» » Azərbaycanlı aktrisa: "Onların bu sənətdə yeri yoxdur"

Azərbaycanlı aktrisa: "Onların bu sənətdə yeri yoxdur"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 16 avqust 2014
//
Bölmə: Mədəniyyət
Azərbaycanlı aktrisa: "Onların bu sənətdə yeri yoxdur"




Əməkdar artist Nahidə Orucovanın Milli.Az-a müsahibəsi.

-​ “Sənət küləyi” sizi səhnəyə qəflətən atdı, yoxsa?..

-​ Bu sənətə Şəfiqə Məmmədovaya olan sevgimin nəticəsində gəlmişəm. O, olmasa idi, bəlkə də, bu sənətdə olmazdım.

-​ Səhnəyə gəldiyiniz vaxtdan bu yana nə qədər zaman ötüb?

-​ Artıq 35 ildi ki, sənətdəyəm.

-​ İllərin təcrübəsi sizə nəyi göstərdi?

-​ Həddindən artıq çox haqsızlıqlarla üzləşdim.

-​ Kimdən gördüyünüz haqsızlıq sizi daha çox “yandırıb”?

-​ Ümumiyyətlə, istedadlı insanlara qarşı olan münasibət məni “yandırıb-yaxır”. Teatra, kinoya qarşı elə münasibət göstərirlər ki, elə bil, bu sənət heç lazım deyil. Müğənnilərə daha çox diqqət var, nəinki bizə.

-​ Nə vaxtdan bəri diqqət mərkəzinən kənarda qaldığınızı anladınız?

-​ Sənətə gəldiyim gündən...

-​ Hal-hazırda ailəlisiniz?

-​ Bir qızım var, artıq iyirmi beş yaşına çatıb.

-​ Həyat yoldaşınızdan ayrılmısınız?

-​ Bəli, çoxdan ayrılmışıq.

-​ Səbəb nə idi?

-​ Vaxtında məni çox qısqanırdı, ona görə də ayrılmaq qərarına gəldik.

-​ Deməli, sırf sənətinizə görə ayrıldınız...

-​ Bəli, ancaq onu da deyim ki, o, özü də sənət adamı idi.

-​ Ayrılıq təklifi birinci sizdən gəldi, yoxsa ondan?

-​ Eyni vaxtda bu qərara gəldik.

-​ Bu qərarın peşmançılığını çəkmisiniz?

-​ Çox peçmançılıq yaşamışam, amma artıq gecdir. Nəyisə dəyişmək olmaz.

-​ Ayrıldıqdan sonra sizi axtarıb?

-​ Bizim indiyə qədər dostluq münasibətimiz var. Ortada qızım var, ona atası baxır.

-​ Boşanandan sonra niyə ailə qurmaq istəmədiniz?

-​ Çünki bütövlükdə özümü sənətə verdim.

-​ Amma dəyəri olmadı, elədir?..

-​ Elədir, bax, elə ona görə də “yanıb-yaxılıram”.

-​ Sizi sənətdə “kölgə”də saxlayan kimlərdir? Gənc aktrisalar, yoxsa rejissorlar?

-​ Gənclərə həmişə dəstək olmağa çalışmışam. Rejissor isə yox dərəcəsindədir, demək olar ki. Mən özüm korifey, peşəkar müəllimlər görüb, onlardan dərs almışam. Təməlim möhkəm olub.

-​ İndi sənətdə kimlərə yer yoxdur, sizcə?

-​ Bəzi gənclər sənəti başqa cür anlayıb qəbul edirlər. Məncə, onların bu sənətdə yeri yoxdur.

-​ Məsələn, sizinlə onların düşüncə tərzi arasında nə kimi fərqlər var?

-​ Çoxdur. Hansı birini deyim ki?..

-​ Bu yaşınızda özünüzə nəyi yaraşdırmırsınız?

-​ Haqsızlığı, bir də yalanı.

-​ İndi nəyə ehtiyac duyursunuz?

-​ Təmiz münasibətlərə çox ehtiyacım var.

-​ Bekar olnada başınızı nə ilə qatırsınız?

-​ Dincəlirəm, musiqi dinləyirəm. Əvvəllər mütaliə edirdim, ancaq indi gözlərim zəifləyib.

-​ Bu gün Nahidə Orucova sevilir, yoxsa, sadəcə olaraq, yaddan çıxmayıb?

-​ Onu tamaşaçılar daha yaxşı bilər.

-​ Sizin fikrinizcə...

-​ Əgər məni tanıyırlarsa, yəqin ki, sevirlər.

-​ Sizə nə nəsib olmadı?

-​ Bir çox obrazlar və rollar. Bir də ki, valideynlərimin mənim uğurlarımı görə bilməməkləri mənə çox təsir edir. İkisini də çox erkən yaşımda itirmişəm.




QafqazPRESS.az
banner125x125 banner125x125