“Dünyanın ağası”ndan - Reportaj
Ən kasıb amerikalının da şəxsi avtomobili var
İstanbuldakı Atatürk Beynəlxalq Hava Limanında altıncı dəfə yoxlamadan keçəndə, türkiyəli tələbə dostum Burak Çiftçi özünü saxlaya bilmədi: “Amerikalılar başqa xalqların nümayəndələrinə üstdən aşağı baxırlar. Bu ölkəyə gedən turistləri dəfələrlə yoxlamaqda məqsəd insanlarda xof yaratmaqdır. ABŞ “dünyanın ağası” olduğunu hər fürsətdə gözə soxmağa çalışır”.
Amma Çikaqo hava limanında bu qənaətimiz alt-üst oldu. Bizi okeanın o tayında gülərüz amerikalılar qarşıladılar. Müxtəlif xalqların nümayəndələri olan ABŞ gömrükçüləri son dərəcə kübar davranışları ilə təkcə bu sətirlərin müəllifini deyil, özünü kapitalizmin düşməni sayan tələbə dostumu da yaxşı mənada təəccübləndirə bildilər. İstər Çikaqoda, istərsə də Nyu-Yorkda Con Kennedinin adını daşıyan beynəlxalq hava limanında ən çox xoşuma gələn məqam yaşlı və xəstələrin, o cümlədən uşaqların əlil arabası ilə daşınması oldu. ABŞ-ın böyük hava limanlarında 20-yə yaxın əməkdaş hərəkət imkanı məhdud olan sərnişinləri xüsusi arabalarda daşımaqla məşğul olur. Yaşlı və xəstə turistlərin çantaları da hava limanının əməkdaşları tərəfindən daşınır.
29 memarın şah əsəri
Çikaqoda fəaliyyət göstərən Türk Kültür Mərkəzinin təşkilatçılığı ilə “Yunan memarlığının türk memarlığına təsiri” mövzusunda keçirilən konfrans vaxtından əvvəl başa çatdığı üçün bu əfsanəvi şəhərlə yaxından tanış olmaq imkanı qazandıq. Çikaqo təkcə ABŞ-ın deyil, həm də müasir dünyanın ən gözəl şəhərlərindən biri sayılır. Təyyarə ilə göydən Çikaqonu seyr edən adamlar bu şəhəri istedadlı rəssamın fırçasından çıxmış möhtəşəm sənət əsərinə bənzədirlər. Yerli sakinlərin dediyinə görə, 1871-ci ildə baş verən yanğın nəticəsində Çikaqo külə döndüyü üçün amerikalılar yeni şəhər salmağa qərar veriblər. ABŞ-ın müxtəlif şəhərlərindən gəlmiş 29 memarın uzun müddət davam edən gərgin əməyi nəticəsində müasir Çikaqonun əsası qoyulub.
Çikaqo son dərəcə təmiz və səliqəlidir. Təxminən 8 milyon insanın yaşadığı Çikaqo əhalisinin sayına görə, Nyu-York və Los-Ancelesdən sonra ABŞ-ın üçüncü böyük şəhəridir. Şəhərin küçələrində müxtəlif xalqların nümayəndələrinə rast gəlmək mümkündür. Azərbaycanlıların barmaqla sayılacaq qədər az olduğu bu şəhərdə yüzlərlə Türkiyə vətəndaşı özünə yuva qurub. Çikaqoda türklərin bir neçə məktəbi, məscidi və restoranı var. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən türk liseyləri Çikaqoda ən yaxşı təhsil müəssisələrinin sırasında yer alır. Çikaqoda özlərinin “biznes imperiyası”nı qurmuş Türkiyə vətəndaşlarının sayı az deyil.Şəhərdə işləyib, qəsəbədə yaşayırlar
ABŞ bahalı ölkədir. Təbii ki, bu bahalıqdan Çikaqo da öz “nəsibini” alıb. Çikaqoda ortabab şəraiti olan otellərin qiyməti 150 dollardan başlayır. Prestijli otellərdə gecələmək isə 1000 dollardan ucuz başa gəlmir.
Əksər Avropa ölkələrində olduğu kimi, ABŞ-ın böyük şəhərlərində də yaşayış evlərinin sayı çox deyil. Çikaqonun mərkəzində böyük binaların əksəriyyəti ofis kimi fəaliyyət göstərir. Mərkəzdə 180-200 kv.metr ərazisi olan ofisin aylıq kirayəsi 12-15 min dollar arasında dəyişir. Çikaqonun mərkəzində 80-100 mərtəbəli binaların sayı çox olsa da, ucuz ev və ofis tapmaq müşkül işdir. Dünyanın bütün nəhəng şirkətləri Çikaqoda öz nümayəndəliklərini yaradıblar.
ABŞ-ın bir çox şəhərlərində olduğu kimi, Çikaqoda da imkanlı adamların əksəriyyəti kənar qəsəbələrdə yaşamağa üstünlük verirlər. Mərkəzdən təxminən 45-50 dəqiqəlik uzaqlıqda yerləşən qəsəbələrdə 3-4 otaqlı həyət evlərinin qiyməti 160 min dollardan başlayır. İki-üç mərtəbəli evlərə sahib olmaq istəyənlər isə ən azı 250-300 min dollardan keçməlidirlər. Amma şəhərin mərkəzində yaşamağı tərcih edən milyonçular da var. Çikaqonun mərkəzində hər cür şəraiti olan villanın qiyməti 3-4 milyon dollardan başlayır. Küçələrə görə, bu rəqəm dəyişə bilir.
Amerikalılar çox ət yeyirlər
ABŞ-da həyat səviyyəsi Azərbaycanla müqayisədə xeyli yüksəkdir. Bunu konkret rəqəmlərlə də sübut etmək mümkündür. Birləşmiş Ştatlarda bir müəllim ayda 4-5 min, həkim isə 8-10 min dollar maaş alır. Məvacib yüksək olsa da, ət və ət məhsullarının qiyməti ucuzdur. ABŞ-da dana ətinin 1 kiloqramı 6 dollara satılır. Qoyun ətinin qiyməti isə 7 dollardır. Onu da qeyd edək ki, amerikalıların qida rasionunda ət mühüm yer tutur. Ət istehlakına görə, amerikalılar dünyada ilk sıralarda yer alırlar.
Amerikada ət çox yeyilsə də, yeməklərin dadlı olduğunu söyləmək mümkün deyil. ABŞ mətbəxi bu ölkəyə gələn əcnəbilərin hesabına formalaşıb. Hazırda ABŞ-da ən prestijni yeməklərdən biri İtaliya pizzası sayılır. Amma amerikalıların tərifini yerə-göyə sığdırmadığı İtaliya pizzası da ağzımızı dada gətirmədi. Əgər Çikaqo və Nyu-Yorkda türk restoranları olmasaydı, ac qalmaq təhlükəsi ilə üzləşəcəkdik.
ABŞ mətbəxi zəngin olmasa da, yerli əhali özünə korluq vermir. Küçədə yanımızdan ötüb keçən beş nəfərin ən azı üçünün əlində dadsız hamburger görmək mümkündür. Amerikalılar yeməyə meylli olduqları üçün sürətlə kökəlirlər. Olduğumuz şəhərlərdə çəkisi 100 kiloqramdan artıq olan yüzlərlə amerikalı ilə qarşılaşdıq. Amerikalılar yarıçiy yeməklərlə qidaya olan ehtiyaclarını ödəməyə çalışırlar. Qida rejiminin pozulması artıq kiloya səbəb olur.
ABŞ-da ictimai nəqliyyatdan az istifadə olunur. Hətta ən kasıb amerikalının da şəxsi avtomobili var. Amerikada 700-800 dollara da maşın almaq mümkündür. Ümumiyyətlə, Çikaqo və Nyu-York küçələrində bahalı maşınlara çox nadir hallarda rast gəlmək mümkündür. Görünür, Azərbaycandan fərqli olaraq, ABŞ-da məmur övladları “fərsiz və əfəldirlər”.
ABŞ-da “qara işləri” qaralar görürlər
ABŞ-da dini və etnik zəmində ayrı-seçkilik yoxdur. Bu ölkədə hamı qanun qarşısında bərabərdir. İnsanları milli mənsubiyyətinə görə aşağılamağın cəzası olduqca ağırdır. Buna baxmayaraq, ABŞ-da qaradərili insanların bir o qədər də xoşbəxt yaşadığını söyləmək mümkün deyil. İngilis əsilli amerikalılar qaradərili insanlarla ünsiyyətə bir o qədər də can atmırlar. Belə demək mümkündürsə, qaradərili Obamanın ABŞ prezidenti seçilməsi bu ölkədə yaşayan zənciləri “ağ gün”ə çıxarmayıb. ABŞ-da ən ağır işlərdə əsasən qaradərili insanlar çalışırlar. Həm Çikaqoda, həm də Nyu Yorkda qaldığımız otellərdə təmizlik işlərini ancaq zəncilər görürdülər. Nyu Yorkda qaradərili insanlar üçün ayrıca məhəllənin mövcudluğu da bunu deməyə əsas verir.
ABŞ-da insanlar boşanmırlar
ABŞ-da ailə institutuna münasibət fərqlidir. Bu ölkədə sevgililərin rəsmi nigaha girməsi nadir hallarda baş verir. Nyu-Yorkda olarkən bələdçimiz dedi ki, ABŞ-da insanlar boşanmırlar. Səbəbini isə belə izah etdi: “Onlar evli olmadıqları üçün boşanmağa ehtiyac qalmır”.
ABŞ-da qadınla kişi uzun illər vətəndaş nigahında yaşaya bilirlər. Bəzən bu, bir ömür boyu davam edir. Ayrılmaq istəyəndə isə bir-birilərinə əl sallamaqla aralarındakı münasibətə son qoyurlar. Maraqlananlara isə belə izahat verirlər: “Bir-birimizi başa düşmədik”.
ABŞ-da uşaqlar 14-15 yaşına çatanda müstəqil həyata atılırlar. Bu, onların valideyn asılılığından xilas olmasına kömək edir. Valideyn uşağın seçiminə qarışmır. Şərqdə mövcud olan klassik ailə anlayışı ABŞ üçün xarakterik deyil. Buna görə də orta məktəbin yuxarı sinfində oxuyan oğlan və qızlar istədikləri vaxt dostlarının evində gecələyə bilirlər.
Amerikada hamı ağıllı deyil
ABŞ dünyanın ən çox inkişaf etmiş ölkəsi olsa da, yerli əhalinin üstün biliyə və qeyri-adi dünyagörüşə malik olduğunu söyləmək mümkün deyil. ABŞ vətəndaşları onlara lazım olmayan məlumatları əldə etməyə həvəs göstərmirlər. ABŞ-da çox adam hətta bu ölkənin yetirməsi olan dünya şöhrətli yazıçıları da tanımır. Biz Amerika ədəbiyyatı haqda danışanda ABŞ vətəndaşı olan həmsöhbətlərimiz ağızlarını geniş açıb, maraqla qulaq asırdılar.
Nyu-Yorkda dünyaca məşhur geyim firmasına məxsus olan mağazada köynək almaq istəyən jurnalist həmkarım maraqlı vəziyyətlə qarşılaşdı. Almaq istədyi köynəyin qiyməti 44 dollar olduğu üçün o, satıcıya əvvəlcə 50, sonra isə dörd dollar uzatdı. Satıcı 4 dolları geri qaytaranda izahat vermək məcburiyyətində qaldı: “Dörd dolları ona görə verirəm ki, mənə 10 dollar qaytarasınız”.
Amma yenə satıcı 4 dolları almaqdan imtina etdi. Bizim müdaxiləmiz də heç bir fayda vermədi. 4 dolları götürüb, kassadakı 10-luq dollarlardan birini geri qaytarmaq əvəzinə o, 6 dolları tapmaq üçün qonşu kassaya müraciət etdi. Bu hadisənin şahidi olandan sonra başa düşdük ki, Amerikada heç də hamı ağıllı deyil...
Amerikada əcnəbi iş adamlarını necə “yolurlar”?
Amerikalılar Nyu Yorku “dünyanın paytaxtı” adlandırırlar. Rəsmi məlumatlara görə, Nyu York əhalinin sayı 22 milyonu keçib. Bu şəhərdə bütün millətlərin nümayəndələrinə rast gəlmək mümkündür. Amerikalılar apardıqları təbliğat hesabına dünyanın ən varlı adamlarını Nyu-Yorka cəlb edə biliblər. Nyu-Yorkun reklamı amerikalılara milyardlar qazaqndırır. Hazırda Nyu-Yorkda “İstanbul” adı ilə ən azı 10 restoran fəaliyyət göstərir. Amma türk iş adamları hallarından heç də məmnun deyillər. Deyirlər ki, kirayə haqqı baha olduğu üçün ayın sonunda onlara qəpik-quruş qalır.
Nyu Yorkda “beşinci prospekt” adlandırılan məşhur bir küçə var. Dünyanın ən məşhur firmaları bu küçədə öz mağazalarını açıblar. Bu sırada “Burberry”, “Armani”, “Tommy Hlifiger”, “Sarar” və başqalarını göstərə bilərik. Amerikalılar əcnəbi iş adamlarını inandırıblar ki, brend mala sahib olmaq üçün mütləq bu küçədə mağaza açmaq lazımdır. “Beşinci prospekt”də bir mağazanın aylıq kirayəsi 2 milyon dollardır. Həmin küçədə mağaza açan firmaların əksəriyyəti zərərlə işləyir. Buna baxmayaraq, onlar hər ay amerikalılara milyonlarla dollar kirayə haqqı ödəməkdən yorulmurlar. Amerikalıların dünyanın ən zəngin adamlarını qaz kimi yolduqlarını öz gözlərimlə görəndən sonra bu ölkənin necə varlandığı mənə aydın oldu.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR