» » “Məişət pozğunları efirdə əxlaq dərsi keçirlər”

“Məişət pozğunları efirdə əxlaq dərsi keçirlər”

Müəllif: Səma Zərdablı
//
Tarix: 15 yanvar 2020
//
Bölmə: Mədəniyyət












“Məişət pozğunları efirdə əxlaq dərsi keçirlər”

“Telekanalların əksəriyyətində Bədii Şuralar var. Uzun illərdən bəri telekanallara ayaq döyən adam kimi bu qurumların formal fəaliyyət göstərdiyini deyə bilərəm”.
Qafqazpress.az bildirir ki, bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.
JAM sədri bildirib ki, islahat dalğası teleməkana da çatmalıdır:
“Əgər telekanallarda normal Bədii Şura olsaydı, heç bir müğənni cürət edib efirə çılpaq çıxmazdı. Şuralar öz funksiyalarını qüsursuz yerinə yetirsəydi, ləhcə ilə danışan aparıcılar efirdə at oynatmazdılar. BŞ üzvləri bəzi aparıcıların vətəndaşlarla müstəntiq kimi davrandıqlarını görmürlər? Onlar qadını pencək kimi dəyişən məişət pozğunlarının efirdə əxlaq dərsi keçməyinə niyə göz yumurlar? Əgər Bədii Şuralar varsa, üç-beş manatlıq aktyorların iştirakı ilə çəkilən düşük seriallar efirlərə necə yol tapır? Bu sualların cavabı açıq qaldığı üçün mən Bədii Şuraların telekanalların yayın siyasətinə ciddə təsir etdiyini düşünmürəm”.
S.Verdizadə vurğulayıb ki, telekanallarda müəyyən keyfiyyət dəyişikliyini inkar etmək olmaz:
“Amma bu dəyişikliklər Bədii Şura üzvlərinin üstün zəkasının nəticəsi deyil, zamanın tələbidir. İnformasiya təhlükəsizliyimiz təhdid altındadır. Tamaşaçıların böyük əksəriyyəti Azərbaycan teleməkanından üz döndərib. Yerli telekanallar rəqabətdə Rusiya və Türkiyə televiziyalarına uduzur. Buna görə də telekanal rəhbərləri daha maraqlı, nisbətən səviyyəli verilişlərin hazırlanmasının qeydinə qalırlar. Müsbət dəyişikliklər İTV-də özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. AzTV isə çətin dövrü arxada qoyub. İndi bu telekanalların hər ikisində bir neçə maraqlı, səviyyəli veriliş izləmək mümkündür. Belə demək mümkündürsə, bu telekanallarda həyata keçirilən kadr dəyişikliyi təsirsiz ötüşməyib”.
Jurnalist vurğulayıb ki, tamaşaçının zövqünü oxşayan verilişlər hazırlamağın vaxtı çatıb:
“Bunun üçün azad yaradıcı mühit olmalıdır. Tamaşaçıların Azərbaycan televiziyalarına olan inamını geri qaytarmaq lazımdır. Bunu üçün tamaşaçının inandığı adamları efirə çıxarmaq lazımdır”.
banner125x125 banner125x125