» » Cəbiş müəllimlik eləmək bizim qanımızdadır…

Cəbiş müəllimlik eləmək bizim qanımızdadır…

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 aprel 2016
//
Bölmə: Mədəniyyət
Cəbiş müəllimlik eləmək bizim qanımızdadır…








Elbrus Ərud

Adətən illərlə yanında olan birini ani reaksiyalarından tanıyır, kimliyini öyrənirsən. Birinin kimliyinin ortaya çıxması üçün mütləq hadisə baş verməlidi. İnsanları hadisəsiz tanımaq olmur… Bu mənada cəmiyyət də eyni mahiyyətə malikdir. Cəmiyyətin də kimliyini öyrənmək üçün gərək mütləq hadisə baş versin. Məhz ani hadisələr, qəfil baş verən olaylar zamanı hər hansı toplumun, cəmiyyətin əsl simasını açmaq mümkün olur.

Azərbaycan cəmiyyəti müstəqillik qazandıqdan sonra illərdir ki, tənqid olunurdu. Elə içi mən qarışıq, əlinə qələm alan, ağzına mikrofon tutan hər kəs cəmiyyətin ictimai, milli şüurunun aşağı olduğunu yazır, insanları passivlikdə ittiham edir, heç bir prosesdə iştirak etməməkdə qınayırdı. Təxminən eyni münasibət orduya da şamil olunurdu. Azərbaycan ordusunun Səfər Əbiyevdən qalma belə bir imici yaranmışdı –“Lazımın ordusu”.

Lakin artıq bütün dünyanın 4-5 gündür dilində bir ifadə var - Qarabağ. Təsadüfi deyil ki, nəhəng axtarış sistemi olan “Google”da da son günlər ən çox axtarılan söz də məhz “Qarabağ”dır. Mən Qarabağda nə baş verdiyini, bu sürətli və qısamüddətli müharibənin müsbət və mənfi tərəflərini təhlil etmək, baş verənlərin düz və ya səhv olduğunu təhlil etmək istəmirəm. Bu işin öz mütəxəssisləri var. Yəqin ki, beynəlxalq hərbi ekspertlər, təşkilatlar, dövlətlər, məsələnin əsl mahiyyətindən xəbərdardırlar. Və yəqin ki, çox çəkməyəcək ki, bütün həqiqətlər-itkilər də, əldə olunan yüksəkliklər də, əskikliklər də üzə çıxacaq. Bu mənada heç kimi aldatmaq və ya olanları gizlətmək mümkün deyil.

Mənim baş verənlərin fonunda jurnalist kimi bəzi müşahidələrim oldu ki, bunları mütləq bölüşmək istəyirəm. Hər şeydən əvvəl, yuxarıda qeyd etdiyim kimi, dünyanın üzünü Qarabağa çevirməyin mümkünsüzlüyünü deməyin nə qədər səhv düşüncə olduğunu gördük. Qeyd etdiyim kimi hazırda bütün dünya “Qarabağ” deyir. Özü də BMT qətnamələrindən sonra bəlkə də ilk dəfə idi ki, Qarabağın Azərbaycana aid olduğunu beynəlxalq müstəvidə bu qədər tez və konkret etiraf etdilər. Bircə rəsmi Moskvadan başqa demək olar ki, həm dünya KİV-ləri, həm də dövlətləri bu savaşda Azərbaycanın yanında oldular. İndiyə qədər isə Qarabağın Ermənistanın ərazisi kimi göstərildiyi xəritələrə etiraz etməkdən bezmişdik. Bu mənada beynəlxalq ictimai rəyi bir an da olsun dəyişməyə qoymaq lazım deyil. Ona görə də, XİN-in bizi burda qoyub xarici jurnalistləri cəbhə xəttinə aparmasına da səbirlə dözmək olar. Təki, ümumi mənafe naminə iş getsin.

İkinci əsas məsələ isə Azərbaycan cəmiyyətinin 25 il əvvəlki həmrəyliyinin qayıtması, insanların sosial şəbəkələrdə vahid mövqe nümayişi, deputatından jurnalistinə, məmurundan fəhləsinə qədər orduya verilən dəstəklər, üç rəngli bayrağa boyanmalar, hətta ən qatı mövqedə olan müxalif partiyaların, işi-gücü iqtidarı söymək olan insanların bir cəbhədə birləşməsi, Qarabağa görə bir araya gəlməsi idi. Azərbaycan cəmiyyətinin parçalanmalarına görə əzab çəkən, bunu ən böyük problem hesab edən insanlar gördülər ki, bu cəbhələşmələr əslində dərin köklərə malik deyil. Bu xalq eyni yerdə, eyni mövqedədir. Bu birliyi, bərabərliyi Allah da, Azərbaycan dövləti də, dünya ictimaiyyəti də, bizi gözü götürənlər də, götürməyələr də gördü… Bu mənada hərə öz hesabını götürdü…

Buna görə də sevinirik, belə demək mümkünsə, ordumuzla da, cəmiyyətimizlə də fəxr edirik.

Ancaq məsələ burasındadır ki, baş verənlərin fonunda yalnız minimum nəticələr əldə etmişik. Bizim hədəfimiz Lələ-Təpə yox, İsa bulağı, Cıdır düzüdür. Və Azərbaycan əsgəri yalnız bayrağı Şuşa qalasına taxandan sonra bizim ruhumuz toxtaya bilər. Bu, heç şübhəsiz ki, belə də olacaq.

Bizim növbəti hədəflərə çatmağımız, daha uca yüksəkliklərə nüfuz etməyimiz üçün buraxdığımız səhvləri aradan qaldırmağımız, yersiz, lazımsız hərəkətlərə, nəticəsi hesablanmayan çağırışlara, aksiyalara getməməyimiz lazımdır.

Yazının əvvəlində dediyim kimi elə ki, bir hadisə baş verdi, hamının əsl sifəti, kimliyi ortaya çıxmağa başlayır. Belə məqamlarda, avantüristlər üçün də münbit şərait yaranır. Özünü ortaya atıb mühiti korlamaq istəyənlər başlayırlar meydan sulamağa.

İndi ara sakitləşib, emosiyalar səngiyib və mən bir-iki tezislə cəmiyyətimizdəki avantüristlərə sual vermək istəyirəm- Cəbhədə şıdırğı döyüşün getdiyi bir vaxtda, bütün dünyanın gözünün Füzuliyə cəmləşdiyi bir zamanda Bakıda yumşaq desək, yersiz hərəkətlər etmək, nə bilim qışqırmaq, plakat qaldırmaq, tələb olunmaya-olunmaya qan vermək, siqaret yığma aksiyaları keçirmək, iki blok siqaret götürüb cəbhəyə yollanmaq nəyə lazımdır? Lütfən, buna “Göyərçin dimdiyində bir damla su” kimi qiymət verib, hərə öz dəstəyini göstərir reaksiyasını verməyin. Gecə-gündüz ordumuzun qüdrətindən, hərbi gücümüzdən, dövlətin orduya yaratdığı şəraitdən danışdığımız bir vaxtda adama sual verməzlərmi ki, bəs niyə küçədə siqaret dilənirsən? Əlbəttə, burada saf niyyətli, səmimi münasibətli insanlar da ola bilər. Yəni, məqsədi ancaq və ancaq gücü çatan köməyi etməklə türklər demiş “Katkıda bulunmaq” fikrində olanlar da var.

Ancaq ümumi mənzərə budur ki, döyüşün getdiyi iki gün deyil ki, başlayıblar isti corab, yun əlcək, nə bilim, pensilin, sarğı yığıb orduya göndərməyə. Ayıb deyil heç? Yəni bu dövlətin 100 yaralıya qan verəcək ehtiyatı yoxdurmu ki, özbaşına aksiyalar təşkil edirik? Bu 92-ci il deyil ki, Ləl-cəvahirat Fondu yaradan beş-altı dəllal qız-gəlinin boyun-boğazının qızılını orduya dəstək adı ilə sil-süpür eləyib apara. Yadıma gəlir ki, o vaxt bizim ailədə kişilər arvadlarının barmağından nişan üzüyünü çıxarıb həmin bu “Moşşenik fondu”na verirdi ki, orduya dəstək olsun. Axırını da gördüz...

Aradan 25 il keçsə də, görünür, həmin qəhrəmanlıq kimi yüngüllük də paralel olaraq bizim içimizdə yaşamaqda olub. Yoxsa, dünən lokal döyüşlərə başlayan bir orduya, bir gün keçməmiş beş-altı uşaq qapı-qapı düşüb nəzir yığmazdı.

Eyni avantüra döyüş başlayan gün göbələk kimi ortaya çıxan saytlara, facebook istifadəçilərinə də aididr. Hər iki dəqiqədən bir 10-15 nəfər avara facebookda “O rayonu azad etdik”, “Bu torpaqları geri aldıq”, “Çox sevinirəm, amma rəsmi olmadığı üçün deyə bilmirəm”, “Budur, ermənilərin meyitləri”, “Ay, kəndlər boşaldıldı”, “Ruslar Qarabağa girdi” kimi statuslar paylaşmaqla axmaq dezinformasiyalar yayıb mühiti korlayır, əldə olunan həqiqi uğurlara da şübhə yaradırdılar. Artıq dövlət bu məsələdə ciddi şəkildə öz hesabını götürməli, “moşşenikləri”, işbazları, avantüristləri yerində otuzdurub başa salmalıdır ki, fövqəladə situasiyalarda tələb olunmayan mollalıq eləməyin.

Yəni, bu əllaməçiliyin, yersiz vətənpərvərliyin inzibati yollarla qarşısı alınmalı və ara qızışanda cəmiyyətlə məzələnən, yalan xəbərlər yayan, bir sözlə, artıq-əskik hərəkətlər edənlər ciddi şəkildə cəzalandırılmalıdır.

İnsanlar başa düşməlidir ki, belə şəraitdə kimdənsə tələb olunmursa, ortaya düşüb Cəbiş müəllimlik eləmək lazım deyil… Yoxsa, illər keçər, haqqınızda kino çəkərlər…
banner125x125 banner125x125