Bakıda sayğac dəyişdirilməsinə görə pul yığılır? - AÇIQLAMA
Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində mənzillərdə su sayğaclarının dəyişdirilməsi üçün vətəndaşlardan pul istənilir.
Qafqazpress.az xəbər verir ki, bu barədə qəsəbə sakinlərinin redaksiyamıza ünvanladığı şikayətdə qeyd olunub.
Onların sözlərinə görə, binada su sayğaclarının dəyişdirilməsinə görə hər mənzil üçün 20 manat pul istəyirlər:
“Azərsu” binamızda su sayğaclarını dəyişir, soruşanda deyirlər ki, sayğacların dəyişdirilməsi üçün 20 manat ödəniş edilməlidir. Onun 10 manatı zəhmət haqqı, 10 manatı isə “mufta-uqolnik” puludur. “Mufta-uqolnik” pulu maksimum olsun 1-2 manat. Biz başa düşmürük, ümumiyyətlə, bütün bunlar ödənişlidir, yoxsa ödənişsiz?”
Sakinlərin suallarına cavab almaq üçün “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.
A.Cəbrayıllı bildirib ki, belə hallarla onlara da müraciətlər olur:
“Həmin ərazidə “Azərsu” işləmir, podratçı şirkətlər çalışır. Su sayğaclarının dəyişdirilməsi, xəttin çəkilməsi və şəbəkəyə qoşulması ödənişsizdir, dövlət vəsaiti hesabına həyata keçirilir. Amma məsələnin başqa bir tərəfi də var. Şəxsən özüm belə şikayətləri araşdıranda maraqlı faktlarla qarşılaşmışam.
Bəzən sakinlər deyirlər ki, su xəttini binanın çölü və ya damı ilə çəkin və ya elə edin ki, kafel zədələnməsin. Bu da tərəflər arasında sövdələşmələrə və şikayətə səbəb olur. Amma Əhmədlidə şikayət olunan ərazidə dəqiq ünvan və ya telefon nömrəsi versəniz, məsələni araşdırıb sizə tam təfsilatı ilə məlumat verərdim. Deyirsiniz ki, vətəndaş ünvan və telefon qoymayıb”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR