» » Qəhrəman şəhid jurnalist haqqında

Qəhrəman şəhid jurnalist haqqında

Müəllif: Sevinc Novruzova
//
Tarix: 12 iyun 2014
//
Bölmə: Mədəniyyət
Qəhrəman şəhid jurnalist haqqında



Həmkarı Milli Qəhrəman Çingiz Mustafayevi xatırlayır
İyunun 15-də Azərbaycanın Milli Qəhrəmanı, istedadlı jurnalist və patriot Çingiz Mustafayevin həlak olduğu gündən 22 il ötür.

Həmkarı Mais Məmmədovun Milli Qəhrəman haqqında xatirələri:

Gənc və yaraşıqlı Çingiz ağ mələfənin üzərində idi, sanki yatırdı, ətrafında həkimlər yığılmışdı və gənc tibb bacıları hönkür-hönkür ağlayırdılar, anlayırdılar ki, Çingiz Mustafayev bir daha oyanmayacaq.

Rəhmətlik operator Nadir Zeynalovla mən 22 il qabaq iyunun 15-də Ağdama getmişdik və o vaxt oralara rəhbərlik edən Əlisahib Orucovla görüşürdük. Biz onunla vəziyyətin necə olmasından, erməni seperatçılarla gedən döyüşlərdən danışırdıq və birdən telefonun zəngi çaldı. Orucov dəstəyi qaldırdı, sakit şəkildə dinlədi və dəstəyi yerinə qoyaraq dedi: "İndicə mənə bildirdilər ki, Çingiz Mustafayev yaralanıb. Bu, Naxçivanikdə baş verib. Hazırda onu xəstəxanaya aparırlar". Biz dağla qalxmağa başladıq. 20 dəqiqədən sonra üzü bizə tərəf gələn zirehli transportyor işığını yandırıb-söndürməyə başladı. Və aydın oldu ki, Azərbaycanın ən yaxşı cəbhə jurnalistinin cansız bədənini məhz bu maşında xəstəxanaya aparırlar.

Və sonra mən xəstəxanadan Azərbaycan televiziyasına zəng eləyə bildim, həmin illərdə ANS Azərbaycan televiziyasının otaqlarından birində yerləşirdi. Vahid Mustafayev ezamiyyətdə idi və bu qorxulu qara xəbəri mən Mustafayevlərin böyük qardaşı Seyfullaya çatdırdım. Əhvalım çox pis idi. Moskvaya zəng edərək bildirdim ki, özümü həddindən çox pis hiss edirəm. Materialı işləməməyə, Bakıya qayıtmağa icazə istədim. Mənə sərt şəkildə dedilər ki, iyunun 16-da biz Ermənistandan material verəcəyik, sonra sən özün bizi qeyri-obyektivlikdə günahlandıracaqsan. Ertəsi gün biz reportaj hazırladıq və səhər iclasında o, günün ən yaxşı materialı sayıldı. Yəqin ki, bu məsələdə Çingizi itirdiyimizə görə yaşadığımız dərin acı və böyük hiddət də rol oynadı.

Mən deyə bilmərəm ki, Çingizlə yaxın dost olmuşam. Amma bir həmkar kimi cəbhə xəttində çox tez-tez görüşürdük. Rusiya prezidenti Boris Yeltsin Xankəndiyə gələn zaman birlikdə orada idik, biz birlikdə hayıxmış erməni "patriot"larının kin-küdurəti ilə üz-üzə idik, Dağlıq Qarabağ hadisələri barədə guya düzgün məlumat vermədiymizə görə bizi daş-qalaq etməklə hədələyirdilər. Azərbaycanlı qocaların, qadınların və uşaqların işgəncə verildiyi, öldürüldüyü Xocalı ətrafına helikopterdə birgə səfərimizi məgər unutmaq olarmı? Məhz Çingiz Mustafayevin, Xocalıya hücum zamanı erməni başkəsənlərin vəhşilikləri barədə onun çəkdiyi filmin sayəsində dünya bu faciədən xəbər tutdu.

Mənim "Vremya" proqramında göstərilmiş materialımı o qədər kəsmişdilər ki, hadisənin harada baş verdiyini və bunda kimin günahkar olduğunu anlamaq mümkün deyildi.

Mən indiyə kimi heç zaman yazmamışam ki, istər-istəməz Çingizin həyatdan getməsinin şahidi olmuşam, həmişə bu acı dəqiqələri xatırlamaqdan qaçmışam. Amma onun şəhid olmasının ildönümü ərəfəsində nədənsə yuxuda Çingizi gördüm, sap-sağlam idi. Anladım ki, onun barəsində nəsə yazmalıyam. Gözəl jurnalist olmaqla yanaşı, həm də çox igid insan olan bir şəxs barədə yazmalıyam. Təhlükədən qorxmayaraq, o həmişə hadisələrin mərkəzində, vəziyyətin çox pis olduğu, döyüşlər getdiyi yerlərdə olub.

Məhz onun bu keyfiyyətinə görə hətta düşmənlər də ona hörmətlə yanaşırdılar. Bir şeyi də qeyd etmək çox önəmlidir ki, Çingiz öz ölkəsinin böyük vətənpərvəri idi. Bu gözəl söz, nədənsə, bizdə unudulmağa başlayır. Bəlkə də, bizdə vətənpərvərlərin sayı azalır. Amma bəlkə də mən yanılıram, çünki onun məzarını ziyarət etməyə gələnlər yalnız qohumları və yaxın tanışları deyil. Çingizin məzarını ziyarətə onun ölümündən sonra doğulmuş gənc oğlan və qızların gəldiyini öz gözlərimlə görmüşəm. Onlar Çingizi yalnız kitablardan, verilişlərdən və filmlərdən tanıyırlar. Bu, çox gözəldir ki, onu tanıyırlar və xatırlayırlar. Bizim ümidimiz gənclərədir ki, heç kim və heç nə unudulmayacaq. Allah sənə rəhmət eləsin, Çingiz!



QafqazPRESS.az
banner125x125 banner125x125