» » Prezident İlham Əliyev: "Biz artıq bir neçə sahədə donor ölkəsinə çevrilirik"

Prezident İlham Əliyev: "Biz artıq bir neçə sahədə donor ölkəsinə çevrilirik"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 16 iyul 2014
//
Bölmə: Siyasət / Təhsil
Prezident İlham Əliyev: "Biz artıq bir neçə sahədə donor ölkəsinə çevrilirik"



15.07.2014
19:40

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri çərçivəsində iyulun 15-də Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb.
Prezident İlham Əliyevi Joze Qratsiano da Silva qarşıladı.

Görüşdə Azərbaycan ilə FAO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, ölkəmizdə iqtisadi sahədə qazanılan nailiyyətlərdən danışıldı. Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdiyi və bu sahədə aparılan islahatların yaxşı nəticələr verdiyi, fermerlərə dövlət dəstəyinin ildən-ilə artdığı qeyd olundu. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi işində qazanılan uğurlar və bu istiqamətdə gələcəkdə görüləcək tədbirlərdən danışıldı.

Görüşdə Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev FAO-nun fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Daha sonra dövlətimizin başçısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının muzeyində oldu.

FAO-nun baş direktoru Jose Qratsiano da Silva Prezident İlham Əliyevə məlumat verdi ki, təşkilatın yerləşdiyi binada zəngin kitabxana da vardır. Bundan əlavə, burada FAO-nun media mərkəzi də yerləşir.
Sonra Prezident İlham Əliyev FAO-nun televiziyasına müsahibə verdi.

Prezident İlham ƏLİYEV dedi:
-BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında olmaqdan məmnunluq hissi keçirirəm. Bizim mükəmməl əməkdaşlığımız vardır. İki il bundan əvvəl Bakı şəhərində təşkilatın baş direktoru ilə olan görüşümü xatırlayıram. O zaman Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa konfransı keçirildi və bizim çox yaxşı müzakirələrimiz oldu.
Biz BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına kənd təsərrüfatı sahəsində apardığımız islahatlara davamlı dəstək göstərdiyinə görə minnətdarıq. Çünki biz islahatları davam etdiririk, özümüzü istehsal etdiyimiz əsas kənd təsərrüfatı məhsulları ilə 100 faiz təmin etməyə çalışırıq və buna nail olmağa yaxınıq. Buna görə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının metodoloji tövsiyələri, məsləhətləri və ekspert biliyi bizim üçün çox önəmlidir.

Biz əməkdaşlığımızı çox yüksək dəyərləndiririk və cənab baş direktoru bütün dünyanı, demək olar ki, 200 ölkəni əhatə edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nailiyyətlərinə görə təbrik etmək istəyirəm. Mən əminəm ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətinin praktiki təsiri dünyanın bir çox yerlərində nəzərə çarpır. Bizim əməkdaşlığımız uğurla davam edir. Bu gün əməkdaşlığın yeni formalarını müzakirə etdik və ümidvaram ki, çox tezliklə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanda ofisi açılacaq. Həmçinin Azərbaycan artıq digər ölkələrə də yardım etmək iqtidarındadır. Biz bu yardımı göstəririk və bunu əməkdaşlığımızın formatı çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə etmək istəyirik. Biz artıq bir neçə sahədə donor ölkəsinə çevrilirik və həmçinin kənd təsərrüfatı islahatlarına da öz dəstəyimizi göstərmək istəyirik. Çünki ərzaq təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ən əsas elementlərindən biridir.
Bir daha cənab baş direktora göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm və onu onun üçün münasib olan vaxtda yenidən Azərbaycana dəvət edirəm.

----------
08:48

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 14-də Romada İtaliya Respublikasının Baş naziri Matteo Renzinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə şam yeməyi verilmişdir.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 14-də Romada Azərbaycan-İtaliya sənədlərinin imzalanması mərasimi olmuşdur.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” qəbul olundu.

“Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında Saziş”i Azərbaycanın energetika naziri Natiq Əliyev və İtaliyanın infrastruktur, nəqliyyat və telekommunikasiyalar naziri Maurizio Lupi imzaladılar.

“Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalenda imzaladılar.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyinin dövlət katibi Françeska Barraççiu imzaladılar.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədrliyinin Regional Məsələlər, Muxtariyyətlər və İdman Departamenti – İdman Ofisi arasında idman əməkdaşlığına dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya Nazirlər Kabinetinin dövlət katibi Qratsiano Delrio imzaladılar.

X X X

İyulun 14-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Baş naziri Matteo Renzi ilə görüşü olmuşdur.

Milli.Az AzərTAc-a istinadən bildirir ki,Baş nazir Matteo Renzi Prezident İlham Əliyevi qarşıladı.

İtaliya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Baş nazir Matteo Renziyə təqdim olundu.

Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin strateji səviyyəyə qalxdığı bildirildi, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu qeyd edildi. Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi vurğulandı. Azərbaycan-İtaliya əlaqələrinin Avropa İttifaqı ilə əməkdaşlıq baxımından əhəmiyyəti qeyd edildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

---------
00:46

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romanın “Mercati di Traiano” muzeyində olmuş, burada şəhərin meri İqnatsio Marino ilə görüşmüş və İtaliya jurnalistlərinə müsahibə vermişdir.

Prezident İlham Əliyevi Roma şəhərinin meri İqnatsio Marino qarşıladı.

Dövlətimizin başçısına Romanın “Mercati di Traiano” muzeyi barədə ətraflı məlumat verildi. Bildirildi ki, nadir eksponatların qorunduğu bu muzey qədim Roma tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Muzeyin yerləşdiyi ərazidə müxtəlif vaxtlarda aparılan arxeoloji qazıntılar bir çox nadir memarlıq nümunələrini üzə çıxarıb. Digər tərəfdən, bu qazıntılar qədim dövr tarixinin müxtəlif mərhələlərinin tədqiqinə geniş imkanlar açıb. Ona görə də “Mercati di Traiano” muzeyinin əhəmiyyəti heç vaxt azalmır, onun ümumbəşəri dəyəri getdikcə daha da artır.

Daha sonra keçirilən görüşdə Roma şəhərinin meri İqnatsio Marino Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin genişləndiyini bildirdi, ölkəmizdə gedən inkişaf proseslərinin məmnunluq doğurduğunu diqqətə çatdırdı. O, Azərbaycan ilə mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını bildirdi. Bunun ölkələrimizin və xalqlarımızın bir-birini daha yaxından tanımaları üçün yaxşı imkan yaratdığını dedi. Roma şəhərinin meri Heydər Əliyev Fondu ilə geniş əməkdaşlıq əlaqələrinə toxunaraq Fondun dünyada ümumbəşəri dəyəri olan bir çox mədəni və humanitar layihələri uğurla həyata keçirdiyindən xəbərdar olduğunu bildirdi. İqnatsio Marino Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Romada keçirilən görüşünü xatırladı, Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan layihələrin əhəmiyyətinə toxundu. “Mercati di Traiano” muzeyinin ərazisində arxeoloji qazıntı işlərinin aparılmasında Heydər Əliyev Fondunun xidmətlərini yüksək qiymətləndirən mer buna görə təşəkkürünü çatdırdı.
Prezident İlham Əliyev bu memarlıq və mədəniyyət mirasının təkcə Romaya deyil, bütün bəşəriyyətə aid olduğunu dedi, arxeoloji qazıntı işlərində Azərbaycanın da iştirak etməsindən fərəh hissi keçirdiyini bildirdi. “Düşünürəm ki, bu, bizim ikitərəfli əlaqələrimizin vacib elementidir”, - deyən dövlətimizin başçısı mədəniyyət sahəsində əlaqələrin inkişafının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Prezident İlham Əliyev İtaliya tarixinin və mədəniyyətinin Azərbaycanda yaxşı tanındığını, ölkəmizin mədəniyyətinin də İtaliyada təbliğinin mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyəyə çatdığını deyərək İtaliyanın Avropada və dünyada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirdi. Hazırda tərəfdaşlığımızın enerji sektorunda uğurla həyata keçirildiyini, Avropanın enerji xəritəsini dəyişəcək TAP layihəsinin Azərbaycan üçün də böyük önəm təşkil etdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, əməkdaşlıq əlaqələri gələcəkdə infrastruktur, tikinti, yüksək texnologiyalar və iqtisadiyyatın digər sahələrini də əhatə edəcəkdir.

Görüşdən sonra Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Daha sonra dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında sazişin imzalanması mərasimində iştirak etdi.

Bu saziş “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur.
Sonra İqnatsio Marino Roma şəhərinin rəmzi olan xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.

Mərasim başa çatdıqdan sonra dövlətimizin başçısı və Roma şəhərinin meri arxeoloji qazıntı işlərinin aparılacağı ərazini, həmçinin Roma şəhərinin mənzərəsini seyr etdilər.

Sonda Prezident İlham Əliyev İtaliya jurnalistlərinə müsahibə verdi.

Prezident İlham Əliyev dedi:

- Yenidən gözəl Roma şəhərində olmaqdan çox şadam. Bu gün əlaqələrimizdə çox vacib bir gündür. İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir, müxtəlif sahələri əhatə edir. Biz yaxşı dost və tərəfdaşlarıq. Biz fəxr edirik ki, Azərbaycan sizin tarixi memarlıq irsinizin bərpasında iştirak edir. Sizin tarixiniz, mədəniyyətiniz, memarlığınız bütün bəşəriyyətə məxsusdur. Azərbaycan fəxr edir ki, bu prosesin iştirakçısıdır.

Bu gün biz merlə müzakirələr apardıq və əməkdaşlığımızı davam etdirəcəyik. Bu gün imzalanan Saziş o deməkdir ki, biz yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq. Siyasi, iqtisadi, enerji məsələləri bizim üçün çox vacibdir və ölkələrimizi birləşdirir. Lakin mədəniyyət təkcə siyasətçiləri, ölkələri yox, həm də insanları birləşdirir. Bu gün ölkələrimiz arasında mədəniyyətlərarası münasibətlər, insanlar arasında təmaslar, bir-birimizin tarixinə göstərdiyimiz qarşılıqlı maraq bu tərəfdaşlığı gücləndirir. Ona görə də biz bu gün ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıqdan danışa bilərik, çünki o həyatın bir çox sahələrini əhatə edir.

Bu yerdən sizin şəhərinizə açılan füsunkar mənzərəyə baxmaq çox gözəldir. Çünki mənim əvvəllər Romaya dəfələrlə səfərlərim olub, lakin bu yerdən Romaya baxmamışdım. Ümid edirəm ki, biz birlikdə tezliklə bu ərazilərdə əhəmiyyətli tapıntılar aşkarlayacağıq.

Mer İqnatsio Marino dedi:

- Bizə göstərdiyi bu yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarıq. Bu yardım sayəsində biz Aleksandria küçəsində arxeoloji qazıntı işlərini aparacağıq. Söz veririk ki, cənab Prezidentin İtaliyaya növbəti səfəri zamanı biz gördüyümüz işlərin nəticələrini nümayiş etdirəcəyik.

Onu da deyim ki, ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunuq. Təbii ki, bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında imzalanmış bu mühüm Saziş ölkələrimizin mədəniyyət sahəsində əlaqələrinin inkişafından xəbər verir. Biz buna böyük əhəmiyyət veririk. Əminəm ki, bu sənəd əməkdaşlığımızın gələcəkdə daha da genişlənməsinə töhfəsini verəcəkdir.

--------
00:16

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romada İtaliya Senatının sədri Pietro Qrasso ilə görüşmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Senatının sədri Pietro Qrasso birgə foto çəkdirdilər.

Görüşdə Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu. İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğu vurğulandı, iqtisadi əməkdaşlığımızın şaxələndirilməsinin önəmi qeyd edildi. Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərməsinin əlaqələrimizin inkişafına töhfə verdiyi bildirildi. Ölkələrimiz arasında əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında mühüm rol oynadığı qeyd olundu. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə, İtaliyanın isə Avropa İttifaqına sədrliyi dövründə birgə fəaliyyətin həyata keçirilməsinə əminlik ifadə edildi.

İtaliya Senatının sədri ölkəsinin Azərbaycana Qafqazda sabitliyin təminatçısı kimi yanaşdığını bildirdi.

Prezident İlham Əliyev İtaliya Senatının sədrinə Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verdi.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, o cümlədən dostluq qruplarının rolunun önəmi qeyd olundu, bu sahədə gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulandı.

Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.

----------------
14.07.2014
18:15

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 14-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Dövlətimizin başçısı İtaliya Prezidentinin sarayına gəldi.

Sarayın həyətində Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Corco Napolitanoya, İtaliyanın rəsmi şəxsləri Prezident İlham Əliyevə təqdim edildi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Sonra dövlət başçılarının geniş tərkibdə görüşü oldu.

Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edildi. Ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulandı. Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa İttifaqında sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edildi.

Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

X X X

Görüşdən sonra İtaliya Prezidenti Corco Napolitanonun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə nahar verildi.

---------
12:45

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İtaliya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Romadakı “Altare dell Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət etmişdir.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoydu.

----------------
13.07.2014
22:01

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuşdur.

Bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılmışdır. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olmuşdur.

---------
21:57

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də İtaliya Respublikasına rəsmi səfərə gəlmişdir.

Romanın beynəlxalq hava limanında dövlətimizin başçısını İtaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.


QafqazPRESS.az
banner125x125 banner125x125