» » ANS-in uğur yolçuları

ANS-in uğur yolçuları

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 avqust 2015
//
Bölmə: Mədəniyyət
ANS-in uğur yolçuları





Bu gün Azərbaycan-ABŞ Jurnalistika Akademiyasının 8-ci kursunun məzunlarına sertifikatların təqdimetmə mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, hər il Milli Qəhrəman Çingiz Mustafayev Fondunun maliyyə dəstəyi, ANS TV və ABŞ səfirliyinin dəstəyi ilə keçirilən kurslarda bu il daha 20 nəfər məzun sertifikat alıb.

Təqdimetmə mərasimində əvvəlcə kursun gedişatını əks etdirən qısa videoçarx nümayiş olunub. Üç aydan çox davam edən kurslara müəllim qismində ölkənin peşəkar jurnalistləri ilə yanaşı, xarici mütəxəsisslər də cəlb olunub.

İlk olaraq söz ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə verilib. Hər kəsə təşəkkürünü bildirən Vahid Mustafayev Azərbaycan - ABŞ Jurnalistika Akademiyasının 8 ildir jurnalistika ilə peşəkarcasına məşğul olan 300-dən çox jurnalisti hazırlandığını diqqətə çatdırıb. Vahid Mustafayev kursu bitirən jurnalist tələbələrə gələcək peşə fəaliyyətində uğurlar arzulayıb. Məzunlara ekstremal jurnalistikadan dərs demiş V.Mustafayev kursu müvəffəqiyyətlə bitirən gələcək jurnalistləri ANS ailəsinin üzvü kimi qəbul etdiyini və jurnalistikanın ən yaxşı dəyərlərini yaşatmaq yolunda onların hər birini çətin, amma şərəfli yol gözlədiyini deyib.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev

"Tədbirdə iştirak edən ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqana təşəkkür edirəm. Kursantlarımızı qarşıda ağır şərəfli bir yol gözləyir. Bu yaxınlarda çıxış edən prezidentimiz İlham Əliyev jurnalistlərin işini diqqətlə izlədiyini bildirdi. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram",- deyə Vahid Mustafayev bildirib.

ANS Şirkətlər Qrupunun prezidenti yaxşı jurnalist olmaq üçün təcrübədən başqa keyfiyyətli təhsilin çox vacib olduğunu da vurğulayıb. V.Mustafayev jurnalistlərə deyib ki, bu kurslar artıq ənənə halını alıb və bundan sonra da davam etdiriləcək.

ABŞ müvəqqəti işlər vəkili Derek Hoqan

Tədbirdə iştirak edən ABŞ müvəqqəti işlər vəkili Derek Hoqan peşəkar jurnalistikaya vəsiqə alan məzunları təbrik edib. Ölkəsinin Azərbaycanda əsas məqsədlərindən birinin respublikada müstəqil medianın inkişafı olduğunu bildirib. O qeyd edib ki, ABŞ səfirliyi ilə ANS arasında qurulan əməkdaşlıq layihəsi çoxlu sayda yaxşı gənc jurnalistləriin yetişməsinə kömək edəcək.

“Mən ANS şirkətinin rəhbərliyinə Azərbaycan-ABŞ Jurnalistika Akademiyasının tədbirini təşkil etdiklərinə görə təşəkkür edirəm. Mən bura yığışan, çalışmağa böyük həvəsi olan Azərbaycan-ABŞ Jurnalistika Akademiyasının məzunlarının buraxılış mərasimində iştirak etməkdən çox məmnunam. Siz karyeranızı jurnalistika ilə bağlamaqla üzərinizə böyük bir məsuliyyət götürürsünüz”,- deyə Derek Hoqan bildirib.

Daha sonra kursantlara sertifikatlar verilib.

Qeyd eək ki, jurnalistikanın daha mükkəmməl şəkildə öyrənilməsi üçün Milli Qəhrəman Çingiz Mustafayev Fondu tərəfindən təsis edilən, həmçinin ANS MYMŞ və Amerika Səfirliyinin dəstəyi ilə fəaliyyət göstərən Jurnalistika Akademiyası artıq 8 ildir ki, öz tələbələrinə yerli və xarici müəllimlər tərəfindən qısa müddət ərzində bu sahənin bütün sirrlərini öyrətmək üçün professional kurslar təşkil edir. Kurslar 2 ay müddətində fəaliyyət göstərir. Yerli və xarici müəllimlər tərəfindən jurnalistika ilə yanaşı tarix, ilahiyyatla bağlı dərslərdə keçirilir. Dərslər peşəkar mütəxəssislər - ANS ŞQ-nun prezidenti Vahid Mustafayev, vitse-prezidentlər Seyfulla Mustafayev və Mirşahin Ağayev, həmçinin ABŞ səfirliyinin nümayəndələri və ANS TV-nin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən aparılır.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra qonaqlar üçün furşet və şənlik təşkil olunub.
banner125x125 banner125x125