Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri davam edir
19:58
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 18-də Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, İrakli Alasaniya və İsmət Yılmaz Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ziyarət ediblər.
Qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri qoyublar.
Sonra qonaqlar "Əshabi-Kəhf" ziyarətgahında olublar.
Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.
---------
17:18
Avqustun 18-də Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmaz Azərbaycana rəsmi səfərə gəlib.
Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qonağı Naxçıvan beynəlxalq hava limanında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.
Sonra İ.Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayrağının dalğalandığı meydanda Türkiyə Milli Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.
Qonaq Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıb.
Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun iştirak edib.
---------
11:52
Avqustun 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəliblər.
Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Günün ikinci yarısında Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın da Naxçıvan şəhərinə gəlişi gözlənilir.
Avqustun 19-dək davam edəcək səfər zamanı müdafiə nazirlərinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşü, nazirlər arasında üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri, Naxçıvanın tarixi və mədəni abidələrinin ziyarət olunması nəzərdə tutulub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR