“İrəli” təşkilatı Gənclər günündə məşhurları bir yerə topladı - FOTO
“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş “Məndən Başlanır Vətən!” adlı onlayn tədbir baş tutub.
Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan görüşdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad olunub.
300-ə yaxın gəncin qatıldığı onlayn tədbirdə ilk olaraq “İrəli” İctimai Birliyinin Baş katibi Fatimə Məsimli qurumun fəaliyyəti və Gənclər Gününə həsr olunmuş “Məndən Başlanır Vətən” adlı layihəyə dair məlumat verib. O qeyd edib ki, fəaliyyətində milli maraqlara söykənən təşkilat gənclərdə vətənpərvərlik ruhunun, dövlətçilik prinsipinin aşılanmasına və onların ictimai həyatda aktivliyinin artırılmasına xüsusi diqqət yetirir.
Baş katibin çıxışından sonra “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı tədbir iştirakçılarını müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qalibiyyət və 2 fevral Gənclər Günü münasibətilə təbrik edib, tədbirin gedişinə uğurlar arzulayıb.
Tədbirdə iştirak edən spikerlərdən Orxan Fikrətoğlu çıxışında bildirib ki, özünün bütün potensialı ilə təmənnasız olaraq xalqa xidmət göstərmək əsl vətənpərvərlik nümunəsidir. “CNN Türk” kanalının müxbiri, şanlı Vətən müharibəsi zamanı Azərbaycan ictimaiyyətinin rəğbətini qazanan jurnalist Fulya Öztürk çıxışında vurğulayıb ki, Azərbaycan gəncləri çox cəsur gənclərdir və onlara tək bir tövsiyəm var: hər zaman idealist olun və öz vətəninizə bağlı olub ölkənizi layiqincə təmsil edin!
Fulya Öztürkün çıxışından sonra, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Abdulla Qurbani “Vətənpərvər Azərbaycan Gəncliyi” mövzusunda çıxış edib və gəncləri 2 fevral Gənclər Günü münasibətilə təbrik edib. Spiker Şəmil Sadiq isə çıxışında vurğulayıb ki, Azərbaycanın gələcəyi indiki gəncliyin çiyinlərində qurulacaqdır.
Tədbirin ikinci hissəsində Malik Bağırovun moderatorluğu ilə ölkəni yerli və beynəlxalq arenada müxtəlif sahələrdə uğurla təmsil etmiş gənclər Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması, informasiya müharibəsi və müxtəlif sahələrdə ölkənin uğurla təmsil olunması haqqında müzakirələr aparıb. Ölkə hüdudlarından kənarda yaşayan Prezident mükafatçısı Günay Kazımzadə xaricdə təmsilçilik mövzusunda öz təcrübəsini bölüşərək bildirib ki, hər birimiz həyatımızı düzgün dəyərlər üzərində qurmalıyıq və ölkəmizin maraqlarının qorunması üçün istər yerli, istərsə də beynəlxalq arenada əlimizdən gələnin ən yaxşısını etməliyik. “Amerikansayağı Bakı” səhifəsinin yaradıcısı Sadiq Fərzəlibəy çıxışında vurğulayıb ki, inkişafda maraqlı olan gəncləri bir araya toplayaraq, onları vətənpərvərliyə kökləməkdə “İrəli” İctimai Birliyinin rolu böyükdür və bu proses davam etdirilməlidir.
Sonda isə “İrəli” Media Mərkəzinin rəhbəri Məleykə Tağızadə 44 günlük Vətən müharibəsində göstərdikləri şücaət və birliyə görə gənclərə təşəkkür edərək, Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
“İrəli” İctimai Birliyi eyni zamanda 3 fevral tarixində İçərişəhərdə Gənclər Gününə həsr olunmuş “Action Bound – Axtar Tap!” intellektual yarışını da təşkil edəcək.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR