Sahibkarlar Konfederasiyasının prezidenti: “25 apreli “Sahibkarlar günü” kimi təklif edirik”

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Modern.az saytına müsahibə verib.
- Məmməd bəy, hazırda ölkəmizdə sahibkarlığın inkişafı hansı səviyyədədir və konfederasiya prezidenti olaraq bu inkişafdan razısınızmı?
- İlk növbədə bildirim ki,Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Cənab prezident İlham Əliyev dəfələrlə çıxışlarında bu məsələyə toxunub: “Həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcək. Bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur”.
Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirililməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlib. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılıb.
Son 20 il ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılıb, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınıb, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilib, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilib. Eyni zamanda, respublikada tətbiq olunan vergi yükü azaldılıb.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 10 ildə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində nailiyyətlər əldə olunub. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan verib. Bu müddət ərzində 55 mindən artıq yeni müəssisə yaradılıb, 905 mini daimi olmaqla ümumilikdə 1,2 milyon yeni iş yeri açılıb.
Görülmüş tədbirlərin nəticəsidir ki, 2013-cü ildə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 28.0 milyard ABŞ dolları olub, bundan 17.5 milyardı daxili, 10.5 milyard dolları isə xarici investorların vəsaiti olub.
Müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.
- Sahibkarlar Konfederasiyasının qarşıya qoyduğu məqsədlər nələdir və buna nə dərəcədə nail olunub?
- Ölkənin iqtisadi inkişafında Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının da özünəməxsus payı var. Konfederasiya tərəfindən bu işdə fəallıq göstərmək, sahibkarlara kömək etmək məqsədilə ayrıca tədbirlər planı işlənib hazırlanmış və hazırda onun həyata keçirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir. Konfederasiya ölkədə iş adamlarının maraqlarından cıxış edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O, özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 60-a qədər assosiasiya və birlikləri birləşdirir. Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial - əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır. Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edirik. Eyni zamanda, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
Hazırda Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ixrac potensialının artırılması məsələlərinə dövlət başçısı daha çox diqqət yetirir. Bu məqsədlə xaricdəki səfirliklərimiz, xarici dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə geniş iş aparılır.
Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. Ona görə də ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyası Azərbaycan hökuməti ilə yaxından əməkdaşlığı şəraitində sahibkarlara keyfiyyətli kredit xidmətinin göstərilməsi, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması və biznes mühitinin inkişafının təmin edilməsi məsələlərinə də mühüm önəm verir.
Azərbaycan Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə alaraq, gündəlik fəaliyyətini durmadan təkmilləşdirir, müasir biliklər təcrübəsindən, modern idarəçilik üsullarından real şəkildə bəhrələnməyə çalışır. Əmin olduğumu bildirirəm ki, bütün bunlar öz real bəhrəsini verəcəkdir.
- Bəs, sahibkarlığın inkişafı ilə bağlı əsas problemlər nədir və bu problemlərə daha çox hansı bölgələrdə rast gəlinir?
- Sahibkarlığın inkişafı ilə əlaqədar ən mühüm məsələlərdən biri də budur ki, bütün regionlarda müasir dövrün tələblərinə uyğun olaraq mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması, müasir texnologiyalar tətbiq olunmaqla yeni istehsal və emal müəssisələrinin yaradılması, iqtisadiyyatın ənənəvi sahələrinin müasir üsullarla inkişafına nail olunması üzrə kompleks tədbirlər həyata keçirilsin. Təbii ki, bu tədbirlər davam etdirilir.
Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı sürətlə aradan qaldırılır və bu proses çağdaş günümüzdə mühüm əhəmiyyət kəsb edir. Ölkədə kiçik və orta sahibkarlıq mühüm iqtisadi amilə çevrilir, yeni iş yerləri açılır, gələcəkdə də bu tendensiya sürətlə davam etdiriləcək.
Məlumat üçün bildirim ki, ASK ölkədə iş adamlarının maraqlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika ictimai birliyidir.
ASK sahibkarların problemlərini həll edilməsində, onların maariflənməsində daima maraqlıdır.Amma regionlarda sahibkarlığın inkişafının sürətləndirilməsi üçün onların təşkilatlanmasına ehtiyac var.
Bu gün aqrokimya laboratoriyalarının yenilərinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlər verəcək kənd təsərrüfatı bankının yaradılması, drenaj- kollektır şəbəkələrinin tikilməsi, tədarük satış-məntəqələrinin yaradılması, digər problemlər həlli vacib məsələlərdən biridir.
Qeyd edim ki, Azərbaycanda da kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlər verəcək Aqrar Bankın yaradılmasına ehtiyac vardır . Beynəlxalq təcrübə göstərir ki, bir çox ölkələrdə fəaliyyət göstərən Aqrar banklar vasitəsilə fermerlərin qarşılaşdığı maliyyə problemləri vaxtında həll edilmiş, həmin ölkələrdə kənd təsərrüfatı qənaətbəxş səviyyəyə gəlib çatmışdır. Biz əminik ki, yaxın gələcəkdə Azərbaycanda da bu problemlər kökündən həll olunacaq, kreditə ehtiyacı olan sahibkarlar aşağı faizlərlə istədiyi vaxt bankların xidmətindən yaralana biləcəklər.
- Ölkə Prezidenti İlham Əliyev mütamadi olaraq rayonlara səfər edib ictimaiyyət nümayəndələri, həmçinin sahibkarlarla görüşür. Bu görüşdən sahibkarlıq adına hansı nəticələr əldə olundu və Prezidentin yeni bir görüşü üçün təşəbbüs irəli sürmək fikriniz varmı?
- Dövlətlə özəl sektor arasında yeni, çox sağlam münasibətlər formalaşır. Artıq sahibkarlar bunu yaxşı bilir ki, dövlət siyasətinin icrası nəticəsində sahibkarlar üçün yeni imkanlar yaranır. Cənab prezident yeni müəssisələrin açılışında iştirak edərək, onlarda böyük ruh yüksəkliyi yaradır. Bu da gələcəkdə işləmək əzmini artırır. Biz də konfederasiya olaraq bu görüşlərin səmərəli olduğu qənaətindəyik.
Çalışacağıq ki, ildə bir gün sahibkarlar gününü təsis edilməsi üçün hökumət qarşısında təkliflə çıxış edək. Arzu edirik ki, Ümümmilli Lider Heydər Əliyevin 25 aprel 2002-ci ildə Sahibkarlarla keçirdiyi görüş gününün “Sahibkarlar günü” kimi qəbul edilsin. Bundan irəli gələn tədbirlərin hər il keçirilməsinin təmin olunsun, “İlin ən yaxşı sahibkarı”, “İlin ən yaxşı sosial layihəsi”, “Ən yaxşı kollektiv müqavilə”, “Ən yaxşı sosial-məsuliyyətli müəssisə” müsabiqələrinin keçirilməsi təşkil olunsun.
Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq ölkədə özəl sektorun inkişafına dəstək olacaq yeni təşəbbüslərlə çıxış edəcəyik.
- Məmməd bəy, sahibkarlıqla bağlı qanunvericilikdə hansı dəyişikliklərin olmasını məqsədəuyğun hesab edirsiniz?
- Son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar sahibkarlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bir daha sübut edir. Bunun bariz nümunəsi kimi, 28 avqust 2013-cü il tarixdə ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununu göstərmək olar.
Hazırda isə Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi, Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış “İşəgötürənlər birlikləri haqqında” qanun layihələrinin qəbul olunması istiqamətində əməli iş aparır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR