» » Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri

Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 may 2014
//
Bölmə: Siyasət
Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri


19.05.2014
16:10

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev mayın 19-da Hanoyda Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşmüşdür.

Dövlətimizin başçısı görüşdə çıxış etmişdir.

---------
14:28

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Vyetnamın xarici işlər naziri Pham Binh Minh imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Vyetnamın maliyyə naziri Dinh Tien Dung imzaladılar.

--------
13:25

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Dövlət başçıları görüşdə çıxış etmişlər.

Geniş tərkibdə görüşdə Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq ulu öndər Heydər Əliyevin vaxtı ilə Sovet İttifaqı rəhbərliyində olduğu dövrdə bu ölkəyə səfərini xatırladı. Ümummilli lider Heydər Əliyevin şəxsən Vyetnama göstərdiyi diqqətin Vyetnam xalqı tərəfindən dərin minnətdarlıqla xatırlandığını bildirdi.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlıq, energetika, elm, təhsil, turizm, investisiyaların qoyulması və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

-----------
13:12

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 19-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın məhdud tərkibdə görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmi qeyd edildi. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

X X X


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 19-da Vyetnam Sosialist Respublikasının Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Vyetnamın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı sarayın həyətində Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar.

Hərbi orkestrin ifasında Azərbaycanın və Vyetnamın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Vyetnam Sosialist Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident Truonq Tan Sanqa təqdim edildi.
Sonra prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

----------
13:00

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində Hanoyda sabiq Prezident Ho Şi Minin mavzoleyini ziyarət etmişdir.

Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin xatirəsinə dərin ehtiramını bildirdi, mavzoleyin önünə əklil qoydu.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Vyetnam Sosialist Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hanoyda Milli Qəhrəman və Şəhid Monumentini ziyarət etmişdir.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.

------------------
18.05.2014
21:03

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Vyetnam Sosialist Respublikasına dövlət səfərinə gəlmişdir.

Azərbaycanın və Vyetnamın dövlət bayraqlarının dalğalandığı Hanoyun Noi Bai beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Sonra qısa protokol söhbəti oldu.



QafqazPRESS.az
banner125x125 banner125x125