Bakıda siçanların “at oynatdığı” ət mağazası barədə araşdırmalara başlanıldı - VİDEO
Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində ürəkbulandıran mənzərəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı məlumatlar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mediadan götürülərək, araşdırmalara başlanılıb:
“Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı məlumat veriləcək”.
“Nəzərinizə çatdıraq ki, AQTA mütəmadi olaraq aidiyyəti qurumlarla birlikdə qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyətinə nəzarət tədbirləri həyata keçirir.
Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülür. Bu istiqamətdə indiyədək bir sıra qanunsuz heyvan kəsimi məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər keçirilib.
Bu zaman qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə bildirişlər paylanılıb, qanunvericiliyin tələbləri barədə məlumatlar verilib, onlara ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır”, - deyə agentlikdən vurğulanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl redaksiyamıza Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında yerləşən ət mağazasında ürəkbulandıran görüntüləri əks etdirən video ünvanlanıb.
Görüntülərdən bəlli olur ki, kəsilmiş və mağazanın ortasında qalan ət parçalarına siçanlar daraşıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR