Azərbaycanlı gənclər Unston Çörçillin işlədiyi, Çarlz Darvinin oxuduğu ali məktəblərdə təhsil almağa səy göstərirlər
Son zamanlar ölkə gəncləri arasında xaricdə təhsil almağa çalışanların sayı sürətlə artır. Bunun bir neçə səbəbi vardır. Birinci səbəb odur ki, hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulmuş azərbaycanlı gənclərin xaricdə təhsil almasını stimullaşdırmaq ənənəsi bu gün də yaşadılır. Ikinci səbəb odur ki, bu gün Azərbaycan dövləti həmin məqsədlə xüsusi proqramlar icra edir və bunun üçün heç nəyi əsirgəmir. “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin bu il sentyabrın 5-də keçirilən XII Forumunda təhsil rəsmiləri qeyd etmişdilər ki, indiyədək 2902 nəfər azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanmışdır. Xaricdə təhsil almaq üçün dövlət xətti ilə- yəni, Təhsil Nazirliyinin seçimi əsasında göndərilən gənclərin hamısının xərclərini Dövlət Neft Fondu ödəyir.
Bu tədris ilində daha yüzlərlə gənc xaricdə təhsil almaq üçün seçilib. Ən vacib məqam ondan ibarətdir ki, xaricdə təhsilini başa vurmuş 714 məzunun bir çoxu ölkəmizdə dövlət və özəl qurumlarda öz ixtisasları üzrə çalışır və gənc müstəqil dövlətimizin daha da qüdrətlənməsinə xidmət edirlər. Nəhayət, gənclərin bu istiqamətdə fəallaşmasının əsas səbəblərindən biri də beynəlxalq aləmdə Azərbaycana olan inam və etimadın artmasıdır. Hamı görür ki, dünyanın hər yerində Azərbaycana və soydaşlarımıza böyük hörmət və ehtiram göstərilir.
Təhlillər göstərir ki, xaricdə təhsil almaq istəyən gənclərin böyük əksəriyyəti Böyük Britaniyanın ali məktəblərini seçirlər. dövlət Proqramı çərçivəsində oxumağa göndərilən 2392 nəfərin 612 –si, yəni, 25,6 faizi məhz Britaniyanı seçib. Sonrakı yerlərdə Türkiyə və Almaniya gəlirlər. Bəs nə üçün bizim gənclər ABŞ, Kanada, Yaponiya, Fransa, Sinqapur və Rusiya kimi təhsil ölkələrinin deyil, məhz Böyük Britaniyanın ali məktəblərini seçirlər? Səbəblər çox müxtəlifdir. Birinci, Britaniya ali məktəblərinin daha qədim – çoxəsrlik təhsil ənənələri və nüfuzu, statusu vardır və ingilislər haqlı olaraq öz ali məktəbləri ilə fəxr edirlər. İkinci, Britaniya ali məktəblərində təhsillə yanaşı elmi tədqiqatlar da aparılır və bunun üçün yüksək səviyyəli maddi-texniki baza yaradılmışdır. Üçüncü, bu ölkənin ciddi təhsil standartları Britaniya təhsilinin artıq çoxdandır ki, bütün dünya üzrə birinciliyi saxlamasını təmin edir. Dördüncü, Britaniya ali məktəblərinə qəbul olmaq istəyən avropalı, asiyalı, amerikalı gənclər də eynilə britaniyalı gənclər kimi sadə şərtlərdən bəhrələnirlər.
Hələ ali məktəb illərindən dünya təhsil təcrübəsini öyrənməyə, tədqiq etməyə xüsusi maraq göstərən bir adam kimi öyrəndiyim bəzi məqamları hörmətli oxuculara təqdim etmək istəyirəm. Məsələn, azərbaycanlı gənclərin daha çox maraq göstərdiyi üç Britaniya universiteti barədə qısa məlumat verək.
Birinci: 1583-cü ildə Şotlandiyanın eyni adlı şəhərində yaradılmış Edinburq Universiteti UNESKO-nun ümumdünya irs siyahısına düşüb. Bu ali məktəb qəbul olunmaq üçün sənəd verənlərin sayına görə krallıqda üçüncü yeri tutur. Bütün göstəricilərinə görə Avropada beşinci, dünyada isə onyeddinci yerdədir. Avropanın Tədqiqat Universitetləri Liqasının üzvü olan yeganə Britaniya universitetidir. Bu ali məktəbin rektorları arasında Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışmış, dünyanın ən görkəmli siyasətçilərindən olan Ser Uinston Çörçill, məzunları arasında Britaniyanın Baş naziri işləmiş Qordon Braun, böyük alim Çarlz Darvin, yazıçılar Artur Konan Doyl, Valter Skott, Robert Luis Stivenson da vardır.
İkinci: Elmi-tədqiqat potensialına görə Oksford və Kembric universitetlərindən sonra bütün dünyada üçüncü yeri tutan Mançester Universiteti Edinburq Universitetinə nisbətən xeyli cavan olsa da (bu ali məktəb 1824 –cü ildə Viktoriya Universiteti adıyla təsis olunmuş, 2004-cü ildə Mançester Universiteti adlandırılmışdır), onun məzunları arasında 25 nəfər Nobel Mükafatçısı vardır. Bu göstəriciyə görə birinci və ikinci yerləri Oksford və Kembric Universitetləri, üçüncü yeri Mançester Universiteti tutur. Burada 500 akademik proqram üzrə 40 min tələbə oxuyur və 10 min nəfər professor-müəllim heyəti və texniki işçilər çalışır. Universitetin illik gəliri 650 milyon funt-sterlinqdir.
Üçüncü: 1876-cı ildə yaradılmış kollecin bazasında 1909-cu ildə formalaşdırılmış Bristol Universiteti elə həmin il Britaniya Kralının fəxri fərmanını alıb. “Ümumdünya Universitetlər Şəbəkəsi”nin üzvü olan bu ali məktəbin 18 min tələbəsi vardır. İllik maliyyə dövriyyəsi 347 milyon funt-sterlinqdir. Ötən əsrlərdən Britaniyada qeyri-rəsmi olaraq fəaliyyət göstərən “Qırmızı kərpicdən tikilmiş universitetlər” qrupunun üzvü olan bu ali məktəb İngiltərənin böyük sənaye şəhərlərini təmsil edən 6 ən prestijli universitetin siyahısındadır.
Bir sözlə, azərbaycanlı gənclərin xaricdə təhsil almağa böyük maraq göstərməsi kimi, onların Britaniya təhsilinə üstünlük verməsi də alqışlanmalı və təqdir olunmalıdır. Uğurlar olsun!
Sadiq MƏMMƏDCANLI
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR