Deputat və ekspertlər valideyn-əsgər görüşlərinin dayandırılmasını dəstəkləyir
“Ötən həftə Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə Azərbaycan Ordusunun şəxsi heyətinin mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə valideynlərin əsgərlərlə görüşünə müvəqqəti məhdudiyyət qoyulması barədə göstəriş verib.
Bununla yanaşı bütün hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilməsi, şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin artırılması da tapşırılıb. Bu, əsgərlərimizi ümumbəşəri bəladan qorumaq üçün atılmış addımdır”.
Bunu “Mediapost”a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.
O vurğulayıb ki, dəyərli valideynlər əsgərlərin sağlamlığına xidmət edən bu addımı düzgün qiymətləndirəcək, onu müdafiə edəcəklər: “Onlar övladları ilə təmasların digər formalarından istifadə edəcəklər. Bu, telefonla da mümkündür, onlayn vasitə ilə də. Düşünürəm ki, canlı təmaslara fasilə verməliyik. Bu və buna bənzər addımlar özündə xoş niyyəti ehtiva edir”.
Deputat bildirib ki, bu addım təhlükəsizlik baxımdan önəmlidir: “Bununla yanaşı, digər tədbirlər də görülməlidir ki, əsgər və zabit heyətimiz bu virusdan qoruna bilsinlər. Onların fəaliyyət prinsipi elədir ki, birini digərindən hardasa iki metr məsafədə mühafizə etmək mümkün deyil. Ona görə də həm Müdafiə Nazirliyi, həm digər qoşunlarda əlavə tədbirlər də görüləcək. Bütün bu tədbirlər onların virusa yoluxma ehtimalının qarşısını almaq üçündür. Gigiyenik şərtlərə əməl olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə riayət olunmalıdır. Azərbaycanda bu bəlaya qarşı mübarizə aparmaq və onun qarşısını almaq üçün dövlət səviyyəsində çox ciddi tədbirlər həyata keçirilir. Nazirlər Kabinetində operativ qərargah yaradılıb. Ora güclü mütəxəssislər cəlb olunub. Ayrı-ayrı klinikalar birbaşa bu təhlükənin qarşısını alamq üçün ayrılıb. Bir sözlə, ciddi tədbirlər görülür və həmin tövsiyyələrə birmənalı şəkildə əməl olunmalıdır. Biganəlik bütün mənalarda böyük bəlalara səbəb ola bilər”.
Ehtiyatda olan polkovnik Xətai Baxışov valideynlərin əsgərlərlə görüşünün müvəqqəti dayandırılmasını müsbət qiymətləndirib.
Deputat və ekspertlər valideyn-əsgər görüşlərinin dayandırılmasını dəstəkləyir
O bildirib ki, bu qabaqlayıcı tədbir əsgərlərin təhlükəsizliyini qorumaq məqsədilə görülüb: “Valideynlər gündə neçə insanla görüşür, əsgərlər isə qapalı məkanda qalırlar və virusa yoluxma ehtimalları çox aşağıdır. Ancaq təsəvvür edin, hər həftəsonu, ya bayram günləri valideynlər nə qədər insanla görüşüb övladlarının yanına gəlirlər. Ona görə də virusun yayılma ehtimalının qarşısını almaq məqsədilə bu cür tədbir görülüb”.
Sabiq deputat Fərəc Quliyev isə bildirib ki, əhali koronavirusa görə görülən bütün tədbirlərə anlayışla yanaşmalıdır:
Deputat və ekspertlər valideyn-əsgər görüşlərinin dayandırılmasını dəstəkləyir
“Hesab edirəm ki, bu addım əsgərləri qorumağa xidmət edir. Əsgərlərin kənar təmasları olmadıqlarına görə onların virusa yoluxma ehtimalı çox aşağıdır. Əgər əsgərlərimizin sağlamlığını qorumaq istəyiriksə, bütün tədbirlərə əməl olunmalıdır. Bu tədbirlər təkcə inzibati yollarla tənzimlənməməlidir, hər kəs özü bu məsələlərdə əlindən gələni etməlidir. Ordumuzun bir əsgərini kimsə yoluxdurarsa, görün nələr baş verə bilər? Ona görə də valideynlərin bu məsələdə anlayışla yanaşmalarını xahiş edirəm”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR