FİZZƏNİN RƏNG İZLƏRİ

Bu gün təəssüf hissilə qeyd edirik ki, tariximizin XX əsrində, xüsusən də sovet dövründə Bəhruz yurdunda – Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan qadın rəssamlarımız olmayıb. 1950-ci illərdə Naxçıvan Şəhər Pionerlər Evində görkəmli sənətkar Məmməd Qasımovun rəhbərliyilə yaradılmış rəssamlıq studiyasının, sonralar – 1960-80-ci illərdə də burada fəaliyyətini davam etdirən rəssamlıq dərnəyinin üzvlərindən təxminən 10-dan 2-si qızlar olmuşdur.
İstər sovet dövründə, istərsə də müstəqilliyimizin ilk onilliyi ərzində muxtar respublikada öz ixtisası üzrə pedaqoji fəaliyyət göstərən – orta məktəbdə dərs deyən, yaxud rəssamlıq dərnəyinə rəhbərlik edən qadın rəssama rast gəlinmir. Hətta orta məktəbdə öz istedadı ilə məşhurlaşan, bir neçə təsviri və dekorativ-tətbiqi sənət baxış-müsabiqələrində olan qızlar belə sonradan ya başqa ixtisas üzrə ali təhsil aldıqlarından, ya da ailə həyatı qurduqlarından bu sənəti davam etdirməkdən vaz keçmişlər.
1989-cu ildə Ümumittifaq Xalq Yaradıcılığı Festivalı çərçivəsində muxtar respublika üzrə keçirilən baxış-müsabiqədə dekorativ-tətbiqi sənət ustası, Culfa şəhərindən olan məktəbli Günay Əhmədova qalib kimi Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırıldı. Naxçıvan Şəhər 3№-li Orta Məktəbin şagirdi Anara Nəsirlinin isə Şəhər Pioner və Məktəblilər Sarayının böyük foyesində rəngkarlıq işlərindən ibarət ilk fərdi sərgisi təşkil olundu. Belə misalların sayını artırmaq da olar.
Nəhayət. XXI əsrin əvvəllərində Naxçıvan Dövlət Universitetində yaradılmış konservatoriyada incəsənət fakültəsi fəaliyyətə başladı və burada rəngkarlıq, heykəltəraşlıq ixtisasları açıldı. Həmin şöbələrə daxil olmaq arzusunda olan abituriyentlər arasında qızların sayı ilbəil artmağa başladı.
Artıq indi həmin şöbələrin məzunları arasında nəinki muxtar respublikada, həmçinin Azərbaycan miqyasında, eləcə də beynəlxalq səviyyədə məşhurlaşan gənc qadın rəssamlarımız vardır. Ən əsası da odur ki. Onlar Naxçıvanda yaşayıb-yaradaraq ölkəmizin istedadlı rəssamları kimi tanınmaqdadırlar.
Bu gün Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyevanın Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə başçılıq etməsi qadın rəssamlarımızın təşkilatçılıq və idarəçilik bacarığından da soraq verir. Son illər bu birlik üzvləri arasında da qadınların sayı artmaqdadır. Onlardan Həbibə Allahverdiyeva, Əzizə Dünyamalıyeva və Fizzə Quliyeva üzvlüyə yenicə qəbul olunmuş xanımlarımızdandırlar.
Məqalənin adından da göründüyü kimi bu yazı onlardan birinin – Fizzə xanımın yaradıcılıq yolu haqqındadır. Fizzə Quliyeva ilə yaxın tanışlıqdan və söhbətdən belə məlum oldu ki, onda rəsmlə məşğul olmaq həvəsi təxminən 6 yaşından başlayıb. Bir gün səhər, o, televizordan, uşaqlar üçün verilişdən “Kukla” mahnısını eşidir. Mahnının bu bəndi daha çox xoşuna gəlir:
Atam alıb mənimçün
Rəngli qələm və dəftər,
Kitabım da bax budur –
Gözəl-gözəl şəkillər.
Mahnı bitər-bitməz qızcığazın gözləri otaqda çay içərək onunla bərabər bu mahnını dinləyən atasına zillənir. Ata sanki qızının baxışlarındakı xahişi oxuyur, çayını bitirib ona yaxınlaşır və gülümsəyərək saçlarına sığal çəkib otaqdan çıxır.
Axşamüstü evə dönən atasının əlində rəngli flomaster dəstini və qalın rəsm dəftərini görən Fizzənin sevinci yerə-göyə sığmır. Həmin gündən bu rəsm dəftərinin ilk səhifələrində onun böyük fərəhlə “çəkdiyi” ilk rənbərəng cızma-qaralar görünməyə başlayır. Balaca Fizzənin ilk rəsm dəftərinin alındığı gündən təxminən bir ilə yaxın vaxt ötən zaman bu dəftərin yarıdan o yana olan səhifələrində özünəməxsus məna daşıyan süjetli şəkillər diqqəti cəlb edir.
Artıq məktəbli Fizzə birinci sinifdən üzü bəri dərsliklərində xoşuna gələn şəkilləri təkrar olaraq rəsm dəftərinə köçürməyi başlayır. Xüsusən də ədəbiyyat dərsliklərində olan şair və yazıçıların portretlərinin üzünü böyük formatda köçürməyi xoşlayır. Onun orta məktəbin son siniflərində müxtəlif natürmortlarla bərabər. Qədim Naxçıvanın əzəmətli dağlarını, güllü-çiçəkli çöllərini, tarixi-memarlıq abidələrini əks etdirən rəsmləri də çoxluq təşkil edir.
Nəhayət, 2004-cü ildə Fizzənin ən ümdə arzusu həyata keçir – o, Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinə daxil olur. Burada təsviri incəsənət və rəsmxətt müəllimi ixtisasına mükəmməl yiyələnərək, 2008-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirir.
2006-2009-cu illər ərzində F. Quliyeva Naxçıvan şəhərindəki Texniki Yaradıcılıq Mərkəzində, sonra isə Heydər Əliyev adına Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində rəsm dərnəklərinin rəhbəri kimi əmək fəaliyyətilə də məşğul olmuşdur. 2009-2011-ci illərdə isə o, NDU-nin “Universitet dünyası” Muzeyinin müdiri işləmişdir.
O, 2010-cu ildə, 2 Fevral – Gənclər Günü münasibətilə muxtar respublika üzrə “İlin ən yaxşı gənc rəssamı” adına layiq görülür, istər bakalavr, istərsə də magistratura təhsili müddətində universitet daxilində, həmçinin gənc rəssamların, tələbə rəssamların muxtar respublika səviyyəli rəsm sərgilərində iştirak edərək dəfələrlə birincilik qazanır, fəxri fərman və fəxri diplomlarla mükafatlandırılır.
F. Quliyeva 2011-ci ilin sentyabr ayından muzey müdiri vəzifəsindən yenicə yaradılmış “teatr və mədəniyyətşünaslıq” kafedrasına müəllim keçirilir. Qeyd olunmalıdır ki, o, belə bir etimadı bu illər ərzində layiqincə doğruldaraq özünə və tələbələrinə qarşı son dərəcə tələbkar, eyni zamanda qayğıkeş, işinə məsuliyyətli, intizamlı və yüksək mənəviyyatlı bir müəllim kimi nəinki kafedrada, o cümlədən fakültədə və universitetdə dərin rəğbət qazanmışdır. Elə bu keyfiyyətlərinə görə gənc müəllim öz kafedrasında tələbə-aktyorlara qrim sənətinin sirlərini aşılamaqla yanaşı, incəsənət fakültəsində gənc rəssamlara heykəltəraşlıq, iqtisadiyyat fakültəsinin tələbələrinə isə mədəniyyyətşünaslıq fənlərini tədris etmişdir.
Pedaqoji fəaliyyətində olduğu kimi Fizzə Quliyevanın rəngkarlıq fəaliyyəti də çoxşaxəlidir: mənzərə, portret, natürmort, karikatura, səhnəqrafiya, qrim... Məhz bu xüsusiyyətləri onu nəinki muxtar respublikanın qadın rəssamları, həmçinin bütün rəssamları arasında fərqləndirən cəhətlərdəndir.
