BİZİ İKİ YERƏ YOX, 40 YERƏ BÖLÜBLƏR...
Suriya, İraq və Əfqanıstanda yaşayan azərbaycanlıların bugünkü həyat fraqmentləri…
31 dekabr –
Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür!
Ötənlərin söhbətidir. Suriyada yaşayan türkmənlərlə və Sovetlər Birliyi dağılandan sonra vətəndaşlıq alıb Azərbaycanda yaşayan ərəblərin bir neçəsiylə görüşüm olmuşdu. İraqdakı, Suryadakı son durum, onların qohumları və əzizlərinin durumu və Suryadakı bugünkü siyasi durumt barədə maraqlandım. Söhbət əsnasında bəlli oldu ki, onların hamısı 18,19 yasında Suriyada evləniblər və Bakıda isə azərbaycanlı qadınlarla ikinci dəfə ailə həyatı qurublar. Təmasda olub görüşdüyüm 7 nəfərin hamısı son müharibə nəticəsində ailələrində itki olduğunu bildirdi, onların ya övladı ya qardaşı ya əmisi ya da yaxın ailə üzvlərindən kimsə son qarşıdurmaların qurbanı olublar. Bəziləri isə, mənsub olduqları qəbilələrdən və ailə üzvlərindən hələ də heç bir xəbər tutmadıqlarını bildirdilər. Ehtimal etdilər ki, onların çoxu xəbərsiz-ətərsiz öldürülüblər. Əslən Hələbdən olan müsahiblərimdən biri hətta söylədi ki, onun mənsub olduğu nəslin 5 ailəsi Türkiyədə sığınacaq tapıb. Di ailəsinin Livanda yaşadığını söylədi. Başqa bir həmsöhbətim isə ürək ağrısıyla artıq neçə aydan bəri ailəsi barədə məlumat əldə edə bilmədiyini dedi.Hər hansı məlumat əldə etmək məqsədilə hətta Türkiyəyə gedib, qaçqınlarla görüşən həmsöhbətim, orada da heç nəyə nail ola bilməyib:nəinki ailəsi, heç qəbiləsi haqda da xəbər öyrənə bilməyib və doğmalarından heç kəslə əlaqə yarada bilməyib. Söhbət zamanı onu da aydınlaşdırdım ki, görüşdüyüm şəxslərdən biri Çobanbəyli , digəri isə Öysüzlü qəbiləsindəndir. Onların sözlərindən məlum oldu ki, 1803-cü ildə Sisyanovun Azərbaycan torpaqlarına hücumu zamanı Gəncə, Qazax, Nax-çıvan, Ərdəbil və digər bölgələrdən Suriyada Hələb şəhərinə, İraqda isə Ərbilə köçürülüblər. Ərbildə indi türkmanlar yaşamasa da, qabaqların soydaş-larımızım yaşadığı bir şəhər olub. Onları zaman-zaman kürdlər qırğına məruz qoyaraq həmin şəhərdən sürgün ediblər. Hələb şəhərində isə azərbaycanlılar hələ də yaşayır… Onlar daha çox kəndlərdə məskunlaşıblar-qəbilə şəklində… amma tarixdən də bəlli olduğu kimi, canı canımızdan, qanı qanımızdan olan təmiz Azərbaycan türkləridir. Mənimlə söhbətində Suriyanın Hələb şəhərində yaşayan , Çobanbəyli qəbiləsindən olan türkman qardaşımız bildirdi ki, orada yaşayanlar da təmiz Azərbaycan türkü olduqlarını yaxşı bilirlər.” Hətta Kərkükdə elə qəbilələr var ki, eynən Naxçıvan ləhcəsində danışırlar. O zaman Sovetlər birliyi dağılanda ilk dəfə Azərbaycana gəlmişdim. Bir naxçıvanlı ilə tanış oldum. Danışığını eşidəndə elə bildim ki, kər¬küklüdür.”
Bu sözləri eşidəndən və bütün söhbətlərdən sonra mərhum xalq şairi Xəlil Rza Ulutürkün fikrini xatırladım ki, “BİZİ İKİ YERƏ YOX, QIRX YERƏ BÖ-LÜBLƏR.”
Əfqanıstanda Qarabağ Dəhnəsi adında bir şəhər var ki, Nadir şah dövründə- 18-ci əsrdə sürgün edilmiş qarabağlılar yaşayır. Onlar eynən bizim Qarabağ ləhcəsiylə danışırlar. Onların “Qarabag FM” adında öz radiosu fəaliyyət göstərir. Qarabağ adına küçə və məktəbləri də var. Onlar barəsində ilk dəfə mətbuatda mən yazmışam. “27 ildən sonra” adlı kitabımda Qarabağ Dəhnəsi adında kənddə yaşayan soydaşlarımızdan geniş bəhs etmişəm. Tarixin sınaqlarından uğurla çıxmış Hələb şəhəri indi yer üzündən silinmək üzrədir. Orda insanlar pərən –pərən düşüb, o yerlərin insanları ən ağır günlərini yaşayırlar. Məlum olduğu kimi, dahi Azərbaycan şairi İmaməddin Nəsiminin məqbərəsi də Hələbdə olduğundan bu şəhər həmişə bizə doğma olub.Amma indi baş verənləri acı-acı seyr edərək böyük bir tarixi olan bu qədim şəhərin dünyanın gözü qarşısında məhv edildiyinin şahidi oluruq.Tarixi abidələr, allah evi olan məscidlər , gözəl-gözəl şəhərlər dağılaraq viran edilir. Suriyada daxili savaş başlayandan sonra əhali müxtəlif adlar altında çoxlu qruplara bölünüb və fərqli bölgələrdə müharibə aparır. Suriyada, demək olar, hər kəs silaha sarılıb. Silahlanan qruplardan biri də türkmanlardır. Şam, Hələb və Lazkiyada 3,5 milyona qədər türkman yaşayır. Onların bir hissəsi Suriya müharibəsindən sonra Türkiyəyə köçüb. Qadın və uşaqlarını Türkiyəyə göndərən kişilərin çoxu Türkman Cəbhəsində savaşa başlayıb. Onların ən önəmli mövqelərindən biri Türkiyə sərhədləri yaxınlığındakı Türkman Dağı bölgəsidir.
Əhalisi çox olmayan Bayırbucaq türkmanları həm cəbhədə, həm də siyasətdə parçalanıblar. Onlar Əsəd dönəmində türkmanların başına gələnlərdən, işgəncə dəzgahlardan, səhranın ortasındakı həbsxanalardan elə danışırlar ki, insanın ağılı başından çıxır..
Iraq türkmənlərindən, Kərkükdən eşitdiyim bir xəbər məni dəhşətə gətirdi: mən Çingiz xan barəsində yazdığım romanda bunu təsvir etmişəm.1231-ci ildə insanlar öz övladlarının əsir düşməməsi üçün onları öldürürdülər.İndi üstündən 800 il keçəndən sonra da insanlar yenə övladlarını öz əlləriylə öldürmək məcburiyyətində qalırlar-təki balaları əsir düşməsin.Doğrudanmı insan düşüncəsi və qəsbkarlığı bu qədər müddət ərzində heç inkişaf edə bilməyib.Baxın, Kərkükdə bir türkman qəbiləsinin başçısı nə deyir: “İŞİD hücum etdiyi bəzi bölgələrdə türkman qızlarını aparmaq istəyirdi. Atalar qızlarını əsir düşməməsi üçün öz əlləri ilə onları öldürdü. Təsəvvür edin, biz qızlarımızı İŞİD-ə əsir düşməməsi üçün öz əlimizlə öldürürük. Bu,böyük faciədir” İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşat Salihi türkmanların durumu ilə bağlı danışarkən bu faktları dilə gətirib.
Onun sözlərinə görə, İŞİD hücumları bu gün də davam edir: “Tələfarda bəzi bölgələri aldılar. Kərkükdə bir kəndi tutdular, Mosulun bəzi yerlərini işğal etdilər. Türkman bölgələri daimi olaraq İŞİD hücumuna məruz qalır. Bizim coğrafiyamız işğala məruz qalır, milli kimliyimiz təhlükə altındadır. Lakin bu gün bizə silah verən yoxdur. İraq hökumətindən müqavimət göstərmək üçün silah istədik, hələ də cavab verilməyib. Hazırda müqavimət göstəririk. Ancaq öz gücümüz çərçivəsində mübarizə aparırıq. Bu isə azdır”.
E. Salihi kürd peşmərgələrinə Amerikanın silah verdiyini deyib.
Biz də Amerikadan silah istəmişik. Amerika, yaxud hökumət silah verməsə, məcbur qalıb başqa qapıları döyəcəyik. Bizim istəyimiz sadəcə öz torpağımızı müdafiə etməkdir. Bu gün İraqda hökumət ordusu və peşmərgə yalnız özlərini qoruyur. Yəni hər kəs özü üçün vuruşur. Özümüzü qorumaq üçün bizim silahımız yoxdur .
1960-cı ildə Kərkükün 95 faizi türk idisə, 20 il sonra bu rəqəm 75 faizə qədər düşmüşdü. Qeyd edək ki, İraqın sabiq lideri Səddam Hüseyn dövründə də türkmənlərə qarşı haqızlıqlar davam edirdi.
Bütün bunlar öz yerində.Amma görüşdüyüm, mənə ürəklərini boşaldan Surya vətəndaşları adlarının çəkilməməsini xahiş etdilər.Onlardan biri isə yana-yana millətinin faciələrindən danışıb , qeyd etdi ki,oradakı həmvətənləri cəhalətin, savadsızlığın içində çabalayıb boğulurlar.Həmin savadsızlıq da belə faciələrə gətirib çıxarır. O danışır ki,”15 il qabaq Azərbaycana gələndə təyyarə limanında əmisi oğluyla görüşüb.Əmisi oğlu bunun gəldiyi təyyarə ilə Suriyaya qayıdırmış.Əmisi oğlu soruşub ki, bura niyə gəlmisən?.Suriyada biz 4 sinif oxuyuruq.Sonra valideynlərimiz bizə ticatər etməyi öyrədirlər.Burada isə adicə süpürgəçinin də cibindən institut diplomu çıxır. Azərbaycanda insanlar çox savadlıdır.Biz onların heç süpürgəçisi ilə də bacarmarıq.Sonda əmisi oğlu deyib ki, mən qayıtdım Suriyaya.Sən də qayıdacaqsan gec-tez.”
Həmsöhbətimin sözlərindən sonra mən mədəniyyətin beşiyi olan Şərqdə əhalinin bu vəziyyətə düşməsinin səbəbini anladım. – S A V A D S I Z L I Q..!
Ailəsini axtarmaq üçün Türkyəyə səfər edən başqa bir soydaşımız isə işgəncə faktlarından danışdı . İŞİD bir kəndi mühasirəyə alaraq Derzor şəhərində Şeytat qəbiləsini yer üzündən sildi.Bələkdə yatan uşaqlara belə acımadan güllə-borana tutdular.Bir nəfəri belə salamat buraxmadılar.Ərəb mənşəli bir qəbilənin 2500 üzvü bir nəfərinə kimi eyni gündə öldürüldü. Qeydet qəbiləsini də, Bakkara qəbiləsini də uşağa-böyüyə baxmadan yer üzündən sildilər.
Bütün bunlar barədə ürək ağrısıyla danışan həmsöhbətimiz , elə mənim yanımdaca Suriyada, İraqda yaşayan qohumları ilə telefon əlaqəsi yaratdı. Onlarla danışığından məlum oldu ki, dövləti dəstəkləyən 16 qəbilə başçısı da İŞİD tərəfindən edam olunub. Söhbər əsnasında o da aydınlaşdı ki, hazırda İŞİD komandirləri arasında fikir ayrılıqları var və onlar tez-tez bir-biriləriylə atışırlar. İŞİD-çilər parçalanıb və onlara qoşulan azərbaycanlı döyüşçülər bunlarla konfliktdədirlər. Hətta azərbaycanlı İŞİD komandirlərindən həbs olunanlar da var. 1.6 milyon qaçqın Türkiyəyə sığınıb, İŞİD kürdlərin işğal etdiyi kəndləri yerli ərəblərə satıb. 5 min dollara kəndləri alan ərəblər isə daş üstə daş qoymayıblar.Bu da İŞİD-dən sonra yerli ərəblərlə kürdlərin arasında yeni konflikt yaradır.Nə müharibə tezliklə qurtaran deyil, nə də ki, ərəblərin kürd kəndlərində etdiyi vəhşilikləri kürdlər onlara bağışlayan deyil, bu problem hələ uzun illər şəkəcəkdir.
Dünyanın 80-dən artıq ölkəsindən İŞİD-ə qoşulanlar arasında Azərbaycandan gedib könüllülər də var.Orada əlinə silah alıb döyüşənlər kimin və nəyin uğrunda vuruşduqlarını bilməyənlərdir. Onlardan soruşan gərək,sən kimin üçün atılmısan bu meydana, bu qarşıdurmalar nədən ötrüdür, nədən bu qədər haqsız yerə insan qanı axıdılır, eyni dinə sahib, eyni kökdən olan insanlar nədən bir-birinə qənim kəsilib.!? Hiylələr, fitnələr o qədər dərinə işləyib ki, insanları bu yoldan çəkindirmək belə müşkülə çevrilib.
Biz İŞİD qədər amansız ,acımasız düşmənlə Xocalıda, Qarabağda rastlaşdıq. Tariximizə baxarkən görərik ki, hansı illərdə ki, Azərbaycanda dövlətsizlik olubsa, nankor qonsşularımız iç üzünü göstərib.Bunun da nəticəsində bir milyondan artıq qaçqınımız oldu, 20 faiz torpaqlarımız işgal olundu. Biz o günləri gördük ,o günləri bir də yaşamamaq üçün hər birimiz vətənimizə, dövlətimizə sahib çıxmalıyıq. Dünyada baş verənləri hər birimiz gürürük. Bu günlərdə Ukrayna televizyasında bir maraqlı reportaja baxdım: bir Ukrayna vətəndaşından soruşurlar ki, bu müharibə, bu fəlakət nə vaxt bitəcəkdir. Vətəndaşın isə cavabı belə olur, bizim ölkəmizdə Heydər Əliyev kimi dahi siyasətçi dövlət başında olmadığına görə, bu müharibə çox çəkəcək, çox fəlakətlər olacaq...
Bu günlərdə ölkəmiz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edəcək. Bu gözəl bayram münasibətilə hamını təbrik edir,hamıya bol səadət və millət, xalq naminə əsl həmrəylik arzulayıram. Tanrı bəd gözlərdən, çirkin oyunlardan, xəbis işlərdən vətənimizi qorusun.
CƏLALƏDDİN (Qasımov)
Araşdırmaçı-yazar
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR