» » Aşıq Aslan Kosalıya vida sözü

Aşıq Aslan Kosalıya vida sözü

Müəllif: Sevinc Novruzova
//
Tarix: 22 yanvar 2015
//
Bölmə: Mədəniyyət
Aşıq Aslan Kosalıya vida sözü




Aşıq Aslan Kosalının Allahın rəhmətinə qovuşduğunu eşitdim. Bu xəbər ulu Borçalının Qarayazı bölgəsindən gəldi. Saza bir ömür könlünü verən, sözün dəyərini göz bəbəyi kimi qoruyan, elin-obanın, yurdun müqəddəsliyinin keşiyini hər zaman qeyrətlə çəkən bir ustadın dünyadan köçməsi çox böyük bir itkidi. Çox-çox insanlar kimi, mən də bu dünyaya gözümü açdığım gündən Borçalıdan dünyaya boy göstərən ustadların sırasında həm eşitmişdim, həm də görmüşdüm aşıq Aslanı. Aşıq Alxan Qarayazılı kimi bir ustaddan çox mükəmməl aşıqlıq dərsi alan Aslan Kosalı olduqca püxtə və yetkin bir sənətkar kimi eldə-obada tanındı. Hər kəsin bildiyi kimi o Xındı Məmmədlə, aşıq Əmrahla, aşıq Sadıqla, aşıq Hüseyn Saraçlıyla, aşıq Ariflə, aşıq Kamandarla, ən nəhayət, aşıq Əhməd Sadaxlıyla, aşıq Məhəmməd Sadaxlıyla, aşıq Nurəddin Qasımlıyla ağır məclislər keçirmiş, toylar-düyünlər yola salmışdı. O, bütün ömrü boyu nə sözündə, nə sazında, nə davranışında büdrəməmiş, doğruluğu dost qapısı bilmişdi. Gənc aşıqların yetişməsində, püxtələşməsində, davranışında, özünün və sənətin dəyərinin qorunmasında ömrünü vermişdi aşıq.
Mən onun televiziya proqramlarındakı çıxışlarını hər zaman izləmişəm, yaxın günlərdə Türkiyənin TRT-AVAZ proqramındakı Borçalı aşıqlarının görüşünü çox böyük heyranlıqla seyr elədim. Orada aşıq Aslanın ustadlığı yenə göz önündəydi. Tarixi, kökü, soyu bu qədər dərindən və yerli-yerində söyləməyi, dünyaya car eyləməyi hər kəsə qürur verirdi.
Ümumiyyətlə, Aşıq Aslan Borçalının hər guşəsində bütün ellərin həmişə özlədiyi bir insanıydı. Son illərdə sazın ən ləyaqətli və dəyərli bir təmsilçisi kimi, Borçalı adından bütün türk dünyasını dolaşırdı aşıq Aslan Kosalı. Dönə-dönə Azərbaycanda, Karsda, Ərzurumda İstanbulda, Qazaxıstanın Alma-Ata şəhərində keçirilən festivallarda və saz bayramlarında iştirak edib və getdiyi hər yerdə bir ağsaqqal kimi yol göstərib, böyüklük eyləyib. Aşıq Aslan Kosalının söylədiyi dastanlardan ibarət çox dəyərli bir kitab Türkiyədə çap olunub. Onun söylədiyi və tədqiqatçı-alim eloğlumuz Elxan Məmmədlinin yazıya alıb Folklor institutunun rəhbərliyiylə çap elətdirdiyi Borçalı folkloru kitabı çap olunub.
Aşıq Aslan bir ustad aşıq olmaqla yanaşı həm də çox dəyərli söz ustadı kimi el içində hər kəsin sevimlisinə çevrilmişdi. Tədbirlər yaraşığı, məclislər bəzəyi olan aşıq Aslanın dediyi olardı həmişə. O, bir din xadimi kimi də “Əhli Quran” bir kimsənəydi. İman əhliydi, könlü haqqa, meyli həqiqətəydi həmişə.
Aşıq Aslanın Qarayazıda keçirilən 80-illik yubileyi təntənəsi onun hansı dəyərlərə sahib olduğunu bir daha təsdiqləyirdi. Doğrudan da, bir ustadın ustadlığı hər kəsin ürəyincə və könlüncə olanda nə gözəl duyğular yaradırmış. Kaş hər yerdə insanlar öz səmimiyyətini saz səmimiyyətinə uyğun yaşada biləydilr.
Aşıq Aslanın öz şeir yaradıcılığı və sazbəndliyi haqda ayrıca danışılmalı və yazılmalıdı. Onun şeirləri - ustadnamələri, qoşma və gəraylıları çox kamil bir qələm əhlinin yaradıcılıq nümunəsidir. Onun çap olunmuş şeirlər kitabı dediklərimizi bir daha təsdiqləyir. Bir sazbənd kimi də aşıq Aslan çox uğurlu bir sənətkarıydı. Onun düzəltdiyi və ya şirmayıyla bəzədiyi sazların hər biri gözəl əsər kimidi. O düzəltdiyi sazları hədiyyə olaraq insanlara bağışlamağıyla da yaddaşlara yazılıb.
Sinəsi dastanlarla, nağıllarla doluydu aşıq Aslanın. Çap üzü görməmiş yüzlərlə dastan, nağıl, rəvayət, məzəli sözlər, şeirlər onun yaddaşındaydı. Bunlar da nə söyləməklə bitərdi, nə yazmaqla. Hər aşığam deyən kəs də dastan söyləmək gücündə ola bilməz. Aşıq Aslan dövrünün ən gözəl dastan söyləmə qabiliyyəti olan ustadlarındanıydı. Onun haqqında yazmaq üçün xeyli vaxtdır hazırlaşırdım. Bunu da çox yaxşı bilirdim ki, belə bir ustadla üz-üzə oturub dərdləşmək o qədər də asan deyildi. Amma yenə cüzi də olsa, bir şey yazmaq üçün can atırdım. Heyif ki, bu mənə qismət olmadı.
Aşıq Aslanın ölüm xəbəri bir an içində internet səhifələrində bütün dünyaya yayıldı. Bu xəbər məni də sarsıtdı. Bir an içində qərar verdim, onu son mənzilə uğurlayanlar arasında mən də olmalıyam. Oldum da! Bütün gecəni Bakıdan Borçalıya necə yol gəldim, özüm də bilmədim. Ağır elli Kosalı kəndində son yolculuğa çox böyük hörmət və izzətlə uğurlandı bu böyük ustad. Onun bir ömürdə qazandığı qarşısına çıxmışdı. Eşidən,bilən qanad açmışdı ustadın vida mərasiminə.
Aşıq Aslan Kosalı adında bir ustadın əbədiyyətə uğurlanması başa çatdı. Allah rəhmət eləsin!

Gülllü Tomarova,
Bakı, Qarayazı, Kosalı
banner125x125 banner125x125