"Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" - Zakir Həsənov
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bu təhsil ocağının, Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin məzunları ilə görüşüb.
Qafqazpress.az Nazirliyikdən verilən məlumata əsasən bildirir ki, Müdafiə Nazirliyinin rəhbərliyi hərbi məktəbin ərazisində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Məzunlarla görüş ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Təhsillərini müvəffəqiyyətlə başa vuraraq “leytenant” hərbi rütbəsi alan məzunları təbrik edən Müdafiə naziri qeyd edib ki, Azərbaycan Ordusunun hər bir zabiti rəhbərlik etdiyi hərbi kollektivə şəxsi nümunə və dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir.
Məzunlara tövsiyələrini çatdıran Müdafiə naziri bu şərəfli yolda onlara uğurlar arzulayaraq bildirib:
“Hər bir zabit Azərbaycançılıq ideologiyasına sadiq olmalı, şəxsi heyətə hörmət və qayğı ilə yanaşmalı, kollektivdə sağlam mühit formalaşdırmalıdır. Zabit kimi məsuliyyətli və şərəfli ad qazanmısınız, hər biriniz bu məsuliyyəti yaxşı dərk edib, inamlı xidmət etməlisiniz. Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməli, ordumuzun döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılması istiqamətində bilik və bacarığınızı səfərbər etməlisiniz. Azərbaycan iqtisadiyyatının inkişafının, ordumuzun müasir tələblər səviyyəsində qurulmasının, dünya standartlarına uyğun olan silah və texnika ilə təchizatının, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji vəziyyətinin yüksək olması Ali Baş Komandanın qayğısı ilə əhatə olunmasının nəticəsidir. Siz də öz nümunəvi xidmətinizlə Azərbaycan Ordusunun inkişafına töhfənizi verməli, “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” şüarını rəhbər tutaraq dövlət və dövlətçiliyimizə xidmət etməlisiniz”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR