Bayrağımız Xankəndiyə necə sancılacaq?..Müharibə isə bitməyib...
Korrupsiya-q.az Axar.az-a istinadən hal-hazırki vəziyyətlə bağlı maraqlı məqaləni təqdim edir:
Tam səmimi deyəcəm: şokdaydım. Şuşa Qələbəsinin təsirindən çıxmamış, bu reallığı təfəkkürümüzdə, şüurumuzda hələ tam oturtmamış döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin gecəyarısı birgə bəyanat imzalaması, rus sülhməramlılarının bölgəyə gətirlməsiylə bağlı qərarın elan olunması... təbii ki, gözlənilməz idi. Azərbaycan qoşunları Xankəndinin 2 kilometrliyindəykən, Tam Qələbəmizin bir addımlığındaykən döyüş əməliyyatlarının ən uğurlu mərhələsində bu qərarın verilməsi bizi qayğılandırmaya, narahat etməyə bilməzdi...
Düşünmək, baş verənləri analiz etmək, doğru nəticə çıxarmaq üçün bir sutkalıq vaxt lazım gəldi. Və... məncə, artıq son proseslərlə bağlı gəldiyim nəticələri bölüşə bilərəm.
Nələr baş verir və reaksiyalarımız baş verənlərə adekvatdırmı?..
Bəzi sosial şəbəkə istifadəçilərinin, ictimai fəalların, politoloqların ciddi narahatlıqları, məyusluqları, narazılıqları ortadadır. Anlaşılandır. Rusiyanın adı keçdiyi bütün dövrlərdə, mərhələlərdə yetərincə məhrumiyyətlər görmüş, itkilər yaşamışıq. Amma artıq dövr, reallıqlar başaqadır. Keçmişlə deyil, bu günün reallıqlarıyla prosesi qiymətləndirmək, pafosla, emosiyalarla deyil, soyuqqanlılıqla nəticə çıxarmaq lazımdır. Nə Azərbaycan 90-cı illərin zəif, köməksiz, məğlub ölkəsidir, nə də zaman o zamandır. Biz güclüyük, regionun lider ölkəsiyik, müttəfiqlərimizin dəstəyini əldə etmişik və qısamüddətli müharibədə dünyanın maraqla izlədiyi qələbələrə nail olmuşuq.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə həqiqətən misilsiz və müqayisəolunmazdır. Azərbaycan Ordusu qalibdir! Ordumuz bu 1 ay 2 həftəlik müddət ərzində cəbhədə qeyri-adi, hətta inanılmaz üstünlüklər əldə etdi. O üstünlükləri 44 gün öncəyədək xəyal belə edə bilməzdik. 5 şəhər, 4 qəsəbə, 286 kənd, 8 yüksəklik... təsəvvür edə bilirsinizmi?
Azərbaycan Ordusu Qarabağın taleyini dəyişdi, status-kvo, təmas xətti, Dağlıq Qarabağ ərazisi anlayışları faktiki olaraq birdəfəlik gündəlikdən çıxarıldı. Artıq bu məsələlər heç bir formada danışıqlar masasında olmayacaq.
Ən başlıcası isə Xankəndinin 2 kilometrliyinədək irəliləməyimiz... Bunu Ermənistanın hərbi və siyasi rəhbərliyi açıq etiraf edir.
Dekabrın 1-dək Kəlbəcər, Laçın və Ağdamın döyüşsüz, qan tökülmədən, şəhid vermədən geri alınması, rəsmən elan olunmayan qələbələrimiz...
Əminəm ki, ordumuzun hələ açıqlanmayan daha çox üstünlükləri, əldə etdiyi ərazilər var və Rusiyanın qəfil müdaxiləsi, atəşkəsin elan olunması üçün, döyüşlərin dayandırılması üçün sözügedən bəyanatın tələm-tələsik imzalanması məhz o nəticələrə görədir. Ermənistanı tam darmadağın olmaqdan xilas etmək üçün başqa variant yox idi. Çünki Azərbaycan mümkün olmayanları etmişdi. Ön cəbhədə də, diplomatik müstəvidə də...
Bu uğurların və qələbənin müəllifi isə şübhəsiz, Prezident İlham Əliyevdir. O, həm dövlət başçısı, həm də Ali Baş Komandan olaraq Qalibdir! Qələbə münasibətilə bütün təbriklərimizin, şükranlığımızın, minnətdarlılğımızın ünvanı məhz odur.
Bu 44 gündə İlham Əliyev ən yeni tariximizin ən şanlı salnaməsini yazdı və bizə sözün əsl mənasında Qürur yaşatdı. Təsəvvür edə bilərdikmi belə bir qısa müddətdə ərazi bütövlüyümüz bərpa olunacaq? Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət də verməyəcəyimizi ağlımızdan keçirə bilərdikmi?! Halbuki 44 gün əvvələ kimi Dağlıq Qarabağda ermənilərə ən yüksək status verməyə hazır idik.
Naxçıvanla Azərbaycan arasında nəqliyyat dəhlizi yaradılacaq – digər çox əhəmiyyətli uğurumuz budur. Naxçıvan MR nəhayət, blokadadan çıxarılacaq. Naxçıvanla quru yolla əlaqə də bizimçün sadəcə, xəyal idi. Artıq reallaşır. Və bizi yalnız Naxçıvanla yox, Türkiyə ilə də birləşdirir. Türk dünyası üçün bunun əhəmiyyətinin, önəminin nə demək olduğunu bilirik!
Bütün Ermənistan hərbçiləri Qarabağdan çıxarılacaq və məcburi köçkünlərimiz evlərinə qayıdacaq. Arzuladığımız kimi, Türkiyə bu proseslərdə sonadək iştirak edəcək, Qarabağda sülhməramlı qüvvələrin fəaliyyətinə nəzarət edəcək...
Bilirsiniz bütün bunlar nə deməkdir, nə qədər əhəmiyyətlidir, Azərbaycan üçün necə böyük üstünlükdür?! O halda biz niyə narahatıq, nədən narahatıq, məyusluqların səbəbi nədir? Düşmən çökdürülür, kapitulyasiyaya imza atmağa məcbur edilir və biz nəticədən narazı qalırıq?
Biz 44 günlük qısa müddət ərzində ermənilərin məğlubedilməz və döyüşkən xalq olmaları ilə bağlı yayılmış süni mifi dağıtdıq. Yalnız işğal altında olan ərazilərimizi azad etmədik, düşmənin döyüş texnikası və canlı qüvvəsini darmadağın, Ermənistan dövlətini iflic etmədik.
Biz erməni qürurunu sarsıtdıq, yerlə-bir etdik, “erməni qalibiyyəti” məfhumunu darmadağın etdik, dişi qana batmış quduzların dişini qırdıq, Xocalı qatillərini Yer üzündən sildik, erməni kimliyini rusların ayaqları altındaca tapdadıq...
Baxın erməni mediasına, oxuyun onların açıqlamalarını, yazdıqlarını, dinləyin çıxışlarını: iddialı erməni kimliyi darmadağındır. O qədər ki, bu mənliyi qorumaq üçün elan etdikləri mitinqə belə gələnlər kütləvi deyil.
Tam bir düşkünlük, tam bir milli depressiya!
Hələ Şuşa hərblə azad olunanda demişdik ki, artıq Milli Qürurumuz qayıtdı, daha bundan sonra ərazilərimizin hərblə, ya sülhlə azad olunmasının heç bir fərqi yoxdur.
Şuşa zirvəsinə qalxan bayrağın Şuşanın ayaqları altında qalan Xankəndiyə necə sancılması heç bir əhəmiyyət kəsb etmir!
Amma qəti elə düşünməyin ki, Xankəndiyə bayrağımız çox rahatlıqla sancılır. Bayrağımız ora da savaşla, müharibə ilə gedir – bu dəfə diplomatiya müharibəsi ilə!
Əslində, diplomatiya müharibənin daha çətin formasıdır. Ordumuzun qan tökərək alacaqlarını Ali Baş Komandan qan tökülmədən alır və aldı!
Şəhidlərimizin sayının artmasına, anaların ağlar qalmasına imkan vermədi. Bunun özü qazanc deyilmi?!
İndiki situasiyada qətiyyən ruhdan düşmək, ümidsizlik olmaz. Əksinə, 44 günlük müharibə müddətində olduğundan qat-qat artıq sevinməli, şadyanalıq etməli, bir-brimizə sarılmalı, həmrəy olmalı, milli birlik nümayiş etdirməli, dövlətimizin, Ordumuzun və Ali Baş Komandanımzın ətrafında sıx birləşməliyik. Eyforiya və maksimalizm zamanı deyil. Ermənilərin maksimalistliyinin onlara necə baha başa gəldiyini yaddan çıxarmayaq.
Azərbaycan ordusu ona görə 44 gündə keçilməzləri keçə bildi ki;
Azərbaycan əsgəri ona görə sal qayalara kürəyində yaralı əsgərlə çıxa bildi ki;
Azərbaycan oğulları ona görə şəhidlərini çiyninə alıb Şuşaya qalxa bildi ki;
Azərbaycan Ali baş Komandanı dünyanın supergücləri qarşısında ona görə sonsuz iradə nümayiş etdirə bildi ki...
10 milyonluq xalqın gecəsi də, gündüzü də Ordusuna, Dövlətinə, Ali Baş Komandanına dualarla keçirdi, öz Sərkərdəsi uğrunda ölümə hazır idi.
İndi də O Ruhla davam edəcəyik; İndi də O Ruhla canımızı Sərkərdəmizdən əsirgəməyəcəyik ki, Ali Baş Komandanımız meydanda necə mümkünsüzü mümkün etdisə, Prezidentimiz də diplomatiya cəbhəsində onu etsin!
Təbii ki, detallar hər birimizi qayğılandırır. Sülhməramlıların Qarabağda rolu, missiyası nədən ibarət olacaq, Azərbaycan Qarabağın ermənilər yaşayan bölgələrinə nə dərəcədə nəzarət edə biləcək, o ərazilərdə Azərbaycan qanunları işləyəcəkmi, ermənilər Azərbaycan vətəndaşlığı alacaqmı, bizimlə bərabər hüquqlar çərçivəsində yaşayacaqlarmı?
Suallar çoxdur.
Amma Sualları Nida edən də var!
Ona görə gəlin, sadəcə, qürurlanaq...
Fəxr edək...
Özümüzlə, xalqımızla, ordumuzla, Ali Baş Komandanımızla...
Çünki həqiqətən tariximizin ən ən şərəfli dönəmini yaşayırıq və sevinməyə, fərəhlənməyə haqq edirik...
Müharibə isə bitməyib...
Formasını dəyişib...
Gücümüzə güc qataq.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR