Əli Həsənov: "Azərbaycan-Rusiya münasibətləri inkişafdadır və iki ölkənin maraqlarına tam cavab verir"
23:36
Rusiya ilə əlaqələr Azərbaycanın xarici siyasətində prioritetdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Həştərxanda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr olunmuş təntənəli tədbirdə bildirib.
Əli Həsənov bildirib ki, bu gün Azərbaycan-Rusiya münasibətləri inkişafdadır və iki ölkənin maraqlarına tam cavab verir:
"Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərirlər, ticarət və iqtisadi, siyasi və mədəni sahələrdə sıx əməkdaşlıq edirlər. Hər iki dövlətin rəhbərliyinin birgə səyləri sayəsində Azərbaycan-Rusiya münasibətləri 21-ci əsrin əvvəllərində strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Prezidentlər İlham Əliyev və Vladimir Putin səviyyəsində siyasi əlaqələrin yüksək dərəcəsi, dövlətlərarası əlaqələrdə mühüm amildir".
Əli Həsənov deyib ki,Azərbaycan Rusiya ilə bütövlükdə əməkdaşlıq edərək, onun ayrı-ayrı subyektləri ilə də birbaşa əlaqələr qurur:
"Bu gün Azərbaycanın Həştərxanla münasibətləri yüksələn xətlə inkişaf edir. Əminliklə demək olar ki, Azərbaycanın Həştərxanla faydalı əməkdaşlığı Rusiyanın digər subyektlərinə nümunə ola bilər".
Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib ki, Heydər Əliyev Fondunun fəaliyyəti regionun sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verir.
O, Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və ümumiyyətlə Azərbaycan hökumətinə Həştərxanda həyata keçirilən layihələrin dəstəyinə görə minnətdarlığını bildirib.
O, əmin olduğunu bildirib ki, qarşıda xalqlarımızın rifahına yönələn hələ çox layihələr var.
Təntənəli gecədə Azərbaycan və Həştərxan incəsənət ustalarının konserti keçirilib.
---------
16:17
Bu gün Həştərxanda Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov arasında görüş keçirilib. Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir.
A.Jilkin Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Həştərxana gəlmiş Azərbaycanın nümayəndə heyətini salamlayıb.
O, Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında bir çox, o cümlədən humanitar və mədəni sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və bu il Həştərxanda Azərbaycan Mədəniyyət Günlərinin keçiriləcəyinə, gələn il isə Rusiya tərəfinin analoji tədbiri Bakıda keçirəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Qubernator, həmçinin Həştərxan vilayəti ilə Azərbaycanın ali məktəbləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və qeyd edib ki, Həştərxandakı universitetlərdən birinin tələbələri Azərbaycan dilini öyrənəcəklər. O, habelə Həştərxan vilayətinin və Azərbaycan televiziyalarının televiziya proqramlarının mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
İqtisadi məsələlərə toxunan A.Jilkin iqtisadi artımın olduğunu və Həştərxan ilə Azərbaycan arasında bərə xəttinin açılmasına sərmayə yatırmaq istəyini ifadə edib.
Öz növbəsində, Ə.Həsənov Həştərxan tərəfinə səmimi və mehriban qəbula görə təşəkkürünü bildirib.
O qeyd edib ki, tərəflərin görüşü artıq ənənəvi xarakter alıb və son üç il ərzində Azərbaycan tərəfi Həştərxana altı dəfə səfər edib.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycan və Rusiya rəhbərləri arasında əldə olunan razılaşmalara görə, təkcə Azərbaycan-Rusiya münasibətləri deyil, həm də Azərbaycan ilə RF-nin müxtəlif regionları, eləcə də Həştərxan arasında birbaşa əməkdaşlıq inkişaf edir: "Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlıq Rusiyanın digər regionları üçün nümunə ola bilər".
PA rəsmisi Həştərxan vilayətinin qubernatoruna Heydər Əliyev Fondunun yubileyi ilə bağlı tədbirlərin keçirilməsinə görə təşəkkürünü bildirib: "Bu tədbirlər ikitərəfli əlaqələrin möhkəmlənməsi işinə öz töhfəsini verəcək".
Azərbaycan nümayəndə heyəti qubernatorla görüşdən sonra Həştərxan vilayətinin rəhbərliyi ilə birlikdə Heydər Əliyevin abidəsinə gül dəstələri qoyub, Heydər Əliyev Fondu tərəfindən tikilən "Arzu" ("Meçta") uşaq əyləncə şəhərciyinə, eləcə də Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinə baş çəkib. Burada Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilmiş müsabiqə və turnirlərin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bundan başqa, mayın 12-də Həştərxanda bu hadisəyə həsr olunmuş konsert və atəşfəşanlıq olacaq.
----------
14:50
Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlər xüsusi yer tutur. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Həştərxanda səfərdə olan Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Ə.Həsənov deyib: "Biz təkcə RF, Moskva ilə deyil, subyektlərlə də birbaşa əlaqələri dəstəkləyirik. Onların arasında Həştərxan xüsusi yer tutur. Bizi Həştərxanla bir çox - tarixi, iqtisadi, sosial, mənəvi və mədəni əlaqələr bağlayır. Biz, həmçinin Xəzər dənizini də bölüşürük. Odur ki, Həştərxanla əlaqələrimiz müəyyən mənada RF-nin başqa subyektləri üçün nümunə ola bilər".
PA rəsmisinin sözlərinə görə, Həştərxanda keçirilən bugünkü tədbirlər bunun tam sübutudur.
Ə.Həsənov onu da bildirib ki, hazırda Bakı-Həştərxan birbaşa aviareysinin və ya Bakı-Həştərxan-Volqoqrad aviareyslərinin açılması məsələsi üzərində iş gedir.
Xatırladaq ki, Əli Həsənov Həştərxana səfəri zamanı vilayətin qubernatoru Aleksandr Jilkin ilə görüşüb. Görüşdən sonra Azərbaycanın nümayəndə heyəti və Həştəxanın vilayət rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyublar, Heydər Əliyev Fondu tərəfindən inşa edilən "Meçta" uşaq əyləncə şəhərciyinə, eləcə də Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinə baxış keçirilib. Burada Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş müsabiqə və turnirlərin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Bundan başqa, mayın 12-də Həştərxanda bu münasibətilə konsert və atəşfəşanlıq keçiriləcək.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR