» » Murad Dadaşov: "Telman İsmayılov olan yerdə şansım yoxdur"

Murad Dadaşov: "Telman İsmayılov olan yerdə şansım yoxdur"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 iyun 2014
//
Bölmə: Şou-biznes
Murad Dadaşov: "Telman İsmayılov olan yerdə şansım yoxdur"



Mən həmişə deyirəm ki, insanda baş verən hər han­sı köklü dəyişiklik ciddi bir psixoloji təsirlə bağlıdır: ya o insanı möhkəm incitməlidirlər, ya o, dəlisəcinə vurulmalıdır. Yəni emosional affekt vəziyyəti yaşan­malıdır. Məndə ola bilsin, bu vəziyyətlərin hamısı üst-üstə yığıldı və qəti qərar verdim. Arıqlama­ğımda əsas məqsəd həyatımın daha maraqlı, gözəl və sağlam olmasıdır. Əvvəllər düşünürdüm ki, niyə bizdə yaşlı insanlar fikirli, dilxor, narazı görünür? İndi oğlum gəlir sual verir. Mən danışıram, o baxır, birdən deyir, ata, niyə fikirlisən, bir az gülümsə də. Deyirəm, hər şey yaxşıdır. Görürəm, yox, mən də zaman keçdikcə, təəccüblə baxdığım o yaşlı ki­şilər kimi oluram.

Milli.Az şoumen Murad Dadaşovun formaggio.az-a verdiyi müsahibəsini təqdim edir:

- Yadınızdadırsa, bir dəfə söhbətimizdə etiraf etdiniz: “bu vaxta kimi heç kim mənə baxıb, “kaş Murad kimi sevgilim olaydı” demədi. Elə dedilər, “kaş belə qardaşım olaydı”, “kaş belə oğlum olay­dı”... Kişilərdə də orta yaş sindromu olduğundan, bəlkə, siz də, nəhayət, ideal sevgili obrazına çat­maq üçün arıqlamaq qərarına gəldiniz.

- Siz lap adamı boşatdırarsınız… qoyun, oturmuşuq (gülür). Yox. Həyatda nə baş verirsə, gərək bir az lə­yaqətlə olsun. Mən yoldaşıma da etiraf etmişəm ki, gözəl qadın görəndə özümü idarə edə bilmirəm. O da məni başa düşür. Məsələn, Monika Beluççi sevgi­si… yeri gəlmişkən, arıqlamağım Monikanın boşan­ması ilə üst-üstə düşüb. Ola bilsin, onunla aramızda nəsə alınsın.

- Axı Monikanın boşanmasını başqa həmyerlimizlə əlaqələndirirlər?

- Həəə… Telman İsmayılov olan yerdə mənim şansım yoxdur (gülür). Sizə bir sirr açım, o məsələni Monika ilə biz düzüb-qoşmuşuq. Əslində, hər şey mənə görədir.

- Nə vaxt gətirirsiniz onu?

- O, məni aparacaq özüylə. Burada qala bilmərik.

Azərbaycan mətbəxi bizim qadınlar üçün işgəncədir.

- Axır vaxtlar evdə tapılmırsınız, səyyaha çevrilmisiniz. Gəzdiyiniz ölkələrdən hansının mətbəxini sevdiniz?

- Əlbəttə, bir çoxları kimi mən də deyirəm: “Azərbaycan mətbəxi çox zən­gindir, genişdir, şübhəsiz, dadlıdır, kalorilidir”. Amma bu yaxınlarda öz mət­bəximiz barədə yeni qənaətə gəlmişəm, bu, mənim fəlsəfəmdir (gülür), ilk dəfə də sizə deyirəm: razılaşmaya bilərsiniz. Mənim fikrimcə, Azərbaycan mətbəxi Azərbaycan qadınına qarşı işgəncədir. Bizim mətbəx analarımızın, xanımlarımızın bütün ömrünü-gününü alır. Dəfələrlə - sizdə də olub yəqin, - anamı görməyə gedirəm, nə qədər deyirəm: ay ana, gəl otur, bəsdir mət­bəxdə vurnuxdun… Ananın işi qurtarmır: aş, dolma, düşbərə, salat, qutab… O dolmanı ki gecədən səhərə kimi xırda-xırda bükürlər, stola gələn kimi, bir uduma qurtarır, vallah əziyyətinə dəyməz. Hələ bunun aşı var, bozbaşı var…

Kişilər üçün xoşbəxtlikdir, yeyirik, içirik. Amma yavaş-yavaş qadınları­mızı bu əziyyətdən biz kişilər xilas etməliyik. Buna başlamalıyıq.

- Xaricdə vallah, qadın olmaq asandır: evə qonaq gəlir, salat, kartof-fri, uzağı langet… O da yarımfabrikat olur: tap-tup, qurtardı. Orda qadın bir saatdan artıq mətbəxdə qalsa, ürəyi dayanar. Bizdə dostların, qohumların, sadəcə, bir yerə yığışıb görüşməsi də yemək üzərində qurulub: istirahətə hara ge­dək? Dağda, meşədə, rayonda harada yaxşı yemək bişirirlər, orada otururuq. Dağın başında çörək yeyirik, ətəyində yeyirik, qayıdanda da gözümüz elə yer axtarır ki, yeyək. Elə əvvəllər mən də belə idim: “əəə… çörək ye, niyə yemirsən?”, “bunu da ye, niyə yemirsən?”, “a bala, ala bu kababı”... Gəzmək? Ona vaxt yoxdur, yeyəndən sonra yıxılıb yatmağa yer axtarırıq. Biz yeməyə çox dərin məna veririk. Nə yeyiriksə, oyuq, nə qədər yeyiriksə, o qədərik.

- Dünya mətbəxlərindən seçiminizi demədiniz..

- Mən yapon mətbəxini sevirəm: azkalorili, sağlam, tam mənə görə yemək­lərdir. Dəniz məhsullarının dəlisiyəm. Amma burada da bir vacib mələsə var. İnsanın mədəsinin genetik yaddaşı mövcuddur. Bəzən bu çərçivəni aşanda böyük fəsadlar baş verir. Bizdə bir deyim var e, “dədə-baban banan yeyib ki, sən də banan yeyirsən?” Bu zarafatyana olsa da, əslində, dərin mənası var. Əgər biz yaponu qonaq edib, ona səhər tezdən xaş versək, o, birinci qaşıqdan elə yerindəcə ölər. Ya da biz… Çində camaat çox rahatca qarışqa, cücü qızardıb yeyir, deyirlər: “ləzzətdir”. Biz yeyə bilmərik. Biz qurbağa ye­mirik, halbuki, Fransanın elitar restoranlarında qurbağa ətindən yeməklər var. Genetik yaddaşımızda olmayan qidalar bizim sağlamlığımız, beynimiz, həyatımız üçün xeyirdən çox zərərlidir. Yəqin bu üzdəndir ki, son zamanlar mədə-bağırsaq, şəkər xəstəlikləri çoxalıb.

- Marketdən ən çox nə alırsınız? Bazarlıqla aranız necədir?

- Axır vaxtlar alış-verişimi belə edirəm: səbətə adətim üzrə əlimə nə keçdi atıram, kassaya çatanda geri qayıdıb, həmin şeyləri yerinə qoyuram, axıra 2-3 dənə lazımlı ərzaq qalır. Özümü xırda-xuruşla dolandırıram. Hələ büd­cəyə nə qədər qənaətdir... Bizim insanlar inanın ki, yeməyə qazandığından çox xərcləyir.

- Uşaqlar da bu rejimlə yeyir?

- Yox, onlar uşaqdır, orqanizmi, bədənləri formalaşmalıdır. Onlar, hələ ki, mə­nim köhnə rejimimlə gedirlər. Xüsusən böyük oğlum… çəkidə mənə bən­zəməsə, yaxşıdır. Bu pəhrizlə qidalanandan sonra bir şey baş verdi: sanki, həyat mənim üçün maraqsızlaşıb. Az şeylərə sevinirəm, çox fikirli oluram.

- Xoşbəxtlik hormonu olan serotoniniz çatmır.

- Ola bilər. Əvvəl mən şirniyyat dəlisiydim, amma indi yadıma düşmür. Yemək zövqüm çox dəyişib.

- O Murad ki, özünün şirniyyat brendi var…

- Bəli… Amma bu biznes tək mənə yox, ailəmizə aiddir..

“Öküz ölçüsündən “gombul” ölçüsünə

- Müsahibəboyu nə çay, nə də qəhvə istədiniz. Bayaqdan soyuq su içirsiniz…

- Hamıya da məsləhət görürəm: soyuq su için. Adamı şux saxlayır. KVN vaxt­larımda səsimə görə içmirdim, amma nahaq. Çox səhv etmişəm.

- Çoxları hələ də gözləyir ki, Murad pəhrizini açıqlayacaq, biz də arıqlayacağıq.

- Mənim pəhrizim fərdidir, bunu əcnəbi həkim təyin etdi. Amerikadan baş­ladı, Almaniyada davam edir. Burda orqanizm, mədə quruluşu, çəki, qan, psixoloji amillər nəzərə alınır. Müəyyən dərman tabletləri də var. Mən pəh­rizimi heç vaxt ümumi stifadəyə çıxara bilmərəm. Kifayət qədər bahalı, üzü­cü prosesdir. Mən sənə dostum kimi bir sirr açım: 7 il idi ki, mən 3 rəqəm idim, 1 həftədir ki, 2 rəqəmli olmuşam: 90 kq. Bu bir həftədə siz inanmaz­sız mən necə də xoşbəxtəm. Kimin üçünsə adidir, mənim üçün həyatımın mənasını dəyişdi bu hadisə. Və yenidən o 3 rəqəmə qayıtmaq istəmirəm. Mən “öküz” ölçüsündən “gombul” ölçüsünə düşdüm, qalır normal insan ölçüsünə düşmək: azı 70 kq-a. Buna nail olandan sonra arıqlamaq barədə telelayihə hazırlayıb, sağlam qidalanmaqla yeni həyata başlamağı təbliğ edəcəm.

- Sizə görə uzunömürlük düsturunun tərifi…

- Bunu gərək 90 yaşına çatım, sonra deyim. İnsan gərək beynində rahat olsun. Sizə diskomfortluq gətirən nə varsa, beyninizdən çıxarıb atın. Bu, bir növ insanı sakitləşdirir. Məncə, uzunömürlüyün bircə düsturu var: stressə qalib gəlmək və düzgün yemək tərzi. Yeməyi həyatın mənası etməyin. Hər şey beyindən başlayır: beyninizi “çox yeyim” kimi fikirlərlə yükləməyin. Yemək insanın fikirlərini, həyata baxışlarını dəyişir. Mən arıqlamağa başla­yandan hiss edirəm ki, həyat fəlsəfəm dəyişdi. Və nə yaxşı ki, dəyişdim.





QafqazPRESS.az
banner125x125 banner125x125