"Yaramaz" filmində vurub-yıxan Milli Qəhrəman...
Vaqif Mustafayevin 1988-ci ildə lentə aldığı “Yaramaz” filmində mərhum telejurnalist, Milli Qəhrəman Çingiz Mustafayev epizodik bir obrazı canlandırıb
Milli.Az modern.az-a istinadən “Kinomuzun təsadüfi məşhurları” rubrikasında bu filmin həmin “qəhrəmanı”ndan danışacaq.
Gürcü aktyoru Mamuka Kikaleyşvilinin canlandırdığı baş qəhrəman Hətəmi həyatda işi düz gətirməyən adam adlandırırlar. Sadəlövhlüyü ucbatından belələri “işgüzar” adamlar tərəfindən lağa qoyulur. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. İş icraçısı yeni tikilən evin materiallarını satır, nazirin sürücüsü şəxsi işi üçün onun adından istifadə edir. Hətəm onunla edilən şit zarafatlardan təngə gəlib, “ağıllanmağı” qərara alır. Çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda “işgüzar” adamlara xas olan keyfiyyətlərə yiyələnir. Yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir. Nəticədə... Hətəm “dünyanın sahibi” olur. Bu hakimiyyəti ona pul verir, pul da onun qəlbinin təmizliyini əlindən alır.
Tragikomediyaya yaxın olan kinoda yaxşı adamın pis adama necə çevrilməsindən danışılır. Dövrün bəlaları çılpaqlığı ilə üzə çıxarılır, insan şəxsiyyətinin deformasiyasının, mənəvi düşkünlüyünün səbəbləri tədqiq olunur.
Filmin ümumi ruhu haqqında tanışlıqdan sonra Çingiz Mustafayevin canlandırdığı epizodik obraza keçid ala bilərik. Çünki Hatəmin saf və naşı vaxtında ona zərbə vuranlardan biri də bu obrazdır. Hatəm bir xanımla yanaşı addımlayaraq metroya daxil olur. Qadının ona əhəmiyyət verməyərək Çingiz Mustafayevin və başqa bir adamın dayandığı yerə gedərək siqaretini yandırmaq üçün alışqan istəməsi Hatəmin xoşuna gəlmir. Bu səbəbdən də Çingizin adsız qəhrəmanının əlindən alışqanı vuraraq yerə salır. Bu zaman “metro qaqaşları”nın o biri üzvləri Hatəmi əzişdirirlər. Çingiz Mustafayevin yaxşı adam döymək məharəti bu epizodda öz əksini tapır. Qadının sonradan “uşaqlar dağılışın” deməsindən sonra gənclər metronu tərk edirlər...
Təəssüf ki, bu, Ç. Mustafayev çəkildiyi ilk və son filmdir. Çünki sonralar özü metro künclərində deyil, səngərdə real çəkilişlər apardı...
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR