“Paris ən gözəl şəhərdir” – İlham Əliyev
"Bakıya yeni avtobusların gətirilməsi layihəsi gündəlikdədir. Əlbəttə ki, bizim mütəxəssislər və ictimaiyyət bu məsələ ilə tanış olarkən Fransa avtobuslarına üstünlük verdi. Çünki onlar ən gözəl, yaraşıqlı, ekoloji cəhətdən təmiz və keyfiyyətlidir".
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Fransa biznes forumu çərçivəsində sahibkarların sualını cavablandırarkən deyib.
Prezident qeyd edib ki, 150 müasir avtobusun Azərbaycana gətirilməsi üçün sifariş vardır: "Hesab edirəm ki, gələcəkdə Fransadan Bakıya yüzlərlə avtobus gətiriləcək. Bizim ehtiyacımız artır, əhali artır, tələbat artır. Bəlkə də gələcək illərdə bir neçə min avtobusun gətirilməsindən söhbət gedə bilər".
Dövlət başçısının sözlərinə görə, hər bir şəhər çalışmalıdır ki, Parisin səviyyəsinə çata bilsin: "Çünki Paris şəhərlər arasında ən gözəl şəhərdir. Onu da qeyd etməliyəm ki, Bakının qədim memarlıq əsərləri də Fransa memarlıq sənətindən nümunə götürüb və ondan ruhlanıb. Bakıda 19-cu əsrdə, 20-ci əsrin əvvəllərində tikilmiş binalara nəzər salsanız görərsiniz ki, Avropa memarlıq üslubu özünü büruzə verir. Əlbəttə ki, biz Avropa memarlığı deyəndə, Fransanı nəzərdə tuturuq. Bakının sürətli inkişafı əlbəttə ki, bizi sevindirir. Eyni zamanda, deyə bilərəm ki, biz bu inkişafda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmişik, baxmışıq, nümunə götürmüşük. Fürsətdən istifadə edərək onu da qeyd etməliyəm ki, Fransanı və fransalıları yüksək zövq fərqləndirir. Dizayn və zövq tarixdən gələn bir istedaddır. Və əlbəttə ki, bu gün Parisdə və Fransanın digər şəhərlərində yaşayan insanlar bu gözəlliyi görərək yeni əsərlər yaradırlar. Bu da təbiidir. Fürsətdən istifadə edərək bir daha qeyd etməliyəm ki, Fransa dünya mədəniyyətinə, incəsənətinə, elminə və memarlıq sənətinə əvəzolunmaz töhfələr vermişdir".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR