Elxan Süleymanov: “Qarabağın Krıma heç bir oxşarlığı yoxdur” – MÜSAHİBƏ
Avronest Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Elxan Süleymanovun Modern.az-a müsahibəsi.
-Ukraynada baş verən proseslər fonunda Azərbaycanda Rusiya təhlükəsi varmı?
-Hazırda Azərbaycanın Gömrük İttifaqına yönləndirilməsi prosesi getmir. AŞPA-da Rusiyanın səsvermə hüququnun dondurulması ilə bağlı məsələdə Azərbaycan neytral vəziyyətdə qaldı. Çünki Rusiyanın Avropa Şurasının çıxarılması düzgün deyil. Avropalılar bundan iki gün sonra Büroda peşman olduqlarını bildirdilər. Çünki Rusiyasız Avropa soyuq bir evə oxşayır. Rusiyanın, xüsusilə də Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü Rusiyadan asılıdır.
Mən Avronest nümayəndə heyətinin rəhbəriyəm, bəlkə də təəccüblənirsiniz ki, niyə belə düşünürəm. Dediklərim reallıqdır. Avronest Parlament Assambleyasının 2012-ci ildə keçirilən yay sessiyasında dedim ki, Parlament Assambleyası ləğv edilməlidir. Bu, bir forum və ya beynəlxalq QHT ola bilər. Bu təşkilat Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü həll etmirsə, o zaman nəyə lazımdır. Deyirlər, bura Qarabağ problemini həll edən təşkilat deyil. Bəs onda bu nədir? Bütün problemlər ərazi bütövlüyünün pozulmasından sonra başlayır. Ukraynanın da başına gələnlərin səbəblərindən biri Rusiyanın vaxtında Şərq Tərəfdaşlıq proqramına cəlb edilməməsidir. Rusiya bu proqrama cəlb edilsəydi, bəlkə də başqa cür olardı, qan tökülməzdi.
-Krımda baş verənlər Qarabağda təkrarlana bilərmi?
-Bu, mümkün deyil. Ermənilər zor tətbiq etməklə Qarabağı işğal ediblər. Qarabağın Krıma heç bir oxşarlığı yoxdur.
-ABŞ və Qərb niyə Ukrayna məsələsində nisbi aktivlik nümayiş etdirirlər? Yəni yalnız sanksiya tətbiq etməklər kifayətlənirlər...
-Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini və bununla da Rusiyanın çökəcəyini eşidəndə, buna heç cür inanmıram. Çünki Rusiya güclü dövlətdir. Avropa ölkələri təkcə qaz deyil, digər məsələlərdə Rusiya ilə əməkdaşlıq edirlər. Bu güc dövlətləri bir-birləri ilə vəhdət təşkil edirlər. Rusiyanın sanksiyalarla məhv olacağını düşünmürəm. Deyirlər, Avropanın qaz asılılığını Rusiyadan kəsəcəklər. Bu, mümkün deyil, 1 kilometr borunu çəkmək üçün bir neçə milyon pul lazımdır, həm də xeyli vaxt tələb edir. Avropa qazı Rusiyadan başqa hər hansı ölkədən alması üçün illər lazımdır. Ukraynanın 17 milyard borcunu versinlər, görüm, verəcəklərmi?! Amerika kimi nəhəng bir ölkə 1 milyard dollar pul verməsi ilə bağlı qərar verib, onun da şərtləri elədir ki, görün, o şərtləri Ukrayna yerinə yetirə biləcəkmi? Avropa İttifaqı özü iqtisadi cəhətdən çökür. Hətta Corc Soros da dedi ki, Rusiyaya hücum etmək deyil, onunla əməkdaşlıq etmək lazımdır.
-ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etdi. Bu cür gedişlər nəyə hesablanıb?
-Ayrı-ayrı vaxtlarda Türkiyə təzyiq etmək üçün belə sənədləri qəbul edirlər. Fransa da bunu etmişdi. Çünki Fransanın yeni seçilən prezidentinə səs lazım idi. Burada məqsəd var idi. Son nəticədə də isə bu “soyqırım” məsələsi qəbul edilmir, çünki qondarmadır. Ümid edirəm ki, bu, heç vaxt qəbul edilməyəcək.
-Ermənistan Gömrük İttifaqına istiqamətləndiyi bir vaxtda niyə Qərb dövlətləri yenə də bu dövləti müdafiə edirlər?
-Bu, ikili standartdır. Ermənilər Azərbaycan torpaqlarını işğal ediblər. Bu işğal nəticəsində güc dövlətləri Azərbaycana təzyiq edirlər. Ona görə də ermənilərə hər cür kömək edirlər. Azərbaycana güc nümayiş etdirmək üçün ermənilərdən bir alət kimi istifadə olunur, ona görə də ermənilərə hər yerdə havadarlıq edirlər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR