“Prezident dünyaya önəmli mesajlar verdi”
Prezident Administrasiyası ölkə başçısı İlham Əliyevin artıq üçüncü gündür ki, diqqət mərkəzində olan Strasburqda AŞPA-da çıxışı ilə bağlı bəyanat verib. Administrasiya rəhbərinin müavini Novruz Məmmədov İlham Əliyevin çıxışında təkcə daxildə deyil, həm də xaricdə səs-küyə səbəb olan məqamları şərh edib.
ANS TV-nin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqda AŞPA-da etdiyi çıxışı beynəlxalq münasibətlərdə çox mühüm bir hadisə oldu. Azərbaycanın xarici siyasətində bu ilin ən böyük uğuru hesab olunur. Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun sözlərinə görə, İlham Əliyev bu çıxışı ilə beynəlxalq birliyə, xüsusilə də Avropa dövlətlərinə Azərbaycanın mövqeyini çatdırıb. İclasda bəzi Avropalı parlamentarilərin qısqanclıq doğuran sualları və İlham Əliyevin onlara konkret və əsaslandırılmış məntiqi cavabı, oradakı millət vəkillərini yaxşı mənada təəccübləndirib.
Novruz Məmmədovun sözlərinə görə, İlham Əliyev dövlətlərarası münasibətlərin açıq, səmimi, konstruktiv, ədalət prinsiplərinə əsaslanmalı olduğunu nümayiş etdirib. Prezident məhz bu prinsiplərə riayət edilməsinin vacibliyini dünyaya mesaj olaraq çatdırıb.
Novruz Məmmədov deyir ki, Azərbaycanın müəyyən beynəlxalq təşkilatların qarşısında müəyyən öhdəliyi olub: “Bu günkü kimi həmin qurumların da Azərbaycan qarşısında öhdəliyi daha çoxdur. Onlara da diqqət yetirmək lazımdır. Krım hadisələrindən sonra AŞPA Rusiyaya qarşı sanksiya tətbiq etdi. Necə ola bilər ki, Ermənistan Avropa Şurasının üzvü olan bir dövlət Azərbaycanın ərazilərini işğal altında saxlayır, bununla bağlı AŞPA-da bir millət vəkili deputat məsələ qaldırıb mövqe bildirmir. Belə qərəzli mövqe bizə lazım deyil”.
Azərbaycanın müstəqil siyasət yürütməsinin müəyyən dairələri qane etmədiyini deyən Novruz Məmmədov əlavə etdi ki, bir sıra şəxslər həmin dairələrin təsiri altına düşərək Azərbaycana qarşı təzyiq forması kimi istifadə edir. Məhz Prezidentin AŞPA-dakı çıxışına etiraz etməyə cəhd edənlər də həmin şəxslərdən olublar.
Novruz Məmmədov qeyd etdi ki, Fransa və digər ölkələrdə bununla bağlı böyük çağırışlar ediblər ki, gəlin yığışın AŞPA-ya, orada Azərbaycan prezidentinin böyük izdihamlı aksiyasını keçirin. Onlar həmin dairələrin əlində bir oyuncaq kimi istifadə olundular.
Prezident İlham Əliyev də AŞPA-dakı çıxışında etiraz edənlərə öz münasibətini bildirmişdi.
"Bir qrup gənc nəsil nümayəndələri burada eyvanda əyləşiblər. Bu insanlar başa düşmürlər, onlar 1992-1993-cü illərdə nələr baş verdiyini bilmirlər və bu, onların günahı deyil. Onlar yanlış yoldadırlar. Ona görə də biz sizin iştirakınızla dəyirmi masa müzakirələrində iştirak etməyə hazırıq", - deyə İlham Əliyev bildirmişdi.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR