» » Şairlər, yazıçılar bu gün dilin qəbiristanlığıdır

Şairlər, yazıçılar bu gün dilin qəbiristanlığıdır

Müəllif: Səma Zərdablı
//
Tarix: 09 yanvar 2020
//
Bölmə: Mədəniyyət
Aqşin Yenisey yazır...

Təəssüf ki, bizə ruh və güc verən klassik Şərq mədəniyyəti keçmişə yönəlikdir, gələcəklə bağlı isə (cənnət və cəhənnəmdən başqa) heç bir mənəvi-ruhani ideyası yoxdur. Uyğun olaraq da bu mədəniyyətdən bəslənən ağıllı adamlarımız bizi gələcəyi (cənnət və cəhənnəmi) qazanmağımız üçün keçmişə baxmağa, olub-keçənlərə dalmağa səsləyirlər.
Nizami Gəncəvi bizə özümüzə Homerin güzgüsündə baxmağı nəsihət edir, Füzuli bizi ərəb folkloruna aparır, Nəsimi manixeizmi modernləşdirsə də (eynən Avropa maarifçilərinin qədim yunanları diriltməsi kimi) onu Avropa maarifçilərindən fərqli olaraq, bədənləşdirmək fikrində deyil və s.
Avropa maarifçiləri də bir vaxtlar keçmişə, qədim yunan və Roma mədəniyyətinə qayıtdılar, amma onların bizim mütəfəkkirlərdən fərqli olaraq, üzü gələcəyə tərəf idi, onlar gələcəyə arxa çevirməmişdilər. Onlar qədim ruhlardan alıb, müasir (modern) bədənlərə verdilər. Bizə aid Şərqdə elm və onun fəlsəfəsi olmadığına görə, - ən azı, yaxın beş yüz ildə - onun nümayəndələri də yoxdur. Varsa da Lütfi Zadə, yaxud Eduard Səid kimi vaxtında başını götürüb Qərbə qaçanlardır ki, vətən onların gözündə ancaq ölmək üçün münasib yerdir.
Çağımız müasir – bundan sonra modern bədənlər deyəcəyik – çağıdır. Deyəcəksiniz ki, atam, biz heç anadangəlmə bədənlərimizə bir gün ağlamadıq, bu “modern bədənlər” deyimi hardan çıxdı?
Elmin müasir “peyğəmbərləri” iddia edirlər ki, yaxın əlli ildə indi məşğul olduğumuz peşələrin əksəriyyəti yoxa çıxacaq, yaxud dulusçuluq, dərzilik, dülgərlik, nalbəndlik kimi güzaranımızın və mədəniyyətimizin ucqarlarına çəkiləcəklər. Onların yerində yeni “çörək ağacları” əkiləcək ki, onlardan biri də orqan mühəndisliyidir. Nədir orqan mühəndisliyi? Kolxoz jarqonunda desək, orqan yetişdirmək! İnsan bədənində onu var edən, ölməyə qoymayan orqanların eynisini laboratoriyalarda hazırlamaq və ehtiyac yarandıqda istifadə etmək.
Məsələn, mən var gücümlə çalışacağam ki, ətrafımda olan balaca uşaqlarımızdan, ən azı, biri gələcəyin orqan mühəndisi olsun. Məsələnin elmi, tibbi tərəfinə bir azdan toxunacağıq.
Dünyamız nəhəng bir alış-veriş mərkəzi olduğu üçün orqan mühədisliyi gələcəyin iqtisadiyatına təsirsiz ötüşməyəcək. Neft çağında ərəblər hansı vəziyyətdədirlərsə, orqan mühəndisliyi çağında da elmsiz ölkələr o vəziyyətdə olacaqlar. Yəni var-yoxlarını satıb özlərinə süni böyrək, qaraciyər, nə bilim, on iki barmaq bağırsaq alacaqlar.
Arıq bir cənubi koreyalı bir səbət süni qulağı vuracaq qoltuğuna və yollanacaq Mərkəzi və Orta Asiyaya (qulaqkəsən coğrafiya olduğumuz üçün burada süni qulaq bazarı əla gəlir gətirəcək). Ondan qulaq almaqdan ötrü düzüldüyümüz növbədə biz bir-birimizin qulağını kəsməsək də ən azı dişləyəcəyik. Yəni coğrafiyamızda orqan bazarı özü-özünü tələb və təkliflə təmin edəcək.
Orqan mühədisliyinin məhsulları gələcəyin tükənməyən sərvətləri kateqoriyasına daxil olacaq və inanıram ki, 50-60 ildən sonra bizim kəndin fikir adamları öz dostlarına, məsələn, Almaniyadan bir naxırın qiymətinə süni öd kisəsi almaq üçün pul yığanda müsəlman Şərqində orqan mühədisliyinin inkişaf etməməsində Qərbi günahlandıracaqlar.
Nəşr olunan statistikaya görə, dünyada hər gün 18 nəfər orqan yolu gözləyən xəstə ölür. Onlar orqan yolu gözləyirlər, əslində isə bu, başqa adamların ölməsinin, yaxud öldürülməsinin yolunu gözləməkdir. Görün elmsiz dünya necə qeyri-etik bir dünyadır.
Mənim qaraciyərimdə problem var, özüm etiraf edəcəyəm, inanclı oxucular tələsməsinlər, içki içməkdən yaranan bir problemdir. Həkimlər mənə deyəndə ki, sənə qaraciyər köçürülməlidir, ilk ağlıma gələn bundan ötrü ölməli olan o naməlum adamı düşünmək oldu. Və sizin inandığınız allaha yalvardım ki, onu öldürmə, içkini mən içmişəm, cəzasına da hazıram.
İnanmamağıma baxmayaraq, o göydəki kişi məni eşitdi: nə mənə qaraciyər lazım oldu, nə də başqası öldü. Amma tanrı hamını eşidəcəkmi? Ona ümid olub elmdən, bilikdən imtina etmək nə dərəcədə gələcək üçün zəmanətli bir qərardır?
Hər gün 18-20 xəstə dünyada başqasının öləcəyini gözləyə-gözləyə ölür. Biz buna etikanın gözü ilə baxdıq. Bir də bu statistikaya elmin, tibbin, bazarın gözü ilə baxanlar var. Məsələn, keçən il dünya bazarında 30 milyon dollarlıq orqan mühəndisliyi məhsulu alınıb-satılıb və bu ədəd ildən-ilə artır.
Mən orqan mühəndisliyinin elmi və tibbi əhvalatını bilsəm də, etikadan kənara çıxıb işin peşəkarlarının yerinə danışmaq istəmirəm. Məqsədim bu cür yazılar yazmaqla Azərbaycanın yetişən nəslinin üzünü gələcəyə çevirməkdir. Sizi, bizi keçmişə səsləyənlər keçmişimizin dostları ola bilərlər, amma gələcəyimizin də düşmənləridirlər. Sabah başqaları insan gözündən on dəfə iti görən süni göz satanda, biz yenə pul yığıb kor atamıza göz almaq üçün Rusiyanın pomidor bazarlarında bir-birimizin basıb iki gözünü bir deşikdən çıxaracağıq.
Mən keçmişin inkarçısı da deyiləm, amma keşmişi də gələcəyə faydalı olacaq şəkildə şərh etmək olar. Məsələn, bu yazım üçün uzaq keçmişdən bir nümunə gətirim: yunan mifologiyasında qafqazlıların da yaxından tanıdığı Prometey, şumerlərin Marduku kimi, insanı palçıqdan, göz yaşından və oddan yaradır. Bu mifi mövhumatdan uzaqlaşdırıb orqan mühədisliyinin mifoloji əsası, uzaqgörənliyi kimi qavramaq da olar.
Yəni bir tanrı ayrı-ayrı keyfiyyətləri birləşdirərək ortaya bir canlı çıxarırsa, insan onun əməlini niyə davam etdirməsin?
Amma inanıram ki, bu yazını oxuyanların çoxu orqan mühəndisliyini allahın işinə burun soxmaq kimi dəyərləndirəcək və iddia edəcək ki, allah nə yazıbsa, odur. A kişilər, allahın insanın kor bağırsağının artıq rudmentar sükunətdə olduğundan xəbəri yoxdur və sizi öldürən kor bağırsağınızın iltihabıdır, alın yazısı deyil. Bu yunan mifini keçmişə deyil, gələcəyə uyğun şərh etsək insanlar da faydasını anlayar.
İnkişaf onunla ayaqlayaşmayanları gec-tez diri-diri tarixə gömür. Biz gələcəkdən imtina etdikcə, öz ölümümüzü sürətləndiririk. Bu ölüm özünü ilk növbədə dilimizin ölümündə göstərir. Azərbaycan dilində Sənaye dövrü yoxdur, texnologiyalar dövrü yoxdur. Məsələn, bir mühərriki, yaxud bir mobil telefonu təsvir etmək istəsək, dilimiz bizi pərt edəcək. Çünki ölü danışa bilməz. Yaxud vaxtilə ən zəngin söz bazasına malik olan ərəb dili bu gün ancaq qəbiristanlıqlarda öz mövcudluğunu qoruyur. Heç bir xalq zəmanəmizi ifadə etmək məqsədilə söz almaq üçün ərəb dilinə üz tutmur.
Ədəbiyyatla maraqlanan biri olaraq deyim ki, bu gün dilimiz ancaq hiss-emosional qatı ilə özünü yaşada bilir. Dilimiz müasir insan ağlını ifadə etməkdə çox aciz vəziyyətdədir. Yaxın gələcəkdə orqan mühəndisliyi kimi yeni peşələr yarandıqca dilimiz ya tamamilə gəlmə sözlərdən ibarət cansız bir dil olacaq, ya da canlı qalmaq üçün şeir, holavar darısqallığına sığınacaq.
Artıq dili qoruyan və yaşadan şairlər, yazıçılar deyil, əksinə, şairlər, yazıçılar indi dilin qəbiristanlığıdır. Müsair dilləri yaradanlar mühəndislər, texnarlardır. Gələcəyə üz tutan cəmiyyətlər gözünü onların ağzına dikir. Vay o cəmiyyətin halına ki, ümumiyyətlə, öz dilində nə bir mühəndisi, nə bir texnarı var...
banner125x125 banner125x125