Hüseynqulu Əliyev – Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı, NDU-nin kafedra müdiri, Azərbaycan Respublikasının xalq rəssamı: “Mən Fizzə xanımı gənc rəssam kimi 10 ildir tanıyıram. Muxtar respublika Rəssamlar Birliyinin sədri işlədiyim illərdə Naxçıvan şəhərində keçirilən baxış-müsabiqələrdə, Novruz bayramı və digər əlamətdar günlər münasibətilə təşkil olunan sərgilərdə gənclərin, məktəbli rəssamların əl işləri arasında Fizzənin rəsmləri rəng duyumu, fantaziyası və özünəməxsusluğu ilə seçilirdi. Onun bu sənətə ürəkdən bağlılığının nəticəsi idi ki, 2004-cü ildə Fizzə Quliyeva Naxçıvan Dövlət Universitetində uğurlu qabiliyyət imtahanı verdi və mənim tələbəm oldu.
Tələbəlik illəri ərzində onunbir çox janrlar üzrə fitri istedadı üzə çıxdı. Sevdiyi sənətində ilbəil püxtələşən Fizzə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirdi. Bu zaman o, artıq muxtar respublikanın tanınan gənc rəssamları sırasında idi. Heç də təsadüfi deyildi ki, magistraturada təhsil aldığı zaman – 2010-cu ildə “Muxtar respublikada ilin ən yaxşı gənc rəssamı” adına layiq görülmüşdür. Bu gün mən tam məsuliyyət hissilə və əminliklə vurğulayıram ki, fitri istedadı ilə yanaşı çoxşaxəli fəaliyyəti və müxtəlif janrlı yaradıcı fəaliyyətilə Fizzə Quliyeva muxtar respublikanın qadın rəssamları arasında liderdir!”
Bu yerdə Fizzə Quliyevanın çoxşaxəli yaradıcılığına ümumi bir nəzər salaq. Plakat janrında olan işlərindən: “Heydər Əliyev NDU-nin 30 illiyində” (Bu əsər iri ağac lövhə üzərində yandırma üsulu ilə işlənib və burada ulu öndərə universitetin fəxri doktoru diplomunun təqdimolunma anı təsvir olunub), “Qayıdış və çiçəklənən Naxçıvan”, “Xocalı faciəsi”, “Ata həsrəti”, “Bu qan yerdə qalmaz”, “Bizi ellər çağırır”, “Sülh”, “Mənim universitetim”...
Portretlərindən: “Heydər Əliyev”, “İlham Əliyev”, “Vasif Talıbov”, “Milli Qəhrəman Mübariz İbrahimov”, “Akademik İsa Həbibbəyli”, “Bakı Metropolitenini rəisi Tağı Əhmədov”, “Şair Vaqif Məmmədov”...
Mənzərələrindən: “Kazım Qarabəkir paşa məscidi”, “Əlincəçay kompleksi”, “Kələki körpüsü”, “Düşüncə”, “Əlincə qalası”, “Bahar gəldi...”, “Qavalla rəqs”;
Natürmortlarından: “Güllər”, “Natürmort”, “Xrizantemlər”...
Karikaturalarından: “Azərbaycan – Dünyaya doğan günəş”, “Porpost”, Dünyanın yatmış üzü”, “Krossvord”, “Kiminə konfet, kiminə bomba”, “Fikir oğurluğu”...
