Fərda Xudaverdiyev: "Burnunuzdan gəlsin tikə-tikə"
Yumor ustası Fərda Xudaverdiyevin Milli.Az-a müsahibəsini təqdim edirik:
- Siz stand-up formatında tamaşalar göstərirsiz. Bu da zəngin söz ehtiyatı tələb edir. Kitab oxumadan bunu necə təmin edirsiniz?
- Artıq mən bunları yaşamışam. Necə yaşadığımı danışım sizə. Baxın, kitabda yazılanların, cərəyan edən hadisələrin əksəriyyəti ilə tanışam və başıma da gəlib. Mən fəhlə də işləmişəm, alış-veriş ilə də məşğul olmuşam, qarpız da satmışam və s. işlər ilə məşğul olmuşam. Amma heç vaxt danmıram bunu. Çünki keçmişini dananın gələcəyi olmaz. Bunları niyə dedim sizə? Çünki bu hadisələri yaşayaraq gündəlik nə qədər sözlər eşidirdim, hadisələrin şahidi olurdum. Bir növ mənim üçün praktika idi. İndi isə elektron kitablar dinləyirəm internet vasitəsilə, vaxt olduqca.
- Sizin də çəkildiyiniz “Toy”, “İnter papa”, "Niyə" kimi filmləriniz tamaşaçılar tərəfindən bəyənildi və sevildi. Amma davamı gəlmədi. Niyə?
- Elə mən də buradan sizin sayt vasitəsilə həmin insanlara səslənirəm ki, niyə günaha batırsız? Allah bu piratçılığı çıxardanın evini yıxsın. Film çıxaran kimi həmin an surətini çıxarıb pirat kimi satırlar və biz də buradan heç bir gəlir götürə bilmirik. Əksinə, ziyana düşürük. Həmin insanlara səslənirəm, buradan demək istəyirəm ki, burnunuzdan gəlsin tikə-tikə. Zəhmətimə qiymət vermirsiz. Onun üçün də bu barədə axsaqlıq yaranıb.
- Həmkarlarınız ilə - Müşviq, Elməddin, Anar və s. insanlar ilə - aranız necədir?
- Yaxşıdır. "Soyuqdur, gözləri bir-birini götürmür" deyən adamlar da çoxdur. Amma yenə deyirəm - heç bir problem yoxdur aramızda.
- Nə zamansa birgə layihə olsa, toplaşa bilmək ehtimalınız varmı onlarla?
- Yəqin ki. Niyə də olmasın?!
- Gələcəkdə nə yeniliklər ola bilər?
- Yaxın zaman içində konsert var ağlımda. Çox güman, 10-15 gün ərzində baş tutacaq. Ən əsası, Elməddin ilə kinomuz var birgə. İnşallah, sentyabr ayında hazır olacaq.
- Müşviq, Elməddin və siz əvvəllər bir yerdə olmusuz. O günlərdən maraqlı nə yadda qalıb?
- Rusiyada olarkən, dostlar məni və Müşviqi dəvət etdilər. Müşviq qabaq maşında oturdu, mən arxada. Müşviq oturan maşının sürücüsü içkili olub və yüksək sürətlə idarə edib maşını. Müşviq də bundan qorxub. Nə qədər deyib, asta sür - sürməyib. İşıqforda dayanan zaman Müşviq tərəddüd edib ki, düşüm-düşməyim... Axırda birdən düşməyə qərar verdiyi zaman sürücü qaza basanda bunun bir ayağı içəridə, biri də çöldə qalıb. Nəticədə bu yıxılanda, başı tozlu, palçıqlı bir maşına dəyəndə maşından palçıqlar tökülməyə başladı. Biz də elə bildik ki, bunun beyni parçalanıb töküldü. Qaça-qaça gəldik, gördük ayağını tutub zarıyır. (gülür)
- Kimi rəqib görürsünüz özünüzə?
- Stand-up sahəsində heç kimi özümə rəqib görmürəm. Bunu Azərbaycana mən gətirmişəm və məndən yaxşı çıxış edən olsa - inandırım sizi ki, konsertində gedib onun əlini sıxaram. Digər sahələrdə isə bacarıqlı uşaqlar var. Amma sırf stand-up-da Azərbaycanda özümə rəqib tanımıram.
- Yalan çox danışırsınız?
- Çox yox. Amma danışıram. Şirin yalanlardır amma.
- Ailəniz üçün sənəti qurban verərdiniz?
- Ailəm, əvvəla, bunu istəməz. İkinci, lazım gəlsə, əlbəttə. Ailəm üçün hər şey edərəm.
- Qız fanatlarınızdan sevgi etirafı edən olub?
- Çox olub. Əlbəttə. Hətta bir neçə qız evlilik belə təklif edib mənə.
- Oynadığınız səhnələrə görə problem yaşamısınız?
- Olub...
- İlk maşınınız hansı model idi?
- İlk maşınım sınıq-salxaqdı. Hətta satan insan demişdi ki, bəs bu sənə layiq deyil. Amma mən almışdım - təki ayağım yerdən kəsilsin. Bu haqda da monoloqum var.
- Azərbaycanda futbol inkişaf edir?
- Əvvəlki illərə nisbətən inkişaf var. Reytinqlərdə yavaş-yavaş irəliləyirik. Bu il "Neftçi" və "Qarabağ" avrokuboklarda mübarizə aparacaqlar, inşallah.
- Məşqçi olsaydınız, ilk öncə nəyi dəyişərdiniz millidə?
- Millidə özünəinamı yaradardım. Milli ruhu, mübarizəni öyrədərdim. Strukturu təmiz dəyişərdim.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR