» » İsrailin Bakıdakı səfiri: “Azərbaycanlıların necə güclü və ürəkli olduqlarını gördüm” - MÜSAHİBƏ

İsrailin Bakıdakı səfiri: “Azərbaycanlıların necə güclü və ürəkli olduqlarını gördüm” - MÜSAHİBƏ

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 iyun 2014
//
Bölmə: Müsahibə
İsrailin Bakıdakı səfiri: “Azərbaycanlıların necə güclü və ürəkli olduqlarını gördüm” - MÜSAHİBƏ



İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz AzərTAc-a müsahibəsində iki ölkə arasında olan münasibətlər haqqında danışıb. Modern.az müshibəni oxuculara təqdim edir:

- Cənab səfir, Azərbaycan-İsrail münasibətləri son illərdə uğurla inkişaf edir. Ölkələrimizin əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanın İsrail ilə əlaqələri yüksək səviyyədədir. Azərbaycan sürətli inkişafı ilə dünyanın diqqətini özünə cəlb edir. Ölkənizdə diplomatik fəaliyyətdə olduğum müddətdə bu inkişafın şahidiyəm. Dünyada böhranın hökm sürdüyü şəraitdə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Azərbaycan öz siyasi və iqtisadi sistemini müasir dünyanın norma və standartlarına uğurla uyğunlaşdırır. Qloballaşmanın regional inteqrasiyaya təsiri, elektron idarəetmə, demokratiya, yüksək innovativ texnologiyaların tətbiqi və başqa proseslərdə Azərbaycan vahid strateji yanaşma nümayiş etdirir. Mən ölkələrimiz arasında əlaqələrin gələcəkdə yeni istiqamətlər üzrə daha da genişlənəcəyinə inanıram. Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Prezidenti Şimon Peres və Baş nazir Benyamin Netanyahu ilə Davosda keçirilən İqtisadi Forum çərçivəsində görüşü əlaqələrimizin yüksək səviyyədə olmasına bariz nümunədir. Biz hazırda ticarət və enerji sahələrində əlaqələrimizin daha da dərinləşməsinə çalışırıq. Bu, bizim üçün çox vacib strateji əhəmiyyətə malikdir. Bu yaxınlarda tərəflər diplomatik və xidməti pasportların sahibləri üçün viza rejiminin sadələşdirilməsi üzrə mühüm saziş imzalamışlar. Bu, Azərbaycan ilə İsrail arasında xüsusi münasibətlərin olduğunu bir daha göstərir.

- Regionda həyata keçirilən irimiqyaslı layihələr barədə nə deyə bilərsiniz?

- Mən əvvəlcə Azərbaycanı “Trans-Adriatik Pipeline” (TAP) boru kəməri layihəsi münasibətilə təbrik edirəm. “Cənub” qaz dəhlizi olduqca əhəmiyyətli layihədir. Azərbaycan, eyni zamanda, İsraili neftlə təmin edir. Hazırda İsraildə bir neçə neft və qaz yataqları tapılmışdır. Bu, bizim üçün yeni sahədir və İsrail Azərbaycanın enerji ehtiyatlarının hasilatı sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır. İqtisadi münasibətlər, siyasi əməkdaşlıqla paralel olaraq daha da genişlənir. Azərbaycanın İsraildə yüksək nüfuzu vardır. İsrailə gələn Azərbaycan turistlərinin sayı da durmadan artır. İqtisadiyyat sahəsində nailiyyətlərimizdən biri İsrail-Azərbaycan Ticarət Palatasının yaradılmasıdır. Ölkənizin qeyri-neft sektoru güclənməkdədir. Azərbaycanın iqtisadiyyatının parlaq gələcəyi var. Azərbaycan bizim neft idxal etdiyimiz əhəmiyyətli ölkədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti “Cənub” dəhlizinin işə düşməsi ilə daha da artacaqdır.

- Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bir çox xalqların nümayəndələri, həmçinin 30 mindən çox yəhudi əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanın tolerantlıq modeli barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Mən bir çox ölkələrdə diplomatik səfərlərdə oluram. Mən hələ Azərbaycan kimi tolerant ölkə görməmişəm. Azərbaycan bu sahədə dünya ölkələrinə uğurlu bir modeldir. Azərbaycanda təkcə yəhudilər deyil, digər xalqların nümayəndələri də min illərdir ki, dinc şəraitdə yaşayır, işləyirlər. Bu Azərbaycanın mədəni zənginliyi, ən böyük sərvətidir. İsraildə də Azərbaycan icması var. Yəhudi icması hər zaman Azərbaycanda özünü təhlükəsiz hiss etmişdir və burada qürurla yaşamaqdadır. Bir daha demək istəyirəm ki, Azərbaycan yəhudi icmasına münasibətə görə digər dünya ölkələrinə yaxşı nümunədir. Hər iki ölkə arasında strateji körpü mövcuddur. Belə bir tolerant ölkədə diplomatik fəaliyyətdə olmaq çox xoşdur. İsrailin xarici işlər naziri Aviqdor Liberman Bakıda səfərdə olarkən özünü evindəki kimi hiss etdiyini xüsusi qeyd edib.

- Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu, gələcək üçün vacib amildir. Azərbaycan dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək zəngin neft və qaz yataqlarına malikdir. Avropanın enerji marşrutlarının şaxələndirilməsinə ehtiyacı vardır. Regionda Azərbaycanın təşəbbüsü ilə irimiqyaslı layihələr həyata keçirilir. Bu, Azərbaycana enerji resurslarını Avropaya ixrac etməyə imkanlar açmaqla yanaşı, regionun davamlı inkişafına da şərait yaradır. Bununla Azərbaycan regionda iqtisadiyyatın daha da inkişaf etdirilməsinə nail olacaq.
Azərbaycan yalnız Avropaya deyil, artıq Asiyaya da enerji ixracını həyata keçirir. Ölkənizdə istehsal olunan karbohidrogen ehtiyatları həm Avropaya, həm də Asiyaya ötürülür. Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır və strateji baxımdan bu, mühüm əhəmiyyət kəsb edir. Artıq bir çox ölkələr Azərbaycanın enerji sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır. Düşünürəm ki, İsrailin iş adamlarının ölkənizdə yaradılmış əlverişli biznes mühitinə daha geniş cəlb olunması hər iki tərəf üçün faydalı ola bilər.

- Azərbaycan Ermənistan ilə müharibə şəraitindədir. Münaqişə artıq 20 ildən artıqdır ki, davam edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bilmək istərdik.

- Bu, bir həqiqətdir ki, minlərlə insan münaqişədən əziyyət çəkir. Yaxın zamanlarda iki qaçqın düşərgəsini ziyarət etmişəm. Bu məni çox təsirləndirdi. Azərbaycanlıların necə güclü və ürəkli olduqlarını gördüm. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Biz, eyni zamanda, ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Ümid edirəm ki, ATƏT-in Minsk qrupu və problemin həlli istiqamətində danışıqlara cəlb olunan digər qurumlar uğurlu nəticəyə nail olacaqlar. Əsas məqsəd regionda sülh və sabitliyin təmin olunmasıdır.

- Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlığın gündəliyində hansı əsas məsələlər vardır? Siz təcrübəli bir diplomat kimi hansı istiqamətin inkişafına üstünlük verəcəksiniz?

- Biz Azərbaycan ilə gələcəkdə də enerji, İKT, kənd təsərrüfatı, su texnologiyaları, turizm sahələrində əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Gündəlikdə bu sahələrdə sazişlərin imzalanması vardır. Azərbaycanın bu kimi addımları alqışlanmalıdır. Bu yaxınlarda 100-dən artıq gənc azərbaycanlı İsrailin turizm sahəsindəki təcrübəsini öyrənmək üçün 6 aylıq kurslarda iştirak etmişdir. Ölkənizdə turizmin inkişafı üçün əlverişli potensial vardır.




QafqazPRESS.az
banner125x125 banner125x125