» » Gülər Əhmədova azad edildi

Gülər Əhmədova azad edildi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 may 2014
//
Bölmə: Siyasət
Gülər Əhmədova azad edildi


18:24

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.

Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.

---------
16:31

“Elşad da, Gülər də qurban olsun Azərbaycan dövlətçiliyinə”

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə elan olunan fasilədən sonra vəkil Əfsər Talıbov çıxış edərək Gülər Əhmədova barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Daha sonra Gülər Əhmədovaya son söz demək üçün imkan yaradılıb. Gülər Əhmədova isə yuxu dərmanı qəbul etdiyini, ona görə də ona bir gün vaxt verilməsini xahiş edib. Hakim isə sön söz deməsə, bunun imtina kimi qiymətləndiriləcəyini deyib.

Gülər Əhmədova bundan sonra çıxış edib.

Gülər Əhmədova bildirib ki, ekspert rəyini gözləmədən onun barəsində qanunsuz olaraq cinayət işi başlanıb. Həmçinin deputat ola-ola ölkədən çıxmasına qanunsuz olaraq qadağa qoyulub: “Ekspertlər burada danışanda dedilər ki, videolar montaj ola da bilər, olmaya da bilər. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bağlı zərərçəkmiş yoxdursa, iddia yoxdursa, Bakı Ağır Cinayətlər Məhkəməsi nəyə görə mənə iş kəsib, bilmirəm. Hesab edirəm ki, bu, anoloqsuzdur. Mən uzun müddət parlamentdə qanunvericilik işi ilə məşğul olmuşam. Deyirlər ki, Səlcuq Ağlayanın barəsində Türkiyə məhkəməsinin hökmü bizim üçün əsassızdır. Bu, çox gülməli bir şeydir. Camaat kar, kor deyil, adamı dağ başında gizlədərlər. İstanbulda istədiyi yerə gedib, nə istəyir edib, bu işdə qanuni bir şey yoxdur, deyim bunu eləmişəm, günahımdan keçin. Mənim üçün ən vacib olan Azərbaycan dövlətçiliyi və qanunvericiliyidir. Keçən dəfə prokuror Avropa Konvensiyasından danışdı. Mənə Avropaya gedən yolu göstərməyə ehtiyac yoxdur. O yolu çox prokurordan, hakimdən yaxşı bilirəm. Elşad da, Gülər də qurban olsun Azərbaycan dövlətçiliyinə. Mənim qətiyyən günahım yoxdur. Adam 50 yaşında dələduz ola bilməz. Əgər dələduz olsaydım, 3 dəfə deputat seçilməzdim. Ailəmizin vəziyyəti çox dramatikdir. Elşad Abdullayev Azərbaycan dövlətçiliyinin düşmənidir, mən isə dövlətçiliyin müdafiəsində durmuşam. Sizdən ədalət və mərhəmət diləyirəm”.

Bundan sonra məhkəmə qərarı elan etmək üçün müşavirəyə gedib.

Qeyd edək ki, günün birinci yarısında keçirilən prosesdə vəkil Əfsər Talıbov çıxış edəndə isə Gülər Əhmədova özünü yaxşı hiss etmədiyini deyib. Məhkəmədə beş dəqiqəlik fasilə elan edilib və prosesə təcili yardım çağırılıb. Beş dəqiqəlik fasilə elan olunsa da, fasilə xeyli müddət davam edib. Vəkillər Gülər Əhmədovanın müayinə olunduğunu, ürəyinin kardioqramının çıxarıldığını açıqlayıblar.

----------
15:43

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir

APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə elan olunan fasilədən sonra hakim bildirib ki, məhkəmədən Ali Məhkəməyə göndərilən sorğuya cavab gəlib. Cavabda Gülər Əhmədovanın müdafiəçilərinin kassasiya şikayətlərinin baxılmamış saxlanıldığı bildirilib.

Hakim buna görə də vəkillərə müdafiə çıxışı etməyi təklif edib: “Sizə hazırlaşmaq üçün kifayət qədər vaxt verilib. Əgər çıxış etməsəniz, bu, çıxışdan imtina kimi qiymətləndiriləcək”.

Bundan sonra Gülər Əhmədova ilə məsləhətləşmək üçün vəkillərə beş dəqiqə vaxt verilib.

Məsləhətləşmədən sonra vəkillərdən Fazil Nemətov və Lətif Ağayev çıxış edərək ittihamların əsassız olduğunu bildirib, Gülər Əhmədova barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş ediblər.

Vəkil Əfsər Talıbov çıxış edəndə isə Gülər Əhmədova özünü yaxşı hiss etmədiyini deyib. Məhkəmədə beş dəqiqəlik fasilə elan edilib və prosesə təcili yardım çağırılıb.

Beş dəqiqəlik fasilə elan olunsa da, fasilə xeyli müddət davam edib. Vəkillər hazırda Gülər Əhmədovanın müayinə olunduğunu, ürəyinin kardioqramının çıxarıldığını açıqlayıblar.

Proses davam etdiriləcək.

Qeyd edək ki, bu gün səhər başlanan prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov bildirib ki, məhkəmənin ilkin baxış iclasının qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət olunub. Hakimlər isə qeyd ediblər ki, kassasiya şikayətinin icraata qəbul edilib-edilməməsi ilə bağlı Ali Məhkəməyə sorğu göndərilib və sorğunun cavabını gözləyirlər.

Bununla bağlı prosesdə yarım saatlıq fasilə elan olunub.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmənin ilkin baxış iclasında prosesin qismən istintaqla keçirilməsi, şahidlərin hamısının dindirilməsi barədə qərar qəbul edilib. Müdafiə tərəfi şahidlərin hamısının dindirilmədiyini, ilkin baxış iclasının qərarına əməl olunmadığını iddia edərək etiraz əlaməti olaraq kassasiya şikayəti verib.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.



QafqazPRESS.az
banner125x125 banner125x125