğalçı ilə barışıq əhval-ruhiyyəsi formalaşdırmağa çalışırlar. Məhz bu cür halların qarşısının alınması məqsədilə dövlətin atdığı addımlar belə təmasların sponsorlarında qıcıq doğurur. Kozlariçin açıqlaması da bu reaksiyanın tərkib hissəsi kimi qəbul edilə bilər.

Kozlariçin sözügedən açıqlamasında regionda təfriqə toxumu səpmə elementləri də özünü göstərir. Belə ki, o, dolayısı ilə Azərbaycanın İran və Rusiyadan ehtiyatlanmalı və təhlükə gözləməli olduğunu bildirib.

Bu bir daha onu göstərir ki, Kozlariç və onu danışdıran qüvvələr son dövrlər Azərbaycanın İran və Rusiya ilə müxtəlif müstəvilərdə yüksək səviyyəyə qalxmış münasibətlərindən ciddi narahatlıq keçirirlər. Əslində həmin qüvvələrə Azərbaycanın qonşuları ilə münasibətlərinin pis olması sərfəlidir. Belə olan şəraitdə onlar daha asan şəkildə ölkəmizə təzyiq etmək fürsəti qazanırlar.

Kozlariçin ənənəvi olaraq antiAzərbaycan mövqeyində dayanmasının digər səbəbləri kimi isə əlbəttə ki, onun şəxsi maraqları göstərilməlidir. Belə ki, hələ xeyli müddət əvvəl KİV-də gedən məlumatlara görə, keçmiş səfir diplomatik fəaliyyəti dövründə ölkəmizdə qeyri-qanuni biznes qurmaq istəsə də, buna nail ola bilməyib. Məhz bu da Kozlariçdə Azərbaycan dövlətinə, iqtidarına qarşı düşmənçilik hissləri formalaşdırıb.

Keçmiş diplomatın, həmçinin erməni lobbisinin də təsiri altında olduğu aydınca sezilməkdədir. Belə ki, ölkəmizlə bağlı hər dəfə neqativ cəhətlərin qabardılması, beynəlxalq səviyyədə mənfi rəy formalaşdırılması və s. məqamlarda diplomatın xüsusi aktivliyi hiss olunur. Məlumdur ki, Azərbaycanın beynəlxalq səviyyədə yeganə düşməni erməni lobbisidir. Kozlariç kimiləri də Azərbaycanda qazana bilmədikləri qeyri-qanuni pulları məhz erməni lobbisinə etdikləri nökərçilik vasitəsilə kompensasiya etməyə çalışırlar.

Təəssüf doğuran hallardan biri də bəzi müxalif KİV orqanlarının ölkədaxili siyasi prosesləri dəyərləndirmək üçün belə antiAzərbaycan qüvvələrə müraciət etməsi, onlara tribuna verməsidir. Əslində isə belə situasiyalarda qrup, düşərgə maraqları milli maraqları üstələməməlidir. Lakin görünən odur ki, radikal müxalif mətbuat nəyin və kimin hesabına olursa-olsun Azərbaycan dövlətinə, iqtidarına ləkə yaxmaq şakərindən xilas ola bilmir.



QafqazPRESS.az
banner125x125 banner125x125