» » Jirinovskiyə tarixi başa saldılar

Jirinovskiyə tarixi başa saldılar

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 may 2014
//
Bölmə: Siyasət
Jirinovskiyə tarixi başa saldılar


Azərbaycanın rus icması Jirinovskiyə açıq məktub yazdı.

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası rus diasporunun nümayəndələri Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskiyə açıq məktub ünvanlayıb.

Məktubda deyilir:

“Cənab Jirinovski!

Şübhəsiz, siz özünüzü çox erudisiyalı və savadlı adam hesab edirsiniz. Görünür, Rusiyada da əhalinin müəyyən qismində bu cür səhv fikir yaranıb. Hətta siz “Poyedinok” proqramının teleefirində çıxışınızda Şimali Qafqazın üç respublikasının - Dağıstanın, Çeçenistanın və İnquş Respublikasının xalqları barəsində çox xoşagəlməz ifadələr işlədəndən, bunun cavabında Çeçenistan rəhbəri Ramzan Kadırov sizi “miskin, vecsiz təlxək” adlandırandan, habelə sizin haqqınızda “İti zəncirdə saxlayırlar, o isə hürür. O da belədir, onu tutub saxlayırlar, o isə həmişə hürür. Lakin nahaq yerə özünə əziyyət verir. O, nə barədə danışdığını heç özü də bilmir” ifadələrini işlədəndən sonra da çoxları fikirləşirdi ki, bütün bunlar çılğınlıq anında deyilmiş sözlərdir.

Lakin görünür, bu da sizə təsir etmədi. Az sonra siz rəhbərlərindən biri olduğunuz Dövlət Duması kimi ciddi qanunvericilik orqanında çıxış edərkən görünür, Ukrayna rəhbərliyinə bir növ sataşmaq üçün “ümumiyyətlə ukraynalı” anlayışını təhlil etməyə başladınız. Sonra isə bu barədə əsla söhbət getmədiyi halda bəyan etdiniz ki, “azərbaycanlılar deyilən millət yoxdur”.

Özü də bu fikrinizi sizin sərbəst tərcümənizin məhsulu olan mənasız söz yığını ilə təsdiq etməyə çalışırsınız. Məsələn, deyirsiniz ki, “azər” - xəzər, yəni Xəzər dənizi, “baca” isə diyar deməkdir. Buradan özünüz üçün belə nəticə çıxarırsınız ki, azərbaycanlılar Xəzər dənizinin sahillərində yaşayan insanlardır, yəni “xəzərilər və ya xəzərlilər deməkdir!”

Dərhal da patetik şəkildə qışqırırsınız: “Məgər bu, millətdir?”.

Görəsən, siz bu sözləri necə tərcümə etdiyinizi və nə alındığını heç olmasa özünüz anladınızmı? Özünüzün özünüzə gülməyiniz gəlmirmi?

İcazə verin, sizə tarixdən və etnoqrafiyadan kiçik bir dərs keçək. Cənab Jirinovski, nəzərinizə çatdırırıq ki, sizin bu qədər saymazyana münasibət bəslədiyiniz “xəzərilər” adlı qədim xalqa Böyük Sovet Ensiklopediyasında qədim Roma və yunan alimlərinin əsərlərinə istinadla çox ciddi bir məqalə həsr edilib. Həmin alimlər qeyd edirdilər ki, eramızdan əvvəl I minillikdə Cənubi Qafqazın cənub-şərq və mərkəzi hissəsində qədim Xəzər qəbilələri məskunlaşıblar. Sonradan dəniz həmin qəbilələrin şərəfinə Xəzər dənizi adlanıb. Məhz bu qəbilələr şimaldan Qafqaz Albaniyasının və cənubdan Atropatenanın ən qədim xalqları arasında əlaqələndirici vəsilə olub, bütün bu xalqların məcmusu isə Azərbaycan xalqının qədim kökləridir.

Hamıya məlumdur ki, dünya xalqlarının çoxu aborigen və gəlmə əhalinin simbiozu nəticəsində yaranıb. Bəşər tarixi antropoloji, dil və mədəni mənsubiyyət üzrə müxtəlif qrupların kontaktları və qarışması tarixi olub, dünyada çoxsaylı başqa xalqların keyfiyyətini mənimsəməmiş heç bir “xalis” xalq yoxdur.

Azərbaycan xalqı da bu prosesdən kənarda qalmayıb. III-IV əsrlərdən başlayaraq yuxarıda adları çəkilən ərazilərə həm şimaldan (xəzərlər, qıbçaqlar, sonra isə Qızıl Orda tatarları), həm də cənubdan (farslar, ərəblər) və İrandan keçməklə şərqdən (səlcuq türkləri və monqol-tatarlar), sonrakı dövrdə yenidən iranlılar və türklər axın-axın köçüb gəliblər.

Burada xüsusi qeyd etmək lazımdır ki, türk dilinin təbii yayılması məhz oğuz mənşəli türk qəbilələrinin kütləvi şəkildə buraya gəlməsi ilə başlanıb. XI-XIII əsrlərdə türk dili başqa dillər arasında üstünlük qazanır, bu da müasir Azərbaycan xalqının formalaşması işində müstəsna əhəmiyyətli bir məqam olub, çünki hər hansı xalqın və millətin birinci əsas əlaməti dildir.

Azərbaycanın neçə min illik tarixi belədir. Azərbaycan xalqının qədim əcdadları xəzərlərdən, mannalılardan, atropatenlərdən və albanlardan təşəkkülü, irandilli miqrantlarla, xüsusən türkdilli tayfalarla müəyyən dərəcədə qarışması nəticəsində vahid Azərbaycan xalqı formalaşıb. Lakin bu xalq öz qədim antropoloji cizgilərini əsasən saxlayıb. Azərbaycan xalqı bununla çox fəxr edir və bu cizgiləri qoruyub saxlayır.

Yeri gəlmişkən, siz artıq neçənci dəfədir ki, Azərbaycan xalqına qarşı hücuma keçirsiniz. İcazə verin soruşaq: bu nəzakətli və sakit xalq sizə nə pislik edib? Məhz Azərbaycan xalqının gözəl keyfiyyətləri, onun respublikada yaşayan başqa xalqlara və millətlərə hörmətli, xeyirxah, dostcasına münasibəti sayəsində Azərbaycandakı ruslar öz milli bənzərsizliyini, öz dilini və mədəniyyətini, təhsilin rus dilində olduğu orta və ali məktəbləri, habelə Azərbaycan xalqı tərəfindən bərpa edilmiş bizim pravoslav məbədlərini qoruyub saxlayıblar.

Məhz bu keyfiyyətlər sayəsində ruslar Azərbaycanı özünün vətəni hesab edərək burada qalıb yaşayırlar. Sizə donorluq edən, ruporu siz olduğunuz və rus əhalisinin çoxdan sıxışdırılıb çıxarıldığı ölkədən fərqli olaraq Azərbaycanda 120 mindən çox rus yaşayır. Bu, bütün Cənubi Qafqazda ən böyük rus diasporudur.

Siz unudursunuz ki, sizin tox və firavan yaşamağınız üçün 300 mindən çox azərbaycanlı, Qafqazda, Orta Asiyada və Rusiyada yaşayan 600 mindən çox başqa müsəlman əhali 1941-1945-ci illərin Böyük Vətən müharibəsi dövründə cəbhələrdə vuruşub; bu müharibədə qələbə xeyli dərəcədə Azərbaycan neftinin sayəsində qazanılıb, sizin kimilərin doğulması üçün arxa cəbhədə milyonlarla əməkçi fədakarlıqla çalışıb, əsl qəhrəmanlıq göstərib. Təkcə buna görə Azərbaycana və Azərbaycan xalqına hörmətlə yanaşmaq tələb olunur.

Biz sizin kimi düşüncəsiz siyasətçiləri görmüşük. Onlar Sovet İttifaqını dağıtdılar və milyonlarla həmvətənlərini Rusiya hüdudlarından kənarda qoydular.

Siz özünüzü rus millətinin müdafiəçisi kimi təqdim edirsiniz. Bu cür bəyanatlar boş piar və özünüreklamdır. Siz özünüzün düşünülməmiş hərəkətləriniz və boşboğazlığınızla millətlərarası ayrı-seçkiliyi yalnız qızışdırır, millətlər arasında nifaq toxumu səpirsiniz.

Rus xalqının nümayəndəsi heç vaxt belə hərəkət etməz. O bilir ki, bu, rusiyalı həmvətənlərinə, öz tarixi vətəninin hüdudlarından kənarda yaşayan ruslara ziyan vura bilər.

Biz başa düşürük ki, öz millətinə (istər Napoleon mənasında, istər Eynşteyn mənasında, istərsə də hüquqi mənada) hörmət etməyən insan başqa xalqlara və millətlərə hörmətlə yanaşa bilməz.

Siz təbiətən qurucu deyil, dağıdıcısınız. Siz öz nitqləriniz və hərəkətlərinizlə rus və Azərbaycan xalqlarının yaratdığı dəyərləri dağıdırsınız.

Ayrı-ayrı siyasətçilərin bu cür təhrikçilik və aqressiv bəyanatlarla məşğul olduğu ölkələr az deyil, belələri özlərini guya dövlətlərinin mənafelərinin keşikçiləri və müdafiəçiləri hesab edərək həm öz xalqını, həm də başqa ölkələrin xalqlarını qorxudurlar.

Təəssüf ki, bu fakt Rusiyadan da yan keçməyib. Onun da indi nifrət, kobudluq və bədxahlıq toxumu yayılmış, alaqotu və qanqal basmış bostanında öz müqəvvası var”.



QafqazPRESS.az
banner125x125 banner125x125