» » Qürbətdən dönüb vətənində şəhid olan Rüfət Fətəlizadə dəfn olunub

Qürbətdən dönüb vətənində şəhid olan Rüfət Fətəlizadə dəfn olunub

Müəllif: Sevinc Novruzova
//
Tarix: 12 avqust 2014
//
Bölmə: Siyasət / Təhsil
Qürbətdən dönüb vətənində şəhid olan Rüfət Fətəlizadə dəfn olunub



12:00

Müdafiə Nazirliyinin hərbi hissələrinin birində qulluq edən əsgər Fətəlizadə Rüfət Nazim oğlu Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Tovuz rayonunun N saylı hərbi hissəsində xidmət edərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, şəhid dünən doğulduğu Ağsu rayonunda torpağa tapşırılıb.

8 aydır ön cəbhədə xidmət göstərən Rüfət düşmən tərəfindən açılan snayper gülləsinə tuş gəlib. Bir neçə gün öncə ailəsinə telefon açaraq valideynləri ilə danışıb və ailəsinə narahat olmamasını bildirib.

Evin iki övladından biri olan Rüfət Rusiyada ailəsi ilə birlikdə yaşayıb. Amma o, hərbi xidməti öz vətənində keçməyi istəyib. O öz təkidi ilə vətənə gələrək hərbi xidmətə yollanıb.

Şəhidin nəşi doğulduğu Ağsu rayon Padar kəndinə gətirilib. Üçrəngli al bayrağa bükülmüş tabutu ailəsinin, yaxınlarının izdihamlı yürüşü ilə son mənzilə yola salınıb. Dəfn mərasimində şəhidin yaxınları, əsgər yoldaşları, rayon rəhbərliyi və millət vəkilləri iştirak ediblər. Dəfn mərasimi Ağsu Şəhidlər xiyabanında baş tutub. Havaya yaylım atəşi açılıb, şəhidmiz torpağa tapşırlıb.

-----------
08:53

Azərbaycan Ordusunun şəhid olan əsgəri, 1995-ci il təvəllüdlü Rüfət Nazim oğlu Fətəlizadə dünən doğulduğu Ağsu rayonunda dəfn edilib.

APA-nın xəbərinə görə, şəhid Rüfət Fətəlizadənin nəşi Ağsu şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib.

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

Qeyd edək ki, şəhid Rüfət Fətəlizadə bu ilin yanvarında Ağsu rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən zaman düşmən tərəfindən açılan atəşlə şəhid olub.




QafqazPRESS.az