Bu gözoxşayan, dərin məzmunlu, əlvan rəngli, ağlı-qaralı işlərin hər biri haqqında ən azı bir neçə cümlə yazmaq olardı. Bu əsərlərin qarşısında elə-belə dayanıb, yaxud ötəri nəzər salıb keçmək mümkün deyil. Əsər özü tamaşaçısını qarşısında bir neçə dəqiqə dayanmağa, ona diqqətlə baxmağa məcbur edir. Fizzə xanım öz düşüncə, məqsəd və fantaziyasından süzülüb yaradıcı məhsula çevrilmiş bu əsərlərinin əksəriyyətində tamaşaçı yozumu üçün də yer saxlayır. Əsərə diqqətlə baxan tamaşaçı onu öz baxış bucağı ilə də izah edə bilər və müəlliflə bölüşər. Bir neçə sərgidə rəssam xanımın bundan xüsusi zövq aldığının və öz tamaşaçısı ilə heç bir vaxt mübahisəyə girmədiyinin dəfələrlə şahidi olmuşam. Məsələn, “Düşüncə” əsərinə baxanlar bir ağsaqqalın parkda, skamyada əyləşib istirahət etməsi və ya qarşısında topla oynayan uşaqlardan birinin nəvəsi olması, onunla gəzintiyə gəlməsi, onlara baxaraq uşaqlıq çağlarını xatırlaması, yaxud öz problemləri barədə fikrə dalması qənaətinə gələ bilərlər.
Müəllif ideyası isə burada tam başqadır. Bura Naxçıvanda “Cavid” məqbərəsinin yerləşdiyi parkdır. Qoca məhz bu parka gəlmiş və əyləşib dərin xəyala dalmışdır. Bəlkə elə o da dahi Cavidlə eyni ildə - 1937-də repressiya burulğanına düşərək olmazın məşəqqətlərə məruz qalmışdır. Bəlkə də o da uzaq Sibir meşələrində illərlə şaxtada ağac mişarlamış, hər əlinə balta aldıqca öz ömrünü də baltalamış, vaxtından xeyli qabaq gəncliyilə vidalaşmışdır. Ola bilsin ki, orada, buzlu ağaclar arasında elə Hüseyn Cavidlə rastlaşmış, onunla birgünlük, biraylıq, bəlkə də birillik həmsöhbət olmuşdur?! Budur “Düşüncə” əsərinin əsas qayəsi.
“Güllər” əsəri barədə isə öz şəxsi mülahizəmi sizinlə bölüşmək istəyirəm. Burada tül pərdəli pəncərə önündəki mizin üzərində güllər qoyulmuş vaza təsvir olunmuşdur. Vazadakı güllər bir budaqda üç ədəd ağ qızılgüldən, ayrıca bir budaqda isə qara qızılgüldən ibarətdir. Ağ güllərin biri böyük, digəri orta açmış gül, birisə qönçədir. Yəni sanki bir ailədir – ata, ana və uşaq. Əsəri ilk dəfə görən kimi fikrimi müəllifə bildirdim: “Fizzə xanım, mən bu əsərin adını “Müdaxilə” adlandırardım. Belə bir ad gözləməyən rəssamı maraq bürüdü: “Elə niyə?” Dedim ki. bu rəsmi birlikdə “oxuyaq”. Ağ qızılgüllər bir ailədir – valideynlər və körpə. Vaza isə bu ailənin evidir. Qara qızılgül təkdir. Rəngindən bilinir ki, o, bu evə daxil olub (daha dəqiqi – soxulub) gənc ailəyə müdaxilə etmək məqsədi daşıyan qara, şər qüvvədir. Onun cinsini məlum etməyisə tamaşaçının ixtiyarına buraxaq.
Bundan sonra müəllif öz əsərini ilk dəfə görürmüş kimi onun qarşısında xeyli dayandı. Mən bilərəkdən onların hər ikisini – yaradıcını və yaradılmışı baş-başa buraxdım. Bir azdan Fizzə xanımın sərgi salonunun o tərəf-bu tərəfinə boylanmasından ziyarətçilər arasından məni aradığını hiss edib yaxınlaşdım. Dedi ki, qara qızılgülü çox sevir, ancaq bu əsərindəki məramını açıqlamadan yozumumla razılaşdığını, adını isə dəyişmək barədə düşünəcəyini bildirdi.
Universitet divarları arasında sənəti üzrə ilbəil püxtələşən Fizzə Quliyeva rəssamlığın daha bir janrında da özünü sınayaraq bu sahəyə də öz imzasını atmağa müvəffəq olmuşdur. Belə ki, 15 ildən artıq universitetdə fəaliyyət göstərən Tələbə Teatr Studiyasının hazırladığı son bir neçə tamaşanın – C. Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”nin, Nazim Hikmətin “Qəribə adam”nın, Esxilin “Zəncirlənmiş Prometey”inin quruluşlarında qrim, geyim, yaxud quruluşçu rəssam olub. Bununla da gənc rəssam nəinki öz yaradıcılığında, eyni zamanda Naxçıvanın mədəni həyatında böyük yenilik edərək atdığı cəsarətli addımla muxtar respublikanın ilk qadın-teatr rəssamı titulunu qazanmışdır. Elə bu yazını bitirmək ərəfəsində qəhrəmanım barəsində daha xoş bir xəbər eşitdim: Naxçıvan Dövlət Uşaq Teatrı Fizzə xanımla əməkdaşlıq etmək niyyətindədir – yeni mövsümdə hazırlanacaq tamaşalardan birinin geyim eskizlərinin hazırlanması bu gənc rəssama həvalə olunacaqdır.
Fizzə Quliyeva yaradıcılığı ilə bərabər elmi işlə də məşğul olmağa səy göstərərək dissertant kimi milli incəsənət tariximizin, mədəni irsimizin açılmamış səhifələrini araşdırıb, sənət adamlarımızın fəaliyyətini daha da dərindən və ətraflı işıqlandırmaq barədə axtarışlarını yorulmadan davam etdirir, elmi jurnallarda bu məzmunda maraqlı məqalələrilə çıxış edir.
Ülviyyə Həmzəyeva – Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı, Rusiyanın “Yeni era” Rəssamlıq Akademiyasının həqiqi üzvü: “Mən Fizzə Quliyeva haqqında yalnız müsbət fikirlər ifadə edə bilərəm. İstər onun yaradıcılığı, istərsə də şəxsiyyəti barədə. O bizim gənc rəssamlarımız arasında, o cümlədən qadın rəssamlarımız arasında özünəməxsusluğu ilə seçilir. Özünün davranışı – mənəvi saflığı, səmimi rəftarı, xoş ünsiyyəti, mədəniyyəti və təvazökarlığı, istedadı və zəhmətsevərliyilə bütün birlik üzvləri arasında xüsusi nüfuz və rəğbət qazanmışdır. Sənətinə qarşı sonsuz məhəbbəti onu rəssamlığın müxtəlif janrlarında özünü sınamağa sövq etmişdir. Birliyimizin müxtəlif mövzulara və əlamətdar günlərə həsr etdiyi sərgilərdə Fizzə xanım ən azı iki əsərilə mütəmadi və fəal iştirak edir. Son illərdə teatr janrına da meyl edən gənc rəssamın səhnə eskizləri də maraqla qarşılanır.
Naxçıvan Dövlət Universitetində eyni kafedrada çalışdığımız üçün onu özünətələbkar və tələbələrinin sevimlisi olan bir pedaqoq kimi də tanıyıram. Fizzə həmçinin elmi tədqiqat işilə də məşğuldur. Maraq doğuran bir neçə məqalənin müəllifidir. Sadaladığım şəxsi keyfiyyətlərinə və hərtərəfli yaradıcılıq məziyyətlərinə görə Muxtar Respublika Rəssamlar Birliyinə üzv seçilmiş Fizzə Quliyevanın da şəxsi işi digər bir neçə rəssamımızın sənədlərilə birlikdə Azərbaycan Rəssamlar İttifaqına göndəriləcəkdir. İnanıram ki, Rəssamlar İttifaqının üzvü olduqdan sonra Fizzə Quliyevanın əsərləri nəinki nəinki Azərbaycanın, eyni zamanda dünyanın müxtəlif sərgi salonlarında nümayiş etdiriləcəkdir. Bu yolda ona uğurlar arzu edirəm.”
Bəli, Fizzənin rəng izlərinin müxtəlif şəhərlərin möhtəşəm sərgi salonlarında görünəcəyi zaman çox da uzaqda deyil. Bu arzumuzun gerçəkləşməsi üçün istedadlı gənc rəssama yeni-yeni sənət nailiyyətləri diləyirik!
ƏLƏKBƏR QASIMOV
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun böyük elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun böyük elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR