» » Prezident İlham Əliyev: "Azərbaycan-İsveçrə əlaqələrini inkişaf etdirmək üçün güclü siyasi iradə var"

Prezident İlham Əliyev: "Azərbaycan-İsveçrə əlaqələrini inkişaf etdirmək üçün güclü siyasi iradə var"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 iyun 2014
//
Bölmə: Siyasət
Prezident İlham Əliyev: "Azərbaycan-İsveçrə əlaqələrini inkişaf etdirmək üçün güclü siyasi iradə var"



15:18

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyunun 2-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Prezident İlham Əliyev dedi:

- Cənab Prezident, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmişsiniz. Sizi görməkdən məmnunam. Bu səfər çox mühüm əhəmiyyət kəsb edir. Bu, çox uğurla inkişaf edən və bir çox sahələri əhatə edən ikitərəfli əlaqələrimizi bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. Əminəm ki, qarşıdakı illərdə ikitərəfli əlaqələrimiz daha da güclənəcəkdir. Çünki əlaqələrimizi inkişaf etdirmək üçün güclü siyasi iradə vardır. Bizim tərəfdaşlığımızın mahiyyəti həqiqətən artır, bir çox sahələri - siyasi, iqtisadi, investisiya və mədəniyyət sahələrini əhatə edir. Buna görə mən əminəm ki, qarşıdakı illərdə biz son bir neçə ildə sürətlə inkişaf edən yaxın tərəfdaşlıq əlaqələrini davam etdirəcəyik.

Bu gün biz əlaqələrimizi genişləndirmək üçün yaxşı perspektivləri, xüsusilə qarşılıqlı investisiya və birgə müəssisələr sahəsində, o cümlədən artıq başlayan və çox səmərəli olacaq enerji sahəsində əməkdaşlığı da müzakirə etdik. Siz həm də ölkəmizə ATƏT-in sədri kimi səfər edirsiniz. Ümid edirik ki, Sizin regiona səfəriniz çox səmərəli olacaq, regionumuzda müsbət meyillərin inkişafına, xüsusilə də münaqişələrin həlli baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz töhfəsini verəcəkdir.

Bir daha xoş gəlmişsiniz. Ümidvarıq ki, səfəriniz xoş keçəcəkdir.

X X X

İsveçrə Prezidenti Didye Burkhalteri dedi:

- Cənab Prezident və nümayəndə heyəti, təşəkkür edirəm. İlk növbədə çox xoş və səmimi qəbula görə Sizə minnətdarlığımı bildirirəm. Bu qəbul, sözün hər mənasında, səmimidir, həm ölkə, həm də cazibədar landşaft baxımından. Çox təşəkkür edirəm. Bu, mənim ölkənizə ilk səfərimdir. Ölkənizlə hərtərəfli tanış olmaq üçün çox vaxtım olmayıb. Bu, ətraflı tanışlıq səfəri olmayacaqdır. Əminəm ki, biz bir daha səfər edəcəyik və regionunuzu, ölkənizi, dünən axşam gələndə və bu gün səhər də gördüyüm kimi, bizdə dərin təəssürat yaradan Bakı şəhərini daha yaxından öyrənmək üçün daha çox vaxtımız olacaqdır. Qəbulunuza görə təşəkkür edirəm. Bu, bizim iki ölkə üçün xüsusi bir vaxtdır. İlk növbədə, bizim çox yaxşı dostluq əlaqələrimiz vardır və biz onları intensivləşdirə bilərik. Əminəm ki, özəl investisiya sahəsində geniş potensialımız vardır. İsveçrə şirkətləri Sizin ölkənizə investisiya yatırmaqda maraqlıdır.

---------
12:25

AzərTAc xəbər verir ki, iyunun 2-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter mətbuata bəyanatlarla çıxış etmişlər.

---------
11:41

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyunun 2-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

----------
10:54

AzərTAc xəbər verir ki, iyunun 2-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin təkbətək görüşü olmuşdur.

Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulandı.

---------
10:36

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin iyunun 2-də rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalteri qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İsveçrə Prezidentinə raport verdi.

İsveçrənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İsveçrə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri İsveçrə Prezidenti Didye Burkhalterə, İsveçrə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.



QafqazPRESS.az
banner125x125 banner125